İkinci dəfə paytaxtımızda keçirilən “Formula-1” yarışları ölkəmizə turistlərin gəlişinə də öz müsbət təsirini göstərdi. Ötən illə müqayisədə əcnəbilər yarışları Bakıda izləmək üçün iki dəfədən çox bilet almışdılar. Onların arasında Rusiya vətəndaşları çoxluq təşkil etmiş, eyni zamanda, Türkiyə, Gürcüstan, Avropanın aparıcı ölkələrindən, habelə Hindistan, BƏƏ və ABŞ-dan turistlər tədbirə qoşulmuşlar.
Ümumiyyətlə, son bir ildə Azərbaycana daha çox turist gəlmişdir. Bu da təsadüfi deyil. Ölkəmizdə yaradılan turizm infrastrukturu, dövlətimizin bu sahəyə qayğısı nəticəsində görülən əsaslı tədbirlər buna münbit şərait yaratmışdır. Son bir ildə Azərbaycana xüsusən ərəb ölkələrindən on minlərlə turist gəlir. Turistlərin ölkəyə cəlb olunmasında dövlət tərəfindən görülən müvafiq tədbirlərin, o cümlədən viza sisteminin sadələşdirilməsinin müəyyən təsiri ilə yanaşı, bu yaxınlarda uğurla keçirdiyimiz “Formula-1” Azərbaycan Qran-prisinin də böyük rolu olub. Çünki bu yarışların ərəb ölkələrində böyük azarkeş kütləsi var. Təbii ki, ölkəyə çox sayda turistin gəlməsi tək turizmin deyil, digər sahələrin inkişafına da təkan verir. Bu baxımdan son illərdə Azərbaycanda başda turizm sektoru olmaqla, iqtisadiyyatın turizmlə bağlı müxtəlif sahələrində canlanma yaranıb. “Formula-1” azarkeşləri arasında böyük beynəlxalq şirkətlərin nümayəndələri də var. Onlar yarışı izləməyə gəldikləri ölkənin biznes imkanları ilə yaxından tanış olurlar ki, bu da ölkədə xarici investisiya qoyuluşuna öz töhfəsini verir.
“Formula-1” yarışlarına böyük maraq göstərən Prezident İlham Əliyev də yarışlar öncəsi çıxışlarında bu beynəlxalq idman tədbirinin ölkəmizə gətirəcəyi faydalara toxunub. Dövlət başçısının sözlərinə görə, 20 inkişaf etmiş şəhərdə keçirilən “Formula-1” üçün Bakı 21-ci ünvan oldu: “...İnanırıq ki, bu yarış Azərbaycanın turizm potensialının inkişafında xüsusi rol oynayacaq və ölkəmiz turizm mərkəzinə çevriləcəkdir. Müşahidələr göstərir ki, Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artır”.
Prezidentimizin bu fikirləri özünü həqiqətən, doğrultdu.Ölkəmiz böyük rəğbət qazandı. Tədbirdə iştirak edən turistlər yenidən Bakıya, bu gözəl şəhərə dönmək arzularını bildirirdilər.
Məsələn, hollandiyalı Yan Valisard Bakıda “Formula-1” yarışları ilə əlaqədar ikinci dəfə olurdu. O deyir ki, növbəti dəfə belə bir gözəl ölkədə olmaqdan məmnunam. Çünki keçən dəfə görməli yerləri tam gəzə bilməmişdim. İndi isə yenidən Azərbaycanı kəşf etmək imkanım yaranıb. Yarışlara gəldikdə isə, ötən il olduğu kimi, bu il də yarışlar çox yüksək səviyyədə baş tutdu. Azərbaycan artıq bir idman ölkəsi kimi böyük təcrübəyə malikdir. Hər bir komanda heyətinin, eləcə də qonaqların təhlükəsizliyi, rahatlığı və əyləncəsi nəzərə alınmışdı.
Belə fikirləri, demək olar ki, əksər turistlər söyləyirdilər. Bu sevindirici faktdır. Onlar öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycanın və onun gözəl paytaxtının əsl təbliğatçısına çevrilirlər.
Turistlərdən biri deyirdi ki, mən dostlarıma, qohumlarıma da deyəcəyəm ki, Bakıya gəlsinlər. Burada insanlar dostcanlıdır, bu xalqın çox yaxşı adət-ənənələri var.
Hollandiyadan olan digər turist Lambert Timmers də deyirdi ki, “Formula-1” yarışını belə bir unikal şəhərdə izləmək olduqca maraqlıdır. İlk dəfədir ki, Azərbaycandayam. İnsanlar hər bir məsələdə bizə yardımçı olmağa çalışırdılar. Oyunları izlədikdən sonra şəhərlə tanışlıq imkanımız oldu. Dünyanın bir neçə şəhərində olmuşam, amma Bakı, həqiqətən də, özəl bir məkandır. Buranın gözəl bir sehri var. Xəzər dənizi isə şəhərə əlavə orijinallıq bəxş edir. Gələcəkdə Bakıya yenə gəlmək istərdim.
Hindistanlı Seles Stip Bakıya ailəsi ilə birlikdə gəlmişdi. O, müsahibəsində bildirmişdi ki, həm maraqlı yarış izlədiyimiz, həm də heyrətamiz şəhərdə olduğumuz üçün çox sevincliyik. Bakı, həqiqətən də, maraqlı şəhərdir. Daha öncə “Formula-1”in keçirildiyi bir neçə ölkədə olmuşam. Amma məndə Bakı haqqında xüsusi xoş təəssüratlar yarandı. Yarış çərçivəsində təşkil olunan əyləncə proqramlarını, konsertləri sevə-sevə izlədik. Ailə üzvlərim bu səfərdən məmnundurlar. Bakıda başqa yerlərdə olduğu kimi yemək problemi yaşamadıq. Milli mətbəxinizin nümunələri bizim ağız dadımıza tam uyğundur. Hər şey çox yüksək səviyyədə idi, burada özümüzü rahat hiss etdik.
Beləliklə, heç də təsadüfi deyil ki, bu il Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə iki dəfə artıb. Bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin şöbə müdiri Nigar Arpadarai deyib. Onun sözlərinə görə, “Formula-1” yarışlarının keçirildiyi 4 gün ərzində Bakı Şəhər Halqası zonasına gələn insanların sayı 71 min nəfər təşkil edib. Bu isə keçən illə müqayisədə böyük artım deməkdir: “Yarışları canlı izləmək üçün 65 ölkədən bilet alınmışdı. Xarici turistlərə satılan biletlər ötən illə müqayisədə iki dəfə, yəni, 100 faiz artmışdır. Digər tərəfdən, tribunalara baxsaq, 6 tribunamıza olan biletlər tam olaraq alınmışdı, qalan tribunalarımızın biletləri isə 95-96 faiz satılmışdı. Ümumilikdə nəticələrdən çox razıyıq”.
Artıq əminliklə deyə bilərik ki, “Formula-1”lə yanaşı, paytaxt Bakının gözəlliyi, insanların sülhsevərliyi və isti münasibəti turistlərdə ölkəmizə qarşı böyük rəğbət yaradıb.
İnanırıq ki, belə tədbirlər Azərbaycanı turizm ölkəsi kimi daha yaxşı tanıdacaq, ölkəmizə gələn turistlərin sayı ilbəil artacaq.
Hazırladı: M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.