“Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı keçirilib

"Naxçıvan" Universitetində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransın öz işinə başlaması münasibətilə təşkilatçılara təşəkkür etmiş, qonaqları salamlayaraq demişdir: “Naxçıvan ən qədim dövrdən başlayaraq türk mədəniyyətini günümüzə qədər gətirib çıxarmışdır. Neolit, Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nadir inciləri, beş min il bundan əvvəl yaradılan ilkin şəhər mədəniyyəti, insan düşüncəsinin ilk yazılı ifadəsi olan Gəmiqaya abidələri, milli varlığımızın ifadəsinə çevrilən   “Kitabi-Dədə Qorqud” dastanı Naxçıvanda islam dini qəbul olunana qədərki mədəniyyətin nümunələridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də deyirdi: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Ali Məclisin sədri daha sonra demişdir: “Zaman keçdikcə Naxçıvanın zəngin tarixi-mədəni irsi onun türk-islam mədəniyyətinin mərkəzi kimi əhəmiyyətini daha da artırır. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən keçirilən “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı Naxçıvan Muxtar Respublikası ərazisindəki türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi və təbliğində yeni mərhələnin əsasını qoyacaqdır.”

Ali Məclisin sədri Naxçıvanın türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi ilə bağlı keçirilən beynəlxalq konfransı Azərbaycan və islam tarixşünaslığına mühüm töhfə kimi dəyərləndirmiş, konfransa öz işində uğurlar arzulamışdır.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı "Naxçıvanın türk-islam maddi-mədəniyyətinin təşəkkülünə dair: yeniliklər və ənənələr",  Ərzurum Universitetinin sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaş “Naxçıvan məzar abidələrinin türk sənətində yeri”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Abidələrin Bərpası Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Cəfər Qiyasi "Еldənizlərin paytaxtı Naxçıvan və Atabəylər Komplеksi" mövzusunda çıxış etmişlər.

Plenar iclasda Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı "Naxçıvan və Marağa Memarlıq məktəbinin abidələri", Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Naxçıvanın türk-islam abidələri tarixi qaynaqlarda" mövzularında çıxış etmişlər. Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” televiziya filminə baxış olmuşdur.

Beynəlxalq konfransın plenar iclası “nakhchivan.az” internet saytında canlı yayımlanmışdır.

Beynəlxalq konfrans öz işini bölmə iclaslarında davam  etdirmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında