Generalın tale yolu

Hüseyn Rəsulbəyov – 100

Bu günlərdə Azərbaycan və Dağıstan ictimaiyyəti görkəmli hərbi və dövlət xadimi, artillerya general-leytenantı Hüseyn Rəsulbəyovun anadan olmasının 100 illiyini böyük təntənə və yüksək qədirbilənliklə qeyd edir. 1917-ci il iyulun 26-da Azərbaycanın qədim qala-şəhəri Dərbənddə dünyaya göz açmış soydaşımızın nəcib insani keyfiyyətləri, yüksək peşəkarlığı və dərin vətənpərvərliyi hər iki xalqın yeni nəsilləri üçün daim örnək kimi dəyərləndirilir, ibrətli bioqrafiya kimi xatırlanır.

Hüseyn Rəsulbəyovun Dərbənddən başlayan ömür yolu keçmiş SSRİ-nin müxtəlif ünvanlarından, Böyük Vətən müharibəsinin od-alovundan ötüb keçsə də, nəhayət, uşaqlıqdan qəlbində isti yuva qurmuş sevimli Bakıya gəlib çıxmış və bu şəhər həmişəlik taleyinin baş ünvanına çevrilmişdir. Bu yerdə, ötəri də olsa, mistik bir mənalandırmadan yan keçə bilmirsən. Məsələ ondadır ki, Hüseyn Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordumuzu təsis etdiyi 26 iyun günündən düz bir il əvvəl, özü də iki min ildən bəri Azərbaycan dövlətlərinin hərbi-strateji şəhəri, istehkam-qalası olmuş şəhərdə dünyaya göz açmışdı.

Bəlkə, buna görədir ki, onun sonrakı bioqrafiyası da, əsasən, hərbi sahə və Azərbaycanla bağlı olmuşdu. Hüseyn müharibədən sonra sovet ordusu adlanan nəhəng hərbi qurumun onun tarixi vətənini əhatə edən Bakı Hava Hücumundan Müdafiə Dairəsində xidmətini davam etdirmiş və məhz Azərbaycanda artilleriya general-leytenantı ali zabit rütbəsinədək yüksəlmişdi.

 Burası da diqqətçəkəndir ki, gənclik dövründə baş verən ciddi tarixi hadisələr Hüseynin dəmir yolunda rabitəçi olmaq arzusunu başqa səmtə yönəltsə də, illər keçəndən sonra tale onu həyatının əziz şəhərində, yüksək bir mövqedə əzəli istəyinə qovuşdurdu: o, ömrünün son 10 ilində Azərbaycanın rabitə naziri olmuşdur.

Bütün bu yozumlardan sonra burası yəqindir ki, biz bu gün xalqımızın görkəmli sərkərdə oğlunun 100 illik yubileyini Milli Ordumuzun yaradılmasının 99-cu ildönümü ilə eyni vaxtda ikiqat bayram şəraitində qeyd edirik. Və o da əlamətdardır ki, Hüseyn Rəsulbəyovun doğulduğu Dərbənd şəhəri, tarixən, Azərbaycan və Dağıstan arasında qardaşlıq körpüsü olduğundan, şəhər bu rolu indi də yüksək səviyyədə gerçəkləşdirdiyindən iki diyarın yetirməsinin şanlı yubileyini hər iki xalq dostluq bayramı kimi qeyd edir.

Dərbəndin əsrlər boyu böyük Avrasiyanın Güneyi isə Quzeyi arasında dəmir qapı sayılan qala divarları uşaqlıqdan balaca Hüseyndə min bir duyğu yaradırdı. Məktəbdə tarixdən öyrəndiklərini təsəvvüründə canlandıranda isə gözləri önündən bir-birini əvəz edən qanlı savaşlar gəlib keçirdi. Pillələrlə “Narın qala”ya qalxıb onun ətrafında uşaqlarla “dava-dava” oynayanda, sanki, qulaqlarında ötənlərin qılınc-qalxan cingiltisi, top-tüfəng gurultusu əks-səda verərdi. O vaxt Hüseynin ağlına da gəlməzdi ki, onun qurub-yaratmaq arzulu yaxın gələcəyi tarixin ən böyük və dəhşətli dünya müharibəsindən keçəcək, dinc dəmiryolçu olmaq istəyini məsul və uzunmüddətli hərbi xidmət əvəz edəcək.

O ki qaldı Hüseynin əzəli dəmiryolçu olmaq arzusuna, bu da Avropa ilə Asiyanı birləşdirən ilk dəmiryol xəttinin Dərbənddən keçməsi, polad yolların bu şəhərin həyatında oynadığı üstün rolla bağlı idi. O dövrkü gənclik üçün dəmiryolçuluq nüfuzlu və çörəkli peşə sayılırdı. Dünyanın hər tərəfinə uzanan bu qoşa yollar onları arzuların min bir ünvanına səsləyirdi. Hüseyn də 15 yaşında ikən bu duyğu-düşüncələrlə, dəmiryolçu olmaq üçün çox da uzaqda olmayan Şimali Qafqazın Orconikidze şəhərindəki Yol Politexnikumuna üz tutmuşdu.

Bu məktəbi əla qiymətlərlə bitirən gənc Hüseyn yol rabitəçisi ixtisası ilə Şimali Qafqaz Dəmir Yolunun Mineralnıye Vodı stansiyasında distansiya mexaniki kimi işə başlamışdı. O, yol rabitəçisi peşəsini daha dərindən mənimsəmək üçün 1936-cı ildən təhsilini Leninqrad Siqnalizasiya və Rabitə Mühəndisləri İnstitutunda davam etdirmişdi.

Yaxınlaşmaqda olan müharibəyə hazırlıq tədbirləri ilə bağlı müdafiə sahəsinə yaxın olan rabitəçilər sırasından da bilikli və bacarıqlıları seçilib xüsusi hərbi məktəblərə göndərilirdi. Hüseyn Rəsulbəyov isə bu prosesdə Dzerjinski adına Moskva Artilleriya Akademiyasının dinləyicisi olmuşdu. Soydaşımız 1941-ci ilin mayında ali hərbi təhsilini bitirəndə Odessa Sahil Qoşun Qrupunun 15-ci hərbi hava hücumundan müdafiə briqadasında xidmətə başlamışdı. Baş leytenant Hüseyn Rəsulbəyov bir ay sonra SSRİ-yə gəlib yetişən II Dünya müharibəsini briqadanın cihazlar üzrə mühəndisi kimi ilk xidmət yerində qarşılamışdı.

Odessanın 73 gün davam edən qəhrəman müdafiəsi Böyük Vətən müharibəsinin tarixinə ən dəhşətli və şərəfli döyüş səhifələrindən biri kimi yazılmışdı. Həmin günlərdə qorxubilməz azərbaycanlı balası Hüseynin öz xidməti vəzifəsini yüksək peşəkarlıqla yerinə yetirməsindən əlavə, ekstremal vəziyyətlərdə göstərdiyi hünər də onun adını şəhərin qəhrəman müdafiəçilərinin sırasına həkk etmişdi.

Hüseyn Rəsulbəyov qəhrəman şəhər Sevastopolda da mərdliklə vuruşmuşdur. Müharibənin üçüncü ilindən isə o, Qafqaz uğrunda gedən döyüşlərə qoşulmuş, həmişə yüksək peşəkarlığı, cəsarəti və fədakarlığı ilə xalqımızın adına başucalığı gətirmişdir. Onun döyüş yolu Zaqafqaziya Cəbhəsi 2-ci hava hücumundan müdafiə briqadasında davam etmiş və bu cəbhənin 99-cu hava hücumundan müdafiə divizionunun artilleriya təchizatı rəisi kimi başa çatmışdır.

Böyük Vətən müharibəsindən sonra Hüseyn Rəsulbəyov yeni başlayan “soyuq müharibə” illərinin ön cəbhələrindən sayılan SSRİ-nin cənub hava sərhədlərini, eyni zamanda, Azərbaycanın hava məkanını qoruyan Bakı Hava Hücumundan Müdafiə Dairəsinə göndərilmişdi. O, 1945-ci ilin oktyabrından 1949-cu ilin fevralınadək Bakı Hava Hücumundan Müdafiə Ordusu 1-ci divizionun artilleriya təchizatı rəisi, 1950-ci ilin martınadək Bakı Hava Hücumundan Müdafiə Dairəsi təhcizat rəisi müavini və sonrakı 11 ildə bu xidmətin rəisi olmuşdu. 1960-1962-ci illərdə Hüseyn Rəsulbəyov dairənin mühəndis-texniki xidmət rəisi vəzifəsinədək yüksəlmiş, bu dövrdə ona general-mayor hərbi rütbəsi verilmişdi.

Taleyi birdəfəlik Bakı ilə bağlanmış general sonrakı 4 ildə Bakı HHMD-nin zenit-raket qoşunları komandanının müavini, 1966-cı ildən 1975-ci ilədək isə komandanı olmuşdu. 1968-ci ildə sovet hökumətinin qərarı ilə Hüseyn Rəsulbəyova general-leytenant rütbəsi verilmişdi. O, bu ali hərbi rütbəyə çatmış az sayda Azərbaycan generallarından biri idi.

Ümummilli lider Heydər Əliyev general Hüseyn Rəsulbəyovu yaxından tanımış, onun xidməti uğurlarını həmişə yüksək qiymətləndirmişdir. 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlmiş ulu öndəri respublika rabitəsini öncül mövqelərə çıxarmaq hədsiz qayğılandırmışdır. Bir neçə illik kadr axtarışından sonra o, bu məsul vəzifəni yerinə yetirə biləcək ən layiqli namizəd kimi mahir hərbi rabitəçi Hüseyn Rəsulbəyovun üzərində dayanmışdı.

Beləliklə, generalın həyat yolunda yeni məsul cəbhə-- mülki rabitə meydanı açılmışdı. 1975-ci ildə Heydər Əliyevin xeyir-duası ilə ehtiyata çıxmış artilleriya general-leytenantı Hüseyn Rəsulbəyov Azərbaycanın rabitə naziri təyin edilmişdi. O, ömrünün sonuna kimi bu yüksək vəzifədə təşəbbüskarlıq və məsuliyyətlə çalışmış, respublikanın rabitə şəbəkəsində bir sıra ciddi yeniliklərə imza atmışdı.

Hüseyn Rəsulbəyovun rəhbərliyi altında məsul vəzifələrdə çalışmış, rabitə naziri müavini vəzifəsinədək yüksəlmiş Ömər Hüseynov o dövrü belə xatırlayırdı: “1974-cü ildə respublikanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə telefon rabitəsi xidmətinin inkişaf etdirilməsi üçün xüsusi qərar verildi. Belə bir vaxtda Hüseyn Rəsulbəyov tam formalaşmış rabitəçi kimi nazirliyə rəhbərlik edirdi. O, rabitənin inkişafı ilə paralel olaraq, kadrların yetişdirilib yerləşdirilməsi ilə də ciddi məşğul olurdu.”

Ömər Hüseynov daha sonra xatırlayırdı ki, həmin illərdə bütün sahələrdə gedən inkişaf rabitədə də öz əksini tapmışdı: “Nazir müavini kimi mən Hüseyn Rəsulbəyovla beş il bir yerdə işlədim. O illərdə həmin dövrün tələbləri baxımından rabitə ağlasığmaz dərəcədə inkişaf etməyə başladı. Axır vaxtlar ağır xəstəlik ondan əl çəkmirdi. Bir az yaxşı olan kimi işə gələrdi. Onun hər gəlişi bizim üçün toy-bayram idi. Amma görürdük ki, general şam kimi əriyir. Dərindən qüssələnir, kədərlənirdik. Axır ki, əcəl macal vermədi...”

O vaxtlar SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Moskvadan Bakıya gəlib dəfndə iştirak etmişdi. Böyük rəhbər general və nazir Rəsulbəyovun keçdiyi həyat yolundan danışaraq demişdi: “Belə ömür sürənlər ölmürlər, əbədi yaşayırlar.”

Doğrudan da, nazir kimi Hüseyn Rəsulbəyov Azərbaycana yüksək xidmət nümunəsi qoyub getdi. Rabitəçi generalın yaratdığı müasir texniki-xidmət bazası çox keçmədi ki, müstəqil Azərbaycan dövlətinə xidmət etməyə başladı. Bununla onun ən böyük arzusu həyata keçdi və ruhu şad oldu.

Hüseyn Rəsulbəyovun xidmətləri öz dövrünün ən yüksək dövlət təltiflərinə layiq görülmüş, adı Azərbaycanda və Dağıstanda əbədiləşdirilmişdir. Onun xatirəsi xalqımızın qəlbində həmişə Vətənə qeyrət və namusla xidmət etmiş, Azərbaycanın adını ucaltmış ali şəxsiyyət kimi yaşayır.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında