Ömrün sənət işığı

...İlk sənət addımlarını Azərbaycan televiziyasında atır. Rejissor, operator, ssenarist kimi çalışır. Çoxcəhətli yaradıcılığı ilə sənət öncülləri sırasında özünəməxsus yer tutur. Milli televiziyamızda cizgi filminin banilərindən biri kimi tanınır. Böyük ekranda quruluşçu operator kimi sənətkar imzası təkcə keçmiş sovet məkanında deyil, xaricdə də kinematoqrafçıların diqqətini  çəkir. O, həmişə  ekranda rejissor kimi yeni sənətkar sözü demək eşqilə illərlə səy göstərir.  İlk   debütü  isə yalnız 41 yaşında baş tutur...

Kinorejissor  Rasim İsmayılov 68 illik ömrünün 46 ilini milli kinomuzun inkişafına həsr edib. O, 1936-cı il iyulun 13-də Bakıda anadan olub. Kinoya  sevgisi 1958-ci ildə onu  “Bakı kinostudiyası”na gətirir. Operator asisstenti  işləyir. Çox sevdiyi
kinooperator sənətinin sirlərinə dərindən yiyələnmək üçün sənədlərini  keçmiş Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verir. 1958-1962-ci illərdə görkəmli  operator Boris Volçekin kursunda təhsil alır.

Quruluşçu operator kimi 20 bədii, 10 sənədli film çəkir. Rejissor kimi 7 bədii filmə quruluş verir. "Mozalan" satirik kinojurnalı ilə rejissor və ssenarist kimi əməkdaşlıq edir.  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir.  1976-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, 1978-ci ildə Dövlət mükafatına layiq görülür. Rasim İsmayılov 2004-cü il mart ayının 3-də vəfat edib.  “Uçan çinarlar” kitabı ölümündən sonra nəşr olunub...

Rasim İsmayılov quruluşçu operator kimi 1964-cü ildə  "Dağ meşəsindən keçərkən" qısametrajlı bədii filmilə imzasını tanıdır.  Qazandığı sənət uğurların da kinematoqrafiya institutunda aldığı mükəmməl təhsilin təsiri böyük idi.

Müxtəlif   illərdə  lentə aldığı  “Yeddi oğul istərəm", "Axırıncı  aşırım", "Gün keçdi",  "Dədə  Qorqud" kimi ekran əsərləri peşəkar kinooperator kimi ona şöhrət gətirir, təkrarsız  dəst-xəttini aydın göstərir.  Rasim İsmayılov bu filmlərlə müasir və tarixi mövzularda yüksək sənətkarlıqla işləyə bilmək məharətini də  nümayiş etdirir.  Ekran yaradıcılığına quruluşçu  operator  kimi  yeni-yeni sənət uğurları   yazır.

  Unudulmaz sənətkar  çəkilişlərdə həmişə bədii kompozisiyaya, işıq effektlərinə xüsusi önəm verir. Filmdən-filmə  sənətkar  üslubunu təkmilləşdirir, sənət palitrasına  yeni rənglər əlavə edir. Milli kinomuzda Əlisəttar Atakişiyevin,  Arif  Nərimanbəyovun, Teyyub Axundovun əsasını qoyduğu milli operator məktəbinin ənənələrini  yaradıcılıqla  davam etdirir.

Rasim İsmayılovun sənət  axtarışları fərqli təsvir həlləri maraq doğurur. Onun istər natura, istərsə də pavilyon çəkilişləri sənətkarlıq baxımından  çox yüksəkdir. Təsvirləri  sadəcə illüstrativ xarakter daşımır, bədii fikir və məna yükü ilə filmin rejissor şərhi ilə səsləşir. Bitkin kompozisiya, rakurs, işıq effektlərindən məharətlə istifadə etmək bacarığı sənətkar palitrasının parlaq  ifadə vasitələridir. Quruluşçu  operator kimi Rasim İsmayılovun  ağ-qara və rəngli təsvirləri   ekran  sənətkarlığının bariz nümunələrindəndir.

Rasim İsmayılovun  quruluşçu operator məharəti kinorejissor, Xalq artisti Eldar Quliyevin nəzərindən yayınmır. Tezliklə o, Rasim İsmayılovu çəkilişlərinə hazırlaşdığı “Sevinc buxtası” filminə dəvət edir.  “Sevinc buxtası”nın  uğurunda Rasim İsmayılovun da özünəməxsus sənətkar əməyi olur. 1978-ci ildə kinorejissor Eldar Quliyev, ssenari müəllifi Georgi Mdivani, quruluşçu rəssam Rafis İsmayılov, aktyor  Əlabbas Qədirovla bərabər Rasim İsmayılov  respublika Dövlət mükafatına layiq görülür. 

1979-cu ildə Rasim İsmayılov kinorejissor Eldar Quliyevdən "Babək" filminə dəvət alır. Çəkilişləri uğurla  başa çatan "Babək" keçmiş SSRİ  Dövlət Kinematoqrafiyasında birinci  kateqoriyaya layiq görülür. Filmə bir il ərzində 35 milyon tamaşaçı baxır. 60-a yaxın ölkənin ekranlarında "Babək" müvəffəqiyyətlə  göstərilir. 

Yaradıcılığı boyu  Rasim İsmayılovu rejissor sənəti daha çox cəlb edir.  28 yaşlı Rasim  rejissor, operator  və ssenarist kimi "Şəhərin ritmləri" qısametrajlı sənədli televiziya filmilə ilk debütün uğurunu yaşayır. 1965-ci ildə "Şəhərin ritmləri"  o vaxtkı Zaqafqaziya və Ukrayna respublikalarının kinofestivalında müəllif-operator işinə görə diplom alır. 1969-cu ildə isə ssenari müəllifi və rejissoru olduğu “Qırmızılar, qaralar və başqaları” cizgi filmi Kiyevdə  “Prometey - 69” kinofestivalında ən yaxşı rejissor işinə görə diplom alır.

Bədii kinoda ilk rejissor  debütü   isə yalnız 1977-ci ildə   quruluş verdiyi “Şir evdən getdi” filmilə baş tutur. Rasim İsmayılovun rejissor və operator kimi quruluş verdiyi "Şir evdən getdi" filmi dövrünün yaddaqalan sənət hadisələrindən biri olur.  Uşaqlar üçün nəzərdə tutulan bu ekran əsərinə  böyüklər  də  həvəslə baxır. Maraqlıdır ki, filmdə  canlı olaraq Kinq II adlı şir və Rada adlı fil də çəkilib. 

Rasim İsmayılovun   “Asif, Vasif, Ağasif”, “Anın quruluşu”, “İşgüzar səfər”, “Sizi dünyalar qədər sevirdim”, “Alman klinikasına şəxsi səfər”, “Tələ” kimi  ekran əsərləri onun rejissor ömrünün  sənət işığıdır.  Vətən sevgisi, mənəvi-əxlaqi problemlər, cəsarətli mövzular  rejissor poetikasına olduqca doğmadır. Canlı insan xarakterləri, realizm, rəngarəng ifadə vasitələri obrazlı ekran dilini aydın səciyyələndirir. Kino estetikasının incəliklərinə dərindən bələd olması rejissora  şöhrət qazandırır. Beləliklə,  Rasim  İsmayılov  peşəkar rejissor kimi də milli kinomuzun tarixində öz  layiqli yerini tutur. Ssenariyə  yaradıcı münasibət, ekrandakı təsvirlərin həyatiliyi,  istər böyüklərlə, istərsə də  uşaqlarla  işləyə bilmək bacarığı rejissurasının mühüm xüsusiyyətlərindəndir.

1982-ci ildə Rasim İsmayılov yenidən uşaq filminə müraciət edir. "Asif, Vasif, Ağasif" filmilə bu çətin janrda yeni uğur qazanır. Filmin ssenarisini Rasim İsmayılov ömür-gün yoldaşı, respublikanın Əməkdar  jurnalisti  Nadejda İsmayılova ilə birgə yazır. Dinamik süjet xətti, bitkin kompozisiya, fərqli xarakter və obrazlar filmin bədii məziyyətlərindəndir. “Asif, Vasif, Ağasif”də  uşaq  dünyasının ruhu, əsrarəngizliyi, incəliyi Rasim İsmayılovun quruluşunda  parlaq ekran təcəssümünü tapır.

1985-ci ildə Rasim İsmayılov kinodramaturq Ramiz Fətəliyevin ssenarisi əsasında "Sizi dünyalar qədər sevirdim" filminə quruluş verir. Film   iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru  Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edir. Filmdə kinorejissor haqlı olaraq   tarixi faktlara əsaslanır. O,  Həzi Aslanovun    canlı tarixi surətini ön plana çəkir. Gərgin rejissor əməyi ifadəli aktyor oyununda,  kütləvi döyüş səhnələrində aydın görünür. 

“Sizi dünyalar qədər sevirdim” filmində də Rasim İsmayılov aktyor seçiminə yüksək məsuliyyətlə yanaşır. Uzun axtarışlardan sonra  o, Həzi Aslanov obrazını  Milli Dram Teatrının aktyoru Ramiz Novruzova həvalə edir. Rasim İsmayılovun bu seçimi həmkarları üçün gözlənilməz olur. Ramiz Novruzovun ekran təcrübəsizliyini əsas gətirərək onu seçimindən yayındırmağa çalışırlar. Lakin kinorejissor qənaətində qalaraq Ramiz Novruzovu sənətkar cəsarətilə Həzi Aslanov  roluna çəkir. Bu filmə qədər əsasən teatr aktyoru kimi tanınan Ramiz Novruzov Rasim İsmayılovun sənətkar etimadını doğruldaraq  Həzi Aslanovun tarixi obrazını uğurla yaratmağa müvəffəq olur.

1990-cı ildə Rasim İsmayılov ömür-gün yoldaşı Nadejda İsmayılovanın ssenarisi əsasında "Tələ" filmini çəkir. Qarabağ hadisələrinin ilk illərində lentə alınan bu  filmə Rasim İsmayılov cəsarətli vətəndaş-müəllif mövqeyilə yanaşır. 90-cı illərdə məlum hadisələrə hakim dairələrin laqeyd, biganə  münasibəti  dolğun ümumiləşdirmələrlə  ekranda  öz əksini tapır.

Rasim İsmayılovun yaradıcılığı milli kinomuzun inkişaf tarixində mühüm yer tutur. Unudulmaz kinorejissorun quruluş verdiyi ekran əsərləri bu gün  də tamaşaçı sevgisi qazanır, bədii təsir qüvvəsini saxlayır. Əbədi olan bu sevgi isə Rasim İsmayılovun filmlərindəki rejissor sənətkarlığından, güclü  müasirlik ruhundan qaynaqlanır...

Hatəm Əsgərov,
rejissor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında