“On bir ayın sultanı”

İslam humanizm, dostluq, qardaşlıq, sülh, əmin-amanlıq, sabitlik dinidir.  İslam dünyada ədaləti, bərabərliyi bərpa etməyə çalışan, insanların bir-birinə düşmənçiliyinə son qoymağa, irqindən, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq dostluğa, çağırışa  yönələn  bir dindir. İslam dininin müddəaları terrora, zorakılığa qarşıdır. İslam inkişaf, elm, yenilik dinidir.

İslam təqvimində Ramazan ayının digər aylarla müqayisədə müstəsna yeri var. Ramazan  “11 ayın sultanı”dır. Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyilir: “İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi  kamilliyin nəfs üzərində  qələbə sevincini yaşayırlar.

Uca Allah Quranda “Kim Ramazan ayına çatsa oruc tutsun” (Bəqərə surəsi, 185-ci ayə) buyuraraq, bu ayda oruc tutulmasını vacib etmişdir. Müsəlmanlar bu ayda ibadət edərək, günahlardan təmizlənmək üçün səy göstərməlidirlər. Məhəmməd peyğəmbərin (s.) hədislərinin birində deyilir: “Uca Allah buyurur: Oruc Mənim üçündür, onun mükafatını mən verəcəyəm”.

İnsan oruc tutmaqla öz iradəsini sınağa çəkir. Oruc tutan insan həm maddi, həm mənəvi üstünlüklərə sahib olur. Oruc yalnız ac qalmaq demək deyildir. Bir insanı məcburi şəkildə ac-susuz qalmağa təhrik etmək qeyri-mümkündür.  Orucun səbr, şükür, nəfs tərbiyəsi ilə də əlaqəsi var. Bu səbəbdən bir hədisi-şərifdə “Hər şeyin bir qapısı vardır. İbadətin qapısı isə orucdur” (İbni Mübarək) – deyə buyrulmuşdur.

Oruc imandandır, imanın qüvvətindən, insanın maddi və mənəvi baxımdan psixoloji hazırlığından asılıdır. Oruc tutmağın saysız-hesabsız faydaları vardır. Hər şeydən öncə, oruc möminin ruhunun tərbiyəsi, səbr və iradəsinin sınağıdır. Oruc insan orqanizmi üçün bir növ istirahət hesab olunur. Bir sıra xəstəliklərin müalicəsinin başlıca açarıdır. Orucun sinir sistemi, həzm sistemi, qanın yenilənməsi kimi həyati önəm daşıyan təsirləri müasir tibbin qəbul etdiyi danılmaz faktlardır. Mənəvi cəhətdən təsiri isə kamilləşmə ilə bağlıdır. Aclığı yaşamayan, acın halını duya bilməz. Müqəddəs Ramazan ayı insanlara bu baxımdan örnək olmaqla onun ruhi rahatlığı, daha çox şükranlığı, hər cür yalan və böhtandan uzaq olması, ehtiyacı olanlara əl tutması, maddi və mənəvi dəstək nümayiş etdirməsi üçün imkan yaradır. Yaradan insanlara oruc tutmağı vacib bilməklə, onların maddi, ruhi dincliyini istəmişdir. Ac qalan insan aqressivlikdən, heyvani hisslərdən uzaqlaşır.  Çünki Allah  hər bir şeyi ölçü daxilində yaratmışdır.  Allah insan sağlamlığına zərərli olan bir ibadəti fərz qılmaz. Rəbbimiz insanı gücü çatmayacağı bir yüklə yükləməz. Yəni oruc müddəti insanın bədəni, zehni və ürəyi baxımından yenidən bərpa edilir, kamilləşir, onu axirətə hazırlayır.

Ramazan ayı orucluq, insan nəfsinin paklığı, hər cür qüsur və naqisliyin aradan qaldırılması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə günahlardan xilas olma imkanı qazanır. Bu ay ruhun tərəqqisi, Rəbbinə tərəf yönəlməsidir. Orucluq insanlara öz iradəsini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Azərbaycan müasir, dünyəvi dövlətdir. Eyni zamanda, öz milli və dini ənənələrinə sadiq olan ölkədir. İslami dəyərlər bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı hər zaman Azərbaycan xalqının qəlbində yaşamışdır. Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən, Ramazan bayramı hər il dövlət səviyyəsində qeyd olunur. Ənənəvi olaraq hər il Prezident İlham Əliyev  müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşür, iftar mərasimlərində iştirak edir. Bundan başqa, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda Ramazan ayı münasibətilə bayram sovqatları  təqdim edilir, həmin fondun vitse-prezidenti Leyla Əliyevanın adından isə ənənəvi olaraq Moskvada iftar verilir.

Bu il iyunun 20-də müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində iştirak edən Prezident İlham Əliyev öz çıxışında Azərbaycanda mövcud olan dövlət-din münasibətlərinin mükəmməlliyinə toxundu. Dövlət başçısı bildirdi  ki, Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin. Din də dövlət işinə, siyasi işlərə qarışmır. Prezident qeyd etdi ki, biz nümunə və yol göstəririk ki, dövlət-din münasibətləri necə qurulmalıdır. Bu sahədə əldə edilmiş nailiyyətlərə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər.

İftar süfrəsində Roma Papasının Azərbaycana ötənilki səfərinə toxunan cənab İlham Əliyev bildirdi ki, Azərbaycan onun səfər etdiyi  ilk müsəlman ölkələrindən biridir. Dövlət başçısı Roma Papasının Heydər məscidində Azərbaycanda mövcud olan bütün ənənəvi dini icmaların rəhbərləri ilə görüşünün dinlərarası münasibətlərin necə həll olunmasına dair dünyaya göndərilən növbəti bir mesaj olduğunu vurğuladı.  Prezident Azərbaycanın bir çox sahələrdə olduğu kimi, dini məsələlərin həlli işində də yeni davranış formatını təqdim etdiyini bildirdi. Budur Azərbaycanda mövcud sabitliyin, tolerantlığın səbəbi...

Qeyd etmək lazımdır ki, builki bayramın “İslam Həmrəyliyi ili”nə təsadüf etməsi Azərbaycan müsəlmanları üçün ikiqat sevincdir. “İslam Həmrəyliyi ili” bütün dünyaya yönələn bir çağırışdır. Həmrəy, tolerant, sabit bir dünya çağırışıdır. Bu qərar Azərbaycanın İslam dünyasını narahat edən bütün problemlərin həllində əməkdaşlığa, İslam həmrəyliyinə can atmasının bariz sübutudur. Azərbaycan, həmçinin bununla bütün dünyaya İslam ölkələrinin həmrəyliyi, inkişafı ilə bağlı nümunə təqdim edir. Şübhəsiz, bu il çərçivəsində görüləcək işlərin müsəlman ölkələrinin birliyinə, onların tərəqqisinə böyük təsiri olacaq. “İslam Həmrəyliyi ili” bütün dünyada, eyni zamanda, İslam aləmində sülhün, əmin-amanlığın, həmrəyliyin möhkəmləndiyi il olaraq tarixə düşəcək. İnanırıq ki, İslam dininin Azərbaycan modeli İslamın mahiyyətini, məramını bütün dünyaya açıqlayan ən mükəmməl  örnəyə çevriləcək.

Müqəddəs Ramazan bayramının bütün İslam aləmi üçün xeyirlərə və maddi-mənəvi inkişafa vəsilə olmasını arzu  edirik. Daha neçə belə gözəl bayramlara çatmaq diləyilə: Bayramınız mübarək!

Nailə Məmmədova,
“Azerbaijan Realities”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında