Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən humanitar bir məkana çevrilmişdir

Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi sabit bir məkana çevrilməsi Prezident İlham Əliyevin məqsədyönlü və əsaslı siyasətinin nəticəsidir. Böyük uzaqgörənliklə həyata keçirilən, qarşılıqlı maraqlara söykənərək reallaşdırılan, milli və dövlətçilik maraqlarımızın da qətiyyətlə müdafiə edildiyi bu siyasi kurs Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevirib. Sevindirici haldır ki, çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi ilə xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir.

Bu, bir həqiqətdir ki, ölkəmizin  beynəlxalq aləmdə nüfuzu  getdikcə artmaqdadır. Hələ bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycana səs verərək onu BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçdi. Bir faktı qeyd etmək istərdik ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək istəyən  dövlətlərin sayı  getdikcə artır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edərək bu gün bütün dünyaya nümunə ola biləcək multikultural dəyərlərə, tolerantlığa söykənən dövlətçilik ənənələrinə görə belə bir tədbirin məhz Azərbaycanda keçirilməsini belə əsaslandırmışdır: “Öz tarixi boyu Azərbaycan qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşayan müxtəlif mənşəyi və dini olan fərqli icmaların və millətlərin yaşadıqları məkan olub. Şərqin qapısı kimi tanınan, müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən və nəhayət, həm İslam, həm Avropa təşkilatlarının üzvü olan Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir”.

Mədəniyyətlərarası və dinlərarası dialoqla əlaqədar son illər Azərbaycanda bir sıra mühüm əhəmiyyətli tədbirlər keçirilmiş, elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilmişdir. Mötəbər beynəlxalq qurumların öz tədbirlərini respublikamızda keçirməsi ölkəmizin Avropa mədəniyyəti ilə İslam mədəniyyəti arasında körpü rolunu oynadığını təsdiqləyir. 2008-ci ildə də “Bakı prosesi” ölkəmizin  təşəbbüsü ilə başlamış və bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir. Nəticədə, iki sivilizasiya arasında dialoqun yüksək səviyyədə təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə yüksəlib.

Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilən Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərin keçirildiyi paytaxtımız artıq humanitar məkan kimi tanınır. Azərbaycan həqiqətən sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib.

Bakıda keçirilən dörd  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış ediblər.  Bu tədbirlər ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Eyni zamanda, bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.

Bundan əlavə, Azərbaycanda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında,  ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak ediblər. “Bakı-2015”  birinci  Avropa  Oyunları idman tarixində yeni maraqlı səhifə açıb. 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etdi. İki il ərzində hər iki mühüm idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir.

2011-ci ildən başlayaraq hər il ölkəmizdə Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. İndiyə qədər reallaşan beş mühüm forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını alıb.

2016-cı il oktyabrın 29-30-da keçirilən və 80-dən çox ölkədən 400-ə yaxın tanınmış elm, mədəniyyət xadiminin, Nobel mükafatı laureatlarının iştirak etdiyi V Bakı Beynəlxalq Humanitar Forumunda qeyd olunub ki, bu sahədə məsələlərin müzakirəsi üçün Bakıda mütəmadi olaraq unikal tribuna, platforma imkanı yaradılır və multikulturalizm nümunəsi olan Azərbaycan ziyalılarının mülahizələri böyük marağa səbəb olub. Ölkəmizdə  keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin  və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və digər aktual problemlər geniş müzakirə olunub.

Ümumiyyətlə, ölkəmizdə keçirilən tədbirlərin məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında dialoq imkanlarını genişləndirmək, cəmiyyətdə sülh, əmin-amanlıq və dözümlülük mühitini inkişaf etdirmək, müasir dünyamızda müzakirə olunan inkişaf modelləri ətrafında fikir mübadiləsi aparmaq, milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəməkdən ibarətdir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda  sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli  tərəfdaş hesab  edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında