Azərbaycanda multikultural həyat tərzi qədim tarixə və zəngin ənənələrə malikdir

Ən qədim zamanlardan Azərbaycanda müxtəlif xalqların nümayəndələri mehribanlıq şəraitində birgə yaşayıb, burada dərin dostluq və qardaşlıq mühiti formalaşıb. Hazırkı dövrdə dünyada yaşanan proseslər onu göstərir ki, hər bir cəmiyyətdə, dövlətdə sabitliyin əsas dayaqlarından biri də multikultural və tolerant dəyərlərin qorunması və inkişaf etdirilməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 5-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Ölkəmizdə milli və dini həmrəylik” mövzusunda elmi-praktik konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edildiyini, bununla əlaqədar Zaqatala rayonunda da silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Zaqatala rayonunda qədimdən müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehribanlıq və həmrəylik şəraitində yaşayır, fəaliyyət göstərirlər. Multikultural dəyərlərin, ənənələrin, İslam həmrəyliyinin qorunub saxlandığı Zaqatalada bu gün 127 min nəfərə yaxın əhalinin 68 faizini azərbaycanlılar, 21,5 faizini avarlar, 10 faizini saxurlar, qalanlarını isə digər azsaylı xalqların nümayəndələri təşkil edir. Bu xalqların nümayəndələri Azərbaycanı həmişə öz doğma Vətəni hesab edirlər.

Konfransda çıxış edən AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, multikulturalizm, tolerantlıq və İslam həmrəyliyi Azərbaycan xalqının mədəniyyətində, bir-birinə və digər xalqlara münasibətində əsrlərboyu davam edib. Bu gün Azərbaycana gələn qonaqlar Zaqatala rayonunun timsalında multikulturalizm və tolerantlıq nümunələrini əyani şəkildə görürlər. Zaqatalada yaşayan xalqların nümayəndələri vahid bir dövləti, milləti təmsil edən və son dərəcədə bir-birinə bağlı olan insanlardır. Onların bir yerdə yaratdıqları mədəniyyət çox zəngindir. Bu mədəniyyət milli və dini baxımdan müxtəlif olsa da, eyni zamanda, bütöv və ahəngdardır.

Konfransda daha sonra AMEA Folklor İnstitutu əməkdaşlarının təqdim etdiyi “Şəki-Zaqatala bölgəsində folklor nümunələrinin toplanması və araşdırılması məsələləri”, “Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm”, “Zaqatala folklor mühiti”, “Tolerantlıq və multikulturalizm ölkəmizdə həyat və düşüncə tərzidir” və digər mövzularda məruzələr dinlənilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında