Mir Cəlalın elmi yaradıcılığında Sabir mövzusu

XX əsrin əvvəlləri Azərbaycanda sosial-siyasi və mədəni həyatın gücü, realizmi və ritmi, buna uyğun olaraq maarifçi fikrin gəlişməsi, elm, ədəbiyyat və mətbuatın inkişafı ilə səciyyəvi olub. Ədəbiyyat və incəsənət o dövrdə tənqidi realizmin dinamik üstünlüyü şəraitində formalaşıb. Bu prosesi, əsasən, əsrin inqilab dalğası və Dünya müharibəsi doğurub. Belə bir həssaslığı elmi-nəzəri fikrin görkəmli nümayəndələri də duyub və ədəbi-metodoloji baxımdan qiymətləndiriblər.

XX əsrin əvvəlləri ədəbiyyatımızda, əsasən, tənqidi realizmin yaranması, M.Ə.Sabir və Cəlil Məmmədquluzadə irsində aparıcı yer tutması ilə səciyyəvi olub. XXI əsrin estetik mənzərəsini və əlvanlığını da biz hər iki realist sənətkarın yaradıcılığında, onların yaratdıqları öncül ənənələrdə müşahidə edirik. XXI əsrin dünyaya çıxışı modernist və postmodernist qayıdışlarda deyil, məhz milli-demokratik ruhda, tarixi kök və yaddaşda gerçəkləşir. Bu mənada ədəbi proses və tənqid, xüsusilə, ədəbiyyatşünas alimlər M.Ə. Sabir və Mirzə Cəlil ənənələrini bu gün də yüksək dəyərləndirirlər.

Tənqidi-realist ədəbi cərəyanın tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun M. Ə. Sabir irsinə ardıcıl müraciət etməsi bu mənada təbii və məntiqi görünür. Alimin M.Ə.Sabir irsinin öyrənilməsi, tədqiqi, nəşri və təbliği sahəsində yetərli xidmətləri vardır. Çağdaş ədəbi proses və tənqidin M.Ə. Sabir və C.Məmmədquluzadənin bədii yaddaşına qayıdışı tədqiqat hədəfi kimi seçən A. Bayramoğlunun elmi-nəzəri filologiyamızın və ictimai fikrin görkəmli nümayəndəsi professor Mir Cəlal Paşayevin ədəbi irsinə müraciət etməsi tamamilə təbiidir. Ədəbiyyatşünas-alimin tərtib etdiyi “Mirzə Ələkbər Sabirin sənət dünyası” adlı toplu bu baxımdan kifayət qədər önəmli bir nəşrdir.

Professor A. Bayramoğlu “XX əsr Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı” adlı ön sözündə tənqidi realizmin, tarixi-müqayisəli tətbiq metodunun sosial-tarixi və ədəbii-estetik xüsusiyyətlərinə izah və şərh verib, bu baxımdan Mir Cəlal irsinin əhəmiyyətini kifayət qədər əsaslı dəyərləndirib.

Müəllif kitaba görkəmli yazıçı və ədəbiyyatşünas-alim Mirzə Cəlalın “Sabir şeiri haqqında”, “Şairin realizmi haqqında”, “Sabirin surətlər aləmi” və “Bədii sənətkarlıq məsələləri” məqalələrini daxil edib. Göründüyü kimi, professor Mir Cəlal Paşayev Mirzə Ələkbər Sabir poeziyasının səciyyəvi yönlərini fəal və sistemli şəkildə elmi-nəzəri və ədəbi-estetik təhlildən keçirib. Vaxtilə “M.Ə.Sabir” adlı məqalələr məcmuəsində, ADU-nun elmi əsərlərində, “Ədəbiyyat və incəsənət” qəzetində və “Azərbaycan” jurnalında çap edilmiş həmin məqalələrin aktuallığını, elmi yeniliyini və müasirliyini nəzərə alaraq Alxan Bayramoğlu M.Ə.Sabir irsinə və M.C.Paşayev şəxsiyyətinə sevgilərilə qiymətli bir toplunu ön söz, şərhlər və izahlar ilə birlikdə nəşrə hazırlayıb.

Professor Mir Cəlal Paşayevin M.Ə.Sabirin yaradıcılığına ardıcıl müraciət etməsinin obyektiv və subyektiv səbəbləri olub. Bu, hər şeydən əvvəl, M.Ə.Sabir və Mirzə Cəlil irsinin daimi aktuallığı, onların həyatiliyi, dərin realizmi ilə izah edilməlidir. Professor Alxan Bayramoğlu da milli-tarixi ənənələr, M.Ə.Sabir və Mirzə Cəlil realizminin vüsətini ifadə etmək üçün onların zəngin bədii irsinə davamlı müraciət edib. Görünür, Mir Cəlal müəllim M.Ə.Sabir irsi haqqında monoqrafiya yazmaq istəyib, lakin məşğul olduğu yaradıcılıq problemlərinin çoxluğundan buna vaxt imkanı olmayıb.

Əslində, bu qiymətli məqalələr bir yerdə monoqrafiya təsiri bağışlayır. Alxan Bayramoğlu kitabı Mir Cəlalın ədəbi-elmi görüşlərini, məqalələrinin ardıcıllığını əsas tutmaqla tərtib edib. Məqalələrin adlarına toxunulmayıb, heç bir redaktə aparılmayıb. Bu isə professor Mir Cəlal Paşayev irsinin elmi-nəzəri mükəmməlliyinin və müasirliyinin göstəricisidir. A.Bayramoğlu ön sözdə M. Ə. Sabir ədəbi məktəbinin professor Mir Cəlal Paşayev tərəfindən yüksək qiymətləndirilən elmi-nəzəri və ədəbi-metodoloji əsaslarını düzgün səciyyələndirib.

Toplunu oxuduqca düşünürsən ki, Azərbaycanın dövlət müstəqilliyi şəraitində M.Ə.Sabir və Mirzə Cəlil irsi kifayət qədər təbii və aktual səslənir. Ədəbiyyat öz kökü üzərində, milli-demokratik ruhda, ədəbi-tarixi yaddaşda irəliləməli, Azərbaycan obrazı dünyaya milli idealı ilə çıxmalı, milli-demokratik zəmində bütün potensial gücünü ifadə etməlidir. Bizə yad bəşərilik, avropaçılıq, qərbçilik meyilləri, təmayülləri yox, tanış millilik, şərqlilik və sivil ruh gərəkdir! Bu baxımdan M.Ə.Sabir və Mirzə Cəlil ənənələri çağdaş əsrimizdə daha özəl məna və mahiyyət kəsb edir.

Professor A.Bayramoğlu alim və yazıçı Mir Cəlal Paşayevin M.Ə. Sabirə olan münasibətinin realist gücünü, onun ədəbi məktəb olmaq keyfiyyətini ön sözdə diqqətə çatdırır və əsaslandırır. Doğrudan da, professor Mir Cəlal Paşayevin tarixi əhəmiyyətini zaman keçdikcə artıran yazılarının müstəqil Azərbaycan dövlətçiliyi şəraitində çapına böyük ehtiyac vardır. Bu baxımdan “Mirzə Ələkbər Sabirin sənət dünyası” kitabı günün tələbini cavablandırıb.

Professor Mir Cəlal Paşayevin zəngin elmi-ədəbi yaradıcılığı və onun M.Ə. Sabir irsinə olan marağı çağdaş oxucular üçün böyük maraq doğurur. Bu baxımdan “Mirzə Ələkbər Sabirin sənət dünyası” adlı məqalələr toplusu ədəbi-tarixi əlaqə, ənənə və varislik mövzusunu ədəbiyyatşünaslığımız üçün aktuallaşdırır, Sabir irsinə Mir Cəlalın baxışlarını əks etdirir.

Əlizadə Əsgərli,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini,
filologiya elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında