Naxçıvan: bu torpağın bu günü də, dünəni də qürur doğurur

Adətən, təyyarədə getdiyim yer, ölkə haqqında fikrə dalır, bir də səfər proqramını düşünürəm. Naxçıvana səfər zamanı da adətimə xilaf çıxmadım. Tanrı bu qədim diyarı sanki qürur, öyünc, qəhrəmanlıq rəmzi kimi yaradıb. Tarixin müxtəlif dövrləri canlanır yaddaşımda.

Naxçıvan  ərazisi ən qədim insan məskənlərindən biri olsa da, yazılı mənbələr antik və orta əsr tarixçi və coğrafiyaşünaslarına məxsusdur. Şəhər haqqında ilk yazılı məlumatı yəhudi tarixçisi və sərkərdəsi İosif Flavi və yunan coğrafiyaşünası Klavdi Ptolemey vermişlər. Ptolemeyin “Coğrafiya” əsərində şəhərin adı Naksuana kimi göstərilir.

Eramızdan əvvəl IX-VI əsrlərdə Naxçıvan Manna və Midiyanın, VI əsrin ortalarından Əhəmənilərin, IV əsrdən I əsrin ortalarınadək Kiçik Midiyanın – Atropatenanın, bizim eranın I əsrindən Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur.

Sasanilər dövründə Naxçıvan  hərbi-strateji mərkəz  kimi  sürətlə inkişaf etmişdir. Həmin dövrdə Naxçıvanda gümüş pul zərb olunurdu. 654-cü ildə Naxçıvan Ərəb xilafəti tərəfindən tutulur. İki il sonra Naxçıvan qalası yaxınlığında xilafət  və Bizans qoşunları arasında ağır döyüşlərdən sonra Naxçıvan Bizansa qarşı mübarizədə güclü hərbi-inzibati mərkəzə çevrilir.

IX–X əsrlərdə Sacilər, Salarilər və Rəvvadilərin tərkibində olan Naxçıvanda X əsrin sonunda Naxçıvanşahlıq feodal dövləti yaranır.

Rəvvadilər dövlətinin hakimiyyətinə son qoyan səlcuq sultanı  Alp Arslan  XI əsrin əvvəllərində Naxçıvanı ələ keçirir.

XII əsrin ortalarında Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Naxçıvan 1221-ci ildə monqolların, 1225-ci ildə  Xarəzm Məhəmmədin oğlu Cəlaləddinin, 1230-cu illərdə Qızıl Ordanın hücumlarına məruz qalır, 1257-ci ildən Hülakilər dövlətinin tərkibinə daxil olur.

Bu torpaq, onun zəngin sərvətləri ahənrüba kimi yadelliləri özünə cəlb edirdi. Ağır döyüşlər, qətl-qarət əhalini gücdən salıb bu gözəl diyarı tənəzzülə sürükləsə də, Naxçıvanın müqavimət əzmini qırmaq mümkün olmurdu. Naxçıvanlıların 1387–1401-ci illərdə 14 il ərzində Əmir Teymurun qoşunlarına “Əlincə Qalası”nda qəhrəmanlıqla müqavimət göstərməsi bu fikri bir daha təsdiq edir.

...Stüardessanın səsi düşüncələrdən ayırır bizi, təyyarə hava limanına enməyə başlayır. İllüminatordan Naxçıvanın sərt, gözəl  və əzəmətli təbiətinə baxıram, qəlbim qürur hissi ilə dolur. Bir fikir hakim kəsilir bütün varlığıma: bura qəhrəmanlar yurdudur, bura müqəddəs torpaqdır, bu torpağa ayaq basmazdan əvvəl hər kəs silkinib, bəd fikir və duyğulardan xilas olmalı, pak, ülvi, arzu  və diləklərə köklənməlidir.

 

Ümummilli liderin abidəsini və muzeyi ziyarət

 

Bu gün ölkəmizdə hamıya yaxşı bəllidir ki, Azərbaycanda müstəqil dövlət quruculuğuna gedən yolun əsası 1969-cu ildə görkəmli dövlət  xadimi Heydər Əliyevin respublikanın rəhbəri seçilməsindən sonra qoyulub. Ulu öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu müdrikliklə müəyyənləşdirmiş, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib-hazırlamış, milli ruhun, milli ideologiyanın yüksəlişinə böyük  təkan vermişdir. Naxçıvanda öncə bu böyük insanın abidəsini ziyarət etməyi qərara aldıq.

Abidə 2006-cı ildə Heydər Əliyev Muzeyinin  qarşısındakı meydanda ucaldılıb. Müəllifi Xalq rəssamı, görkəmli heykəltəraş, akademik Ömər Eldarovdur. Beş yaruslu qranit pyedestalın ortasında tünd qəhvəyi rəngə çalan kürsülük üzərində eyni rəngli qranitdən yonulmuş abidə əzəməti, ifadəliliyi və gözəlliyi ilə xüsusi fərqlənir.  Heykəltəraş xalqımızın ümummilli lideri, böyük dövlət xadimi Heydər Əliyevin məğrur və bitkin obrazını böyük məharətlə yaradıb. Abidənin hündürlüyü postamentlə birlikdə 10 metrdir.

Heydər Əliyev Muzeyi 1976-cı ildə Şərq və Qərb memarlığının sintezi əsasında inşa edilmiş binada yerləşir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 16 fevral 1999-cu il tarixli sərəncamına əsasən yaradılmışdır.

Muzeyin binası və qarşısındakı meydan 2005 – 2006-cı illərdə yenidən qurularaq əsaslı təmir edilib və monumental xatirə ansamblına çevrilmişdir. Binanın  mərkəzi hissəsinin arxitekturasında, fasadda və pəncərə boşluğundakı şəbəkələrdə Qədim Şərq və Əcəmi Naxçıvani ənənələrindən yaradıcılıqla istifadə  olunmuşdur. 564 kvadratmetrlik ekspozisiya salonunda eksponatları yerləşdirmək üçün xüsusi şkaflar və vitrinlər yerləşdirilib. Ümummilli liderin əziz xatirəsinə dərin ehtiram və məhəbbətlə yaradılmış bu muzey, sözün həqiqi mənasında, ulu öndərin zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətinə dair materialların  toplanmasını, komplektləşdirilməsini, tədqiqini və təbliğini həyata keçirən müasir elmi-tədqiqat müəssisəsidir. Muzey görkəmli dövlət xadimi Heydər Əliyevin nəhəng nəzəri-siyasi irsi barədə dolğun təsəvvür yaradır.

Heydər Əliyev Muzeyini ziyarət etdikdən sonra Naxçıvan Dövlət Universitetində “Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu” mövzusunda konfransda iştirak etdik. Məruzə və çıxışlardan bəlli oldu ki, Naxçıvan böyük turizm potensialına və müasir infrastruktura malikdir. Son illər xarici ölkələrdən turist axınının güclənməsi, işlənib hazırlanan proqramlar onu deməyə əsas verir ki, muxtar respublika tezliklə regionun mühüm turizm mərkəzinə çevriləcək.

Səfərin ilk günü Naxçıvan Xan Sarayı Kompleksi, Möminə xatın türbəsi, Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvanqala, Nuh peyğəmbərin türbəsi, Biznes Mərkəzi, Avtomobil zavodu, “Əshabi-Kəhf ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olduq.

 

Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzi

 

Duzdağ Müalicə Kompleksi, sözün həqiqi mənasında, əsl möcüzədir. Bəziləri bu kompleksin duz mağaralarında yaradıldığını qeyd edirlər. Amma bu, mağara deyil, uzun illərdən bəri duz çıxarılan şaxtalardır. Süfrələrimizin bəzəyi, yeməklərimizə təkrarsız dad  verən Naxçıvan duzu...

Yaxşı yadımdadır, bu duzu bədnam qonşularımız Naxçıvandan daşıyıb, İrəvanda emal edib qablaşdırır, sonra da İrəvan  duzu adı ilə müxtəlif ölkələrə satırdılar. Bu gün o duza  həsrət qalıb nankorlar. Sərhədin o tayına bir qorxu hissi hakim kəsilib. Sabah qarşısında qorxu hissi uşaqdan böyüyə kimi hamını girinc edib, dərdə salıb. İmkanı olan tərk edib qaçır Ermənistandan. Əkdiklərini biçmək zamanı yetişib, haqqın cəzası ağır olur...

Hesablamalara görə, Duzdağın ehtiyatları 90 milyon tondan çoxdur. Buradan çıxarılan duz təkcə yüksək keyfiyyəti ilə deyil, həm də unikal şəfaverici, müalicəvi xüsusiyyətinə görə fərqlənir. Yer səthindən 110 metr dərinlikdə yerləşən müalicə kompleksində şaxtanın uzunluğu 300 metrdən artıqdır.

Duz şaxtası şəraitində tənəffüs orqanları xəstəliklərinin, o cümlədən bronxial astmanın müalicəsinin mümkünlüyü ötən əsrin 40-cı illərində məlum olmuşdur. Mikroiqlimində natrium və xlor ionlarının üstünlük təşkil etdiyi duz şaxtalarında müalicə müəssisəsi Polşanın Krakov şəhərində 1968-ci ildən, Ukraynanın Ujqorod şəhəri yaxınlığındakı Solotvino qəsəbəsində 1972-ci ildən fəaliyyət göstərir.

Bu qədim diyarın hər qarışında insanı heyrətləndirən möcüzələrlə rastlaşırsan. Bənzərsiz gözəlliyə malik əzəmətli dağlar, zirvəsinə yalnız qartalların qona biləcəyi yalçın qayalar dünyaya meydan oxuyur sanki… Nələr baş verib burada, kimlər keçib bu yerlərdən,  vərəq-vərəq o tarixi izləmək, canlandırmaq çətindən də çətindir bu gün. Zaman aldı, yer gizlədi. Bu günün o tayında, minilliklərin arxasında sirli-sehirli bir tarix yatır...

Batmaqda olan Günəşin zərrin şəfəqləri fonunda daha vüqarlı, daha əzəmətli görünür Naxçıvan təbiəti. Adama elə gəlir ki, bir az da maşın sürətlə getsə, dağdan aşmaqda olan Günəşə çatıb, ondan ayrılmadan yoluna davam edə bilərsən.

Gündüzlə gecənin mübarizəsi ikincinin xeyrinə yekunlaşmaqdadır. Əslində bu, mübarizə deyil, kainatın əzəli nizamıdır, sadəcə təhvil-təslimdir. Gündüz yerini gecəyə verir, sabah yenidən  qayıdacaq.  Kainat yaranandan bəri bu qayda beləcə davam edir.

Axşamın ala-toranında Duzdağ Fizioterapiya Mərkəzinə çatırıq. Bir neçə ay əvvəl burada olsam da, maraq yenə bürüyür  məni, heç nəyi gözdən qaçırmaq istəmirəm. Duzdağ bu gün bizim nəzərimizdə yüksək keyfiyyətli duz mədəni, minlərlə xəstənin pənah yeri, şəfa ocağıdır. Yox, Duzdağ həm də tariximizin, mədəniyyətimizin bir parçasıdır, dünənimizə işıq tutan möcüzələr məkanıdır.

1870-ci illərdə mühəndis Koşkul və Bayer Duzdağ ərazisindən daş baltalar tapmışlar. Həmin baltalar hazırda Naxçıvan Dövlət Tarix Muzeyində, Tiflis və Sankt-Peterburq muzeylərində saxlanılır.

İnsanların mədəni-tarixi inkişafında mühüm mərhələ olan Daş dövründə əsas əmək alətləri və silah kimi daş alətlərdən istifadə olunmuşdur. Daş dövrü üç hissəyə bölünür. Deməli, həmin baltalar Paleolit, Mezolit və ya Neolit dövrünə aiddir,  başqa sözlə, bu baltaların yaşı 1,5 milyon ilə yaxındır.

1879-cu ildə Duzdağda arxeoloji kəşfiyyat aparan Polyakov da buradan xeyli daş alət tapmışdır. 1967-ci ildə mədəndə baş verən uçqun zamanı aşkar edilən daş çəkiclərdən birinin ağırlığı 30 kiloqrama yaxındır.

Naxçıvanın şəhər kimi yaşının 5000 ildən artıq olması mübahisəsizdir. Təbii ki, Duzdağ mədənlərindən duzun çıxarılması bundan daha əvvələ, bəlkə də, ibtidai icma dövrünə gedib çıxır. Sonralar bu duz  Böyük  İpək Yolu üzərində mühüm mərkəzlərdən biri olan Naxçıvandan dünyanın neçə-neçə ölkəsinə aparılmış, zaman keçdikcə böyük  şöhrət qazanmışdır.

Vasili Nikiforoviç Qriqoryev (1803-1876) tərəfindən hazırlanmış və 1833-cü ildə Sankt-Peterburqda çap olunmuş “Naxçıvan əyalətinin statistik təsviri” kitabında Naxçıvanda duz ticarətinə dair maraqlı faktlar öz əksini tapıb. Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin
1854-cü ildə təşkil etdiyi müza-kirələrdə də Naxçıvandakı duz mədənlərinin fəaliyyətinə ciddi diqqət yetirilməklə yanaşı, ümumiyyətlə şəhərin formalaşmasında bu mədənlərin təsirinə də xüsusi yer ayrılıb.

Duzdağ yatağında şaxtalar maili qazma üsulu ilə işlənib, duz qazma-partlatma yolu ilə çıxarılıb. 1927-ci ildən ötən əsrin sonunadək duz sənaye üsulu ilə çıxarılsa da, avadanlıq müasir tələblərə cavab vermədiyindən məhsuldarlıq aşağı olub. Hazırda istehsal sexləri müasir avadanlıqla təchiz edilib, konveyer xətti tətbiq  olunub. Məhsulun keyfiyyəti bütün tələblərə cavab verən laboratoriyada yoxlanılır. Duz kristal və üyüdülmüş halda istehlakçılara çatdırılır. Naxçıvan Filiz İdarəsi tərəfindən istehsal olunmuş xörək duzunun keyfiyyətinə bələd olmaq  üçün təkcə bir fakta diqqət yetirmək kifayətdir: Naxçıvan duzu Madrid şəhərində nüfuzlu beynəlxalq sərgidə keyfiyyət göstəricilərinə görə qızıl  medala layiq görülüb.

Naxçıvanlılar bildirirlər ki, Tanrı Duzdağı təkcə duzla yeməklərimizə dad-tam vermək üçün yaratmayıb. Duzdağ həm də şəfa ocağıdır, nadir sağlamlıq mərkəzidir. Dünyanın ən məşhur klinikalarında, tibb müəssisələrində adlı-sanlı həkimlərin müalicə edə bilmədiyi minlərlə xəstə məhz Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzinə gəldikdən sonra sağalıb, normal həyata qayıdıb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, planetin əhalisinin təqribən 10 faizi allergik xəstəliklərdən əziyyət çəkir. Bir çox xəstəliklərin, o cümlədən bronxial astmanın duz şaxtasında müalicəsi (spleoterapiya) yüksək nəticə verir, xəstələr qısa müddət ərzində sağlamlığına qovuşur.

Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Zülfiyyə Həsənova söhbət zamanı bildirir ki, bu tip müalicə ocaqları arasında Naxçıvan Duzdağı ilə  müqayisə olunacaq ikinci bir kompleks yoxdur. Məsələn, Ukraynada şaxta 206 metr dərinlikdə yerləşir və xəstələri yerin altına liftlə endirirlər. Bu səbəbdən xəstələrin təzyiqi birdən-birə dəyişir və halı pisləşir. Üstəgəl, Ukraynadakı şaxtalarda metan qazının toplanması həm partlayış təhlükəsi yaradır, həm də xəstələrin səhhətinə pis təsir göstərir. Orada rütubətin də çox olduğunu nəzərə alsaq, müalicənin effektindən danışmağa dəyməz.

Naxçıvanda isə şaxta horizontal olduğuna görə müalicə kompleksinə giriş yerin səthindədir, xəstələr şaxtanın içərisinə doğru özləri yeriyərək gedirlər, rütubət normaldır, temperatur rejimi də nəzarətdə saxlanılır.

Kompleksin yeraltı şöbəsində ən müasir tələblərə uyğun palatalar yaradılmış, müasir avadanlıq və ləvazimatla təchiz olunmuşdur. Enerji  kəsilərsə, ehtiyat enerji sistemi avtomatik işə düşdüyündən kompleksin fəaliyyəti normal  axarda davam edir. Oksigen və duz mineralları ilə zəngin hava bronxial astma və bu kimi xroniki xəstəliklərin müalicəsində əvəzedilməzdir.

Uşaqlar 12-15, böyüklər 14-18 gün ərzində burada sağlamlıqlarına qovuşub evlərinə qayıdırlar. Mərkəz il ərzində minlərlə xəstəyə tibbi xidmət göstərmək imkanına malikdir.  Xəstəxananın yerləşdiyi ərazi yüksək ekoloji təmizliyə malikdir.

Müalicə kompleksindən 2 kilometr məsafədə yerləşən “Duzdağ” oteli ən yüksək standartlara cavab verir. Oteldə qiymətlərin xeyli aşağı olması başqa ölkələrdən müalicə almağa gələnlər üçün çox sərfəlidir.

Yer səthindən 110 metr dərinlikdə, 9 işlənmiş ştrixdə yerləşən bu nadir müalicə kompleksi təkcə respublikamızda deyil, uzaq-yaxın ölkələrdə də böyük şöhrət qazanmışdır. Ötən il Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan, İran, Ukrayna, Litva, Kanada və digər ölkələrdən gələn xəstələr də Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçmişlər.

(ardı var)

Həsən HƏSƏNOV,
“Xalq qəzeti” nin baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında