Qocaman yazıçı-publisist, Əməkdar jurnalist, “Şöhrət” ordenli ədib Əli İldırımoğlunun anadan olmasının 90 illiyini ölkənin ədəbi ictimaiyyəti böyük qədirbilənliklə qeyd edir, məhsuldar və ibrətli bir ömür yolu keçərək, ömrünün müdriklik çağını yaşayan həmkarımızın jurnalistikamıza və ədəbiyyatımıza töhfələri layiqincə dəyərləndirilir.
Yubiley tədbirləri çərçivəsində “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin ustad qələm sahibinin bir qrup pərəstişkarı ilə təşkil etdiyi görüş də zəngin bir ədəbi-publisistik fəaliyyətin hesabatı, görkəmli yazarın əsərlərinin 12 cildliyinin təqdimatı ilə əlamətdar oldu. Məclisə toplaşmış ədəbi-bədii mühitlə sıx təmasda olan rəsmilər, nüfuzlu yazarlar, alimlər, həssas oxucular və fədakar kitabşünaslar Əli İldırımoğlunun onilliklər boyu davam edən sənədli-bədii yaradıcılığından sevgi ilə söhbət açdılar, 90 yaşın tamamında gümrahlığını saxlayan və yaradıcılıq marafonunu uğurla davam etdirən qocaman ədibi səmimi təbrik etdilər, ona 100 yaşın zirvəsini fəth etməyi arzuladılar.
Mərkəzin foyesində iştirakçılara təqdim olunan fotoekspozisiyaların və sərgilənən kitabların məclis iştirakçılarında Əli İldırımoğlunun xalqa xidmətdə keçən, dəyərli izlər qoyan ömür yolu və sözün ucalığına yönəlik çoxillik yaradıcılığı barədə yaratdığı yığcam təəssüratı konfrans salonunda nümayiş etdirilən videofilm xeyli əyaniləşdirdi. Bu görüntü və anlatmalar yubiliyarı təbrikə gəlmiş say-seçmə ziyalıların duyğu-düşüncələrinə yaradıcılığında iki epoxanı qovuşduran nadir bir salnaməçi barədə aydınlıq və coşqu gətirdi.
Məclisi giriş sözü ilə açan “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin rəhbəri Mirisrəfil Sabir bildirdi ki, cəmiyyətin elmi-mədəni səviyyəsinin yüksəldilməsində kitabın rolunu artırmaq üçün Əli İldırımoğlu kimi peşəklar qələm sahiblərinin yaradıcılığı kifayət qədər tanıdılmalı, tirajlanan sözün qədir- qiyməti özünə qaytarılmalıdır. Əli müəllim jurnalist kimi, həmişə qurucu-saflaşdırıcı sözə xidmət etdiyindən, yazıçı kimi isə ibrətli həyat gör-götürünü yeni nəsillərin mənəvi-əxlaqi zənginləşməsinə yönəltdiyindən onun dəyərli əsərləri mərkəzimizin məramı ilə ortaqlıq yaradır. Biz oxucuları müdrik yazarın zəngin yaradıcılığı ilə davamlı və faydalı ünsiyyətə çağırırıq.
Yubiley mərasiminin aparıcısı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Əli İldırımoğlunun həmişə oxucu marağının hədəfində olan yaradıcılığının yönlərini və özəlliyini incələyərək bildirdi ki, oxucu qarşısında söz demək məsuliyyətini daim yüksək ləyaqətlə doğruldan yazıçı-publisist nə yazırsa-yazsın, bir sözü-cümləni belə məqsədsiz-məramsız işlətməyib, həmişə ictimai maraqları və uca dəyərləri əsas götürüb. Qədim Zəngəzurun Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində dünyaya göz açan Əli İldırımoğlunun yaradıcılığının dəyişməyən baş mövzusu da halallıq və bolluq daşıyıcıları olan zəhmətkeş adamlar, milli-mənəvi dəyərləri qoruyub-yaşadan xalq həyatıdır. Elə buna görə də rəncbər obrazı onun sənədli-bədii təqdimatında həyatın sütunlarından biri, saflığın, mərdliyin, əbədiyaşarlığın timsalıdır.
Əməkdar jurnalistin ölkədə ictimai rəyin yönləndiricisi olan”Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində uzun illər boyu dərc olunmuş müxtəlif mövzulu və janrlı saysız-hesabsız yazıları həmin dövrün zəngin sənədli xronikasını təşkil edir. Taleyini həmişəlik sözə xidmətə həsr etmiş yazarın ömrünün son 30 ili isə bir-birinin ardınca ərsəyə gətirdiyi epoxal bədii nümunələrə hopmuşdur. 90 yaşın yaradıcılıq hesabatında müxtəlif illərdə işıq üzü görmüş “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” topluları, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Zorən jurnalist”, “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanları seçilən yer tutur.
Professor Nizaməddin Şəmsizadə təqdimatının sonunda dedi ki, mərkəzi mətbuatda 40 ildən çox jurnalist fəaliyyətinin davamında ötən əsrin 80-ci illərindən bədii əsərlər yazmağa başlayan Əli İldırımoğlu Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan yazıçı kimi də tanınmağı da bacardı. Əksəriyyəti bioqrafik xarakter daşıyan romanlarında Azərbaycan həyatının elə detalları, milli mənəviyyatın elə məqamları əksini tapıb ki, onu müşahidə etmək və bədiiləşdirmək yalnız Əli müəllimə nəsib olub. Həssas söz adamı kimi o, xalqın ruhunda əsrlərdən bəri toplanmış mənəvi enerjini görüb və bu qaynağın gözünü məharətlə açıb. Postmodernizmin baş alıb getdiyi ədəbi mühitimizdə Əli İldırımoğlunun milli-etnoqrafik və mənəvi-əxlaqi səciyyəli əsərlərinə ehtiyac getdikcə artır.
Görüşdə Milli Məclisin deputatları – Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, yazıçı-publisist Aqil Abbas, parlamentin komitə sədri Arif Rəhimzadə Əli İldırımoğlunun milli jurnalistikamızın inkişafındakı xidmətlərindən söz açdılar, onun peşəkar qəzetçilik təcrübəsinin çağdaş media işçiləri üçün canlı örnək olduğunu söylədilər.
Xalq şairi Sabir Rüstəmxanlı və yazıçı-dramaturq Hüseynbala Mirələmov və yazıçı-jurnalist Fazil Güney isə daha çox Əli İldırımoğlunun bədii yaracılığı üzərində dayandılar, onun romanlarında, el-obalarımızı qarış-qarış dolaşaraq müdriklik xəzinəsinə yiyələnmiş yetkin bir yazarın nağıllaşmış gerçək dünyasının, erməni vandallarının viran qoyduqları Qarabağın yaxın dünəninin bədii mənzərəsinin geniş yer tutduğunu qeyd etdilər.
Akademiklər Misir Mərdanov və Rafiq Əliyev, professor Qəzənfər Paşayev yubiliyarın həyat və yaradıcılığının əsl ziyalılıq timsalı olduğunu, həmişə ədəb-ərkanla süsləndiyini və buna görə də ona ciddi nüfuz qazandırdığını vurğuladılar.
Şairlər Ramiz Rövşən və Rüstəm Behrudi Əli İldırım-oğlunun yaradıcılığının və şəxsiyyətinin mükəmməl bir tamlıq yaratdığını, dürüstlüyü, çalışqanlığı, mərdliyi və sədaqəti təcəssüm etdirdiyini bildirdilər, poeziya xiridarı olan yubiliyarın zövqü və məramı ilə səsləşən şeirlərini səsləndirməklə məclisə məxsusi bir ovqat gətirdilər.
Çıxış edənlərin hamısı yaradıcılığı və yaşam nümunəsi ilə hər bir adamda işıqlı duyğu-düşüncələr doğuran, yüksək əqidəli və ciddi insan olan Əli İldırımoğlunun onların da qəlbində məxsusi yeri olduğunu dedilər, ustad yazıçı-publisistimizə möhkəm cansağlığı, davamlı yaradıcılıq sevinci arzuladılar.
Sonda Əli İldırımoğlu şərəflə yaşanılmış, bir anı da boş keçməmiş ömür yolunun, yazıb-yaratdıqlarının səmimi bir maraqla qarşılanmasının onda doğurduğu məmnunluğu ifadə etdi. Qocaman yazar xoş sözlərə görə razılığını söylədi, bütün uğurlarının qaynağı olan xalqımıza daha xoş günlər arzuladı.
Çay süfrəsi arxasında davam edən görüşdə yubiliyar maraq doğuran sualları cavablandırdı, mənalı ömür, sözün qüdrəti, əbədiyaşarlıq barədə mülahizələrini açıqladı. Görüş nəsillərarası münasibərlərin arzuolunan bir nümunsəsi kimi hamıda xoş duyğular yaratdı, yaddaşlarda silinməz izlər qoydu.
Tahir AYDINOĞLU,
Əməkdar jurnalist,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.