“Səni axtarıram”

Yeni nəşrlər

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, yazıçı Baba Babayev bir neçə elmi monoqrafiyanın, ədəbi-bədii əsər və hekayələrin müəllifidir. Yenicə çapdan buraxılmış “Səni axtarıram” kitabında yazıçının müxtəlif illərdə qələmə aldığı hekayələr, mənsur şeirlər toplanmışdır.

Yeni nəşrdə toplanmış lirik-psixoloji və satirik hekayələrin mövzusu yazıçının kənddə və şəhərdə gördüyü, müşahidə etdiyi hadisələr real həyat həqiqətlərindən alınmışdır. Hekayələri oxuduqca yazıçının yaratdığı müxtəlif xarakterlər–müsbət və mənfi obrazlar qəlbimizdə həm məhəbbət, həm də nifrət hissi oyadır. Məsələn, “Namus” hekayəsində erməni keşiş Karapetin “Seyid əmi” adı ilə “Allah qonağıyam” – deyərək, gənc azərbaycanlının mənzilinə soxulması və evin xanımı Banuçiçəyə xəyanət etmək istəyərkən vəhşi xislətli düşmən namuslu, toxunulmaz, ismətli, milli xarakterli Azərbaycan qadını ilə qarşılaşır. Erməni keşişin ananın üç ovladını xəncərlə qətlə yetirməsinə baxmayaraq, Banuçiçək əri İsanın namusunu hər şeydən uca tutur. Axırda qapının altını qazıb evdən qaçmaq istəyən erməni keşişinin çölə çıxan başını Banuçiçəyin balta ilə vurması ilə hekayə başa çatır.

“Zabitin harayı” hekayəsində xərçəng xəstəliyinə tutulmuş Zabitin Bakıya müalicə üçün gəlməsi və professor Məmmədovun əlacsız qalıb müvəqqəti yaşamaq üçün xəstəyə ən güclü dərmanlar yazması, “Allaha təvəkkül!” nidası ilə ömrünü üç ay ərzində başa vuran Zabitin yaşamaq həsrəti, xəstəliklə mübarizəsi, gözlərindəki üsyan və haray hisslərini müəllif qələmə alaraq “Bütün bəşər həkimləri bu xəstəliyin əlində aciz qalıblar” – deyə oxucuların diqqətini bu dünyəvi problemin həllinə yönəldir.

 “Beton qız” hekayəsində cavan usta başına gətirilən hadisəni nəql edir. Onun başına torba keçirib şəhərdən uzaq bir məhəlləyə aparırlar. Maşından düşürüb gözlərini açaraq ustanı yedizdirib-içirdikdən sonra ona kubik daşlardan dördkünc bir budkaya bənzər hörgü aparmağı əmr edirlər. Sonra 20-21 yaşlı gözəl bir qızı gətirib ağlaya-ağlaya bu hörgü olan yerə çıxarırlar. ­Ustaya hörgünü davam etdirmək əmri verilir. Usta Allahdan bu dünya gözəlinin həyatına nicat diləsə də, hörgünü başa çatdırmaq məcburiyyətində qalır. Əlli il keçəndən sonra özünü günahkar sayan qoca usta məxfi saxlanılan bu qəmli əhvalatı yol yoldaşına danışaraq deyir: “O qızın gözlərini indi də unuda bilmirəm. Özümlə qəbrə aparacağam.”

 “Səni axtarıram”, “Düşüncələr” hekayələrində müəllif ötüb-keçən həsrət və sevgi dolu günləri qaytarmaq üçün oxucuya saf duyğu və ibrətamiz düşüncələrini təqdim edir.

“Evlər yıxan Şahbaz”, “Hiylə”, “Öpüş”, “Yubiley”, “Deputat xəstəsi”, “Topal Nurəddin” və digər hekayələrində yazıçı mövzusu müasir həyatımızdan alınan müxtəlif insan xarakterləri yaratmışdır.

“Nazir müavini” hekayəsində Neft Akdemiyasına terrorçunun girməsi, qarşısına çaxan tələbə və müəllimləri güllələməsi, ölənlərin və yaralananların qanının axıdılması faciəsi günümüzün real hadisəsi kimi yaddaşlarda yaşayır. Şərəfsiz, Vətən xaini olan terrorçunun mənfur obrazı ata-anaların mənəvi əzabları, nifrətləri, fəryadları, lənətləri ilə əhatə olunur.

Bu və digər hekayələrdə real həyatdan götürülərək canlı şəkildə təsvir edilən hadisələr böyük maraqla qarşılanır. Günümüzün aktual məsələlərindən bəhs edən bədii əsərlər mənəvi-əxlaqi, tərbiyəvi cəhətdən mühüm əhəmiyyət daşıyır.

Afət Sadıqoğlu,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında