Milli mədəniyyətimizin inkişafında İslam dininin rolu

Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan çox əsrlik tarixə və özünəməxsus zəngin mədəniyyətə malikdir. Bu,  danılmaz faktdır ki, Azərbaycanın milli mədəniyyətinin formalaşmasında İslam dininin danılmaz rolu vardır.

Sivilizasiyalar arasında İslam mədəniyyətinin həmişə xüsusi yeri olub. Elm, təhsil,  memarlıq, təsviri incəsənət, poeziya İslam dininə əsaslanmaqla ümumbəşəri nailiyyətlər əldə edib. İslam özündə ümumbəşəri dəyərləri birləşdirən humanist və sülhpərvər dindir.

İslam dininin mədəniyyət anlayışı ümumbəşəridir.Çünki İslam mədəniyyət sahəsində din,  dil və irq məhdudiyyəti qoymur. Üstəlik,  müsəlmanları müxtəlif  mədəniyyətləri öyrənməyə,  müəyyən çərçivədə qalmamağa təşviq edir. İslamın hədəfi mədəni və gözəl olan hər bir anlayışı mənimsəyib, ona sahib çıxmaqdır.

Ona görə də müsəlmanlar kimə məxsusluğundan asılı olmayaraq,  gözəl olan maddi və mənəvi dəyərləri ilahi nemət kimi hər zaman qorumağa çalışmışlar.

Əsrlər boyu bölgədə dini ayrı-seçkiliyə məruz qalmadan müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları buna görə İslama, bu dinə xas olan yüksək dözümlülük mədəniyyətinə minnətdar olmalıdır. Elm, təhsil və mədəniyyətə çox böyük əhəmiyyət verən İslam, əslində, bu anlayışları bir- birindən ayırmır. Əksinə, insanları cəmiyyətin tərəqqisi üçün elmə və mədəniyyətə sahib çıxmağa təşviq edir. Bu baxımdan İslamı elm və mədəniyyət dini kimi xarakterizə edənlər tamamilə haqlıdırlar.

İslam sivilizasiyasının əsas mərkəzlərindən olan Azərbaycan İslam dininin yayılmasında,  intibahın formalaşmasında  mühüm rol oynayıb. Bütün bunlar Azərbaycanda İslam dininin maddi və qeyri-maddi irsinin yaranması üçün özül olub. 743-cü ildə tikilmiş ­Şamaxı Cümə məscidi, həmçinin  Azərbaycan muzeylərində saxlanılan İslam dininə aid qədim nadir əlyazmalar bunun bariz nümunəsidir.

Azərbaycan xalqı hətta Sovet dönəmində sürgünlərlə üzləşdiyi vaxtda belə, dilini, dinini,  mədəniyyətini və başqa dəyərlərini qoruya bilib. Sovet dövründə Azərbaycan ərazisində 17 məscid var idi. Ölkəmizin  müstəqillik əldə etdiyindən keçən 26 ildə məscidlərin sayı 2246-ya çatıb. Onlardan 300-ü tarixi-mədəni abidə kimi qorunur. Son illərdə Azərbaycan dövlətinin İslami  dəyərlərə dəstəyi, xüsusi qayğısı nəticəsində İslam mədəniyyətinə aid qiymətli tikililər bərpa olunub. Buraya Bibiheybət,  Əjdərbəy məscidlərinin, Şamaxı cümə məscidinin və Gəncədəki “İmamzadə” Məscid Kompleksinin bərpası daxildir.

Cənubi Qafqazın ən böyük dini məbədi olan möhtəşəm Heydər məscidi isə Azərbaycanın paytaxtı Bakıda yeni tikilmiş ən möhtəşəm İslam abidəsidir. Bu məscidlərin hər biri ayrılıqda maddi mədəniyyət nümunəsidir.

İslamın ümumbəşəri mahiyyətini bilmək, cəmiyyətin mühüm iqtisadi,  sosial və humanitar birgəyaşayış norması kimi insanlığa necə xidmət etdiyini görmək üçün onun  sadəcə bir din kimi qədim dövrlərdən indiyədək təkcə müsəlmanların deyil, eləcə də  bütün inanc sahibi insanların həyatında hansı rola malik  olduğuna baxmaq kifayət edər. Çünki mədəniyyət sərhəd tanımır. O, haradasa yaranır və əgər insanların marağını cəlb edirsə, müəyyən müddətdən sonra əhatə dairəsi genişlənir,  zaman keçdikcə  əsl dəyərini qazanır. Həmin mədəniyyəti mənimsəyən digər xalqlar da onun zənginləşməsinə öz töhfələrini verirlər.

İslam mədəniyyəti təkcə bir xalqın və ya bir regionda yaşayan xalqların deyil, ümumən geniş bir coğrafiyada yaşayan az qala 2 milyarda yaxın insanın ən ali ortaq dəyəridir. İslam elə bir möhtəşəm qüvvə,  elə  bir inanc sistemidir ki, insanlar təkcə onun şərtlərinə əməl etmək deyil, eyni zamanda, bu dinin qəlblərdə yaşatdığı sonsuz sevgi ilə ömür sürməyi və başqalarının yaşaması üçün fədakarlıq etməyi də öyrənirlər. Bu mədəniyyətin bir parçası kimi hər bir müsəlmanın  özü və özündən sonrakı nəsillər üçün çox qiymətlidir. Beləcə, dinindən aslı olmayaraq,  bütün inanc sahiblərinin,  əslində,  qardaş olduğunu, insanın şeytandan başqa bir düşməninin olmadığını,  elmin hər bir ibadətdən üstün sayıldığını, yalnız mədəniyyətə qovuşmaqla  başqalarına faydalı ola biləcəyini göstərən İslam insan həyatının, demək olar ki, bütün sahələrində bir meyar kimi formalaşaraq, ümumi mədəni normalar sisteminə çevrilib.

Azərbaycan xalqı vahid İslam mədəniyyətinin tərkib hissəsi  kimi həmişə öz üstün mənəvi dəyərləri ilə seçilib. İslamın ali dəyərlərinə qəlbən bağlılıq tarixin heç bir çətin sınağında xalqımızı öz inancından yayındıra bilməyib. Bu gün dünyanı yandırıb-yaxan aqressiya, şovinizm və digər xalqlara qarşı qeyri-tolerant  münasibət tarix boyu olduğu kimi azərbaycanlılar üçün tamamilə yaddır. Tam əksinə,  Azərbaycanın  elm və din xadimləri, mütəfəkkir, şair, yazıçı, aşıq və memarları öz əsərləri ilə bəşəriyyətin mədəni irsinə zəngin sərvətlər qazandırıb,  İslamın ali dəyərlərinin təbliği üçün böyük töhfələr veriblər.

Bu gün İslam mədəniyyəti milli-mənəvi dəyərlərimiz sırasında əsas yerlərdən birini tutur. Biz bu mədəniyyəti  illər boyu yaşadıb formalaşdırmışıq. Xalqımızın İslama olan hörmət və məhəbbəti dövlətimiz tərəfindən də dəstəklənir.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qürumların üzvü kimi, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların  təşkilatçısı olub.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında