Sözün sevinc və ağrı notları…

Yeni kitablar

Peşəkar jurnalist və məhsuldar qələm sahibi Akif Cabbarlı bu günlərdə yeni kitabını mənə hədiyyə edəndə həmkarı, üstəlik, dostu kimi, ən azı, onun qədər sevindim. Müəllifin “Səngər uvertürası” adlandırdığı, yaradıcılığının son dövrünü əhatə edən bu toplunun ifadə etdiyi gerçəklər  ictimai-siyasi və sosial-mədəni həyatımızın da son illərinin ən mühüm fakt və hadisələrinə çevik, vətənpərvər bir yazıçı-publisist müdaxiləsini və münasibətini əks edirən sevinc və ağrı notları kimi səsləndi.

Uzun illərdən bəri amal və əməlinə yaxından bələd olduğum Akif müəllim fərdi yazı üslubu, özünəməxsus təhkiyəsi, zəngin dil və yaradıcılıq imkanları ilə seçilən söz adamlarındandır. O, peşəsinin ustası, mahir söz yiyəsidir. Akif Cabbarlı radio, televiziya və qəzetlərdə çalışdığı 45 ildən bəri zəngin yaradıcılıq və həyat məktəbi keçib.  Onun öz oxucularına son yaradıcılıq hesabatı sayıla biləcək yeni kitabı  “İmanımız Vətəndir” bölümü ilə başlanır. Qəlbinin ən uca zirvəsindən boylanan Vətən anlayışı həmişə onun üz tutduğu mövzuların önündə yer alıb. Həmkarımız buradakı publisistik yazılarında da, nəhayət, xalqımıza qələbə müjdəsi gətirmiş, düşmənə sarsıdıcı zərbə vurmuş Azərbaycan əsgərinin ötənilki “Aprel dərsləri”ni əsl vətəndaş və ziyalı yanğısı ilə qələmə alıb. Ən qısa hekayələr silsiləsindən “Səngər uvertürası” da şanlı ordumuzun Aprel zəfərinin bədii təqdimatıdır.

 “Yaradıcılıq söhbətləri” bölümü də yetkin bir qələmdən süzülən həyat həqiqətləridir. Jurnalistikanın ayrı-ayrı məsul sahələrində müəllifin qazandığı zəngin təcrübə bu silsilədə də onun oxucuları təsirləndirən mükalimələrə qoşulmasına yaşıl işıq yandırır. Akif Cabbarlı bu söhbətlərində Azərbaycan Radiosu və Televiziyasının tarixinə və ənənəsinə üz tutur. Bu kollektivlərdə illərlə müxtəlif vəzifələrdə çalışan teleradio jurnalisti kimi, o, təkcə kövrək xatirələrini bölüşmür, həm radio, həm də televiziyamızın dünəni ilə bağlı pərdə arxasında qalmış neçə-neçə epizodu müasirlərimizə çatdırır.

 “Sevgiyə, sevdaya Vətəndir könlüm” və “Yerin görünür, Ələsgər əmi...” yazıları da oxucunu yaxşı mənada düşünüb-daşındıran xatirə yarpaqlarıdır.  Həmin yazılardakı duyğu-düşüncələr Akif Cabbarlının insanlıq fəlsəfəsini bir daha ortaya qoyur. Mərhum sair-publisist Gəray Fəzli və jurnalist-ensiklopedist Ələsgər Cabbarlı kimi ustad qələm sahiblərindən sağlıqlarında mükəmməl gör-götür dərsi alan Akif Cabbarlının bu əməlpərvər söz adamlarının ruhu qarşısında da məsul olduğuna bir daha inanırıq. Müəllifin milli teleradio jurnalistikasının görkəmli təşkilatçısı  Elşad Quliyev, namərd bir qəsdin qurbanı olmuş istedadlı cərrah-kardioloq Cavid Həmişəyev və digər unudulmaz insanlarla bağlı yazıları da bu qəbildəndir. “Bakı səmasında muğam sədası” publisistik qeydləri isə Akif Cabbarlının millilikdən yoğrulan könül dünyasının aynasıdır.

 “Yeni nəşrlər barədə ürək sözləri” bölümündəki yazılar  müəllifin tanıdığı, doğmalaşdığı insanların duyğu-düşüncələrini ürəkgenişliyi ilə bölüşməyi bacarmasından qaynaqlanır. “Həyat etüdləri” bölümündə isə mövzusu birbaşa həyatdan götürülən, yazıçı və jurnalist müşahidəsinin məhsulu olan hekayətlər toplanıb. Müəllif incə yumor, sətiraltı istehza və digər kəsərli estetik vasitələrlə insanlıq adına ləkə gətirənləri islahedici qınağa məruz qoyur.

Ümumilikdə, “Səngər uvertürası” kitabı milli dəyərlərimizin təəssübkeşi, mənəvi dünyamızın keşikçisi missiyasını yerinə yetirən istedadlı müəllifin öz oxucularına  və xüsusən könül ortaqlarına növbəti ədəbi- publisistik  töhfəsidir.

Azad MÜZƏFFƏRLİ,
 Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında