Şamaxıda nadir arxeoloji tapıntılar

Tariximizin öyrənilməmiş səhifələri

Bu günlərdə Azərbaycanın arxeoloji xəritəsinə əlavə olunan daha bir abidə -daş qutu qəbirlərdən ibarət Dəmirçi nekropolu Şamaxı şəhərindən 35 kilometr şimali-qərbdə, dəniz səviyyəsindən təqribən 1800 metr yüksəklikdə, Dəmirçi kəndinə məxsus yaylaqda aşkar olunub. Üç hektara yaxın sahəsi olan bu abidə 2015-ci ilin ortalarında Şamaxı-Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı təsadüfən üzə çıxmışdır. O zaman Şamaxı rayon rəhbərliyinin müraciəti əsasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları abidəyə baxış keçirmiş və oradan bir ədəd üzük tapmışlar. Bunun ardınca isə bəzi səriştəsiz insanlar tərəfindən axtarış adı ilə orada ekskavatordan istifadə olunmaqla ciddi dağıntılar törədilmişdir. Nəhayət, bu il may ayının əvvəlindən etibarən SOCAR və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Dəmirçi arxeoloji ekspedisiyası bir ay ərzində orada tədqiqat axtarışları aparmışdır.

Şamaxı-Dəmirçi-Lahıc yolunun sol kənarında uzunluğu 30 metr, eni 20 metr olan, cəmi 600 kvadratmetr sahə seçilmişdir. İlkin olaraq tədqiq ediləcək sahə şimal-cənub və şərq-qərb istiqamətində olan 2 metrlik yoxlama qazıntılara – şurflara bölünmüşdür. Məlumat üçün onu  da bildirək ki, tədqiq olunan ərazi uzun illər ərzində yerli əhali tərəfindən taxıl və ya kartof əkini üçün istifadə olunmuşdur. Odur ki, ərazi hər dəfə ağır texnika ilə şumlanarkən daş qutu qəbirlərin üzərinə qoyulmuş iri sal daşların xeyli qismi ya sındırılmış, ya da yerindən tərpədilmişdir. Nəticədə, qəbir avadanlıqlarına xeyli ziyan dəymişdir. Xatırladaq ki, ekspedisiya tərəfindən Dəmirçi kəndi yaxınlığındakı ərazilərdə daş qutu qəbirlərdən ibarət daha bir neçə nekropol da aşkar olunaraq qeydiyyata alınmışdır. 

Öyrənilən sahədə daş qutu qəbirlərin ilkin nişanələrinə qazıntı yer səthindən 50 santimetr dərinliyə çatdıqda rast gəlinib. Dərinlik 90 santimetr olanda qazıntının bütün kvadratlarında daş qutu qəbirlər üzə çıxdı. Onların ümumi sayı 28 ədəddir. Qəbirlərin 18 ədədinin üstü açılaraq tədqiq olunmuşdur.

Tədqiq olunan qəbirlərin hamısının baş və ayaq tərəfləri iri lay daşlarla qapanmış, yan divarları çaydaşı və ya əhəngdaşı ilə hörülmüş, üstü isə iri sal daşlarla örtülmüşdür. Qəbirlərin üst örtüyü kimi istifadə olunmuş sal daşların xeyli qisminin uzunluğu 2 metr, eni 1,5 metr, qalınlığı 10-40 santimetr, ağırlığı isə 500-600 kiloqramdan daha artıqdır. İndiki halda 6-7 nəfər insanın çətinliklə yerindən tərpədə bildiyi  bu cür kifayət qədər ağır və iri ölçülü daşların 1700-1750 il bundan öncə hansı üsullarla tədarükü və onların səliqə ilə qəbirlərin üstünə yerləşdirilməsi maraq doğurur. Maraqlıdır ki, qəbirüstü daşlardan birinin üzərində qazıma-cızma üsulu ilə qədim yazı nümunələrinə bənzər işarələr qeydə alınıb. Qəbirlərin kamerasını təmizləyərək öyrənmək üçün əvvəlcə onların üst örtüyü götürüldü. Təbiidir ki, son dərəcə ağır və iri olduğundan həmin daşları yerindən tərpətmək və kənara qoymaq çox çətinlik törədirdi. Xüsusən də bir tərəfi sınaraq qəbirlərin içərisinə düşmüş daşları götürmək daha  çətin idi.

Ekspedisiya tərəfindən öyrənilən daş qutu qəbirlərin hamısının içərisində skelet və kifayət qədər zəngin dəfn avadanlığı qeydə alınıb.  Qəbirlərdə müxtəlif cins və yaş kateqoriyalarına aid insanlar dəfn edilmişdir. Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, öyrənilən qəbirlərdən üçündə qadın, altısında uşaq, səkkiz qəbirdə isə kişi dəfn olunub. Kişilərin orta boy ölçüsü təqribən 172 santimetr, qadınların orta boy ölçüsü isə 161 santimetrdir. Dəfn olunan insanların, demək olar ki, hamısının yaşı 50-dən aşağıdır. Müəmmalı məqamlardan biri də, ölçüsünə görə kiçik yaşlı uşağa aid edilə biləcək qəbirlərdən birində nə skelet, nə də digər qəbir avadanlıqları olmamasıdır. Antropoloji tədqiqatların mühüm elmi nəticələrindən biri də Dəmirçi nekropolunda skeletləri tapılmış insanların hamısının müasir azərbaycanlıların ulu əcdadları olan kaspilər olduğunun müəyyənləşdirilməsidir. Skeletlər sıx və ya zəif bükülü vəziyyətdə olmaqla sol və ya sağ böyrü üstə aşkar edilmişdir. Daha dəqiq desək, kişilər başı şimal-şərq istiqamətində olmaqla, sol böyrü üstə, qadınlar isə başı cənub-qərb istiqamətində sağ böyrü üstə dəfn edilmişdir.

Qeyd olunduğu kimi, aşkar edilən daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin və rəngarəng çeşidli maddi-mədəniyyət nümunələri qeydə alınmışdır. Tapıntılar içərisində keramika məmulatı sayca üstünlük təşkil edir. Onlar əsasən ağzı büzməli və ya lüləkli formada olan təkqulplu su qablarından ibarətdir. Bütün qabların qulpları gövdə ilə ağız hissəsinin kənarını birləşdirir. Su qablarının əksəriyyətinin qulplarının üzəri barmaq batıqları, habelə kəsmə və ya çərtmə naxışlarla bəzədilmişdir. Tək və ya çoxqulplu qazan və küpə tipli nümunələrə də tez-tez təsadüf olunur. Həmin nümunələrin bir qismi uzun müddət od üzərində qızdırıldığından divarları yanaraq qaralmışdır.

Daş qutu qəbirlərdə qeydə alınmış saxsı qablar dulus dəzgahından istifadə olunmadan, əllə hazırlanmışdır. Bu səbəbdən də onların səthində nahamarlıq və ümumi formasında assimmetriklik aydın hiss olunur. Diqqət çəkən məqamlardan biri də saxsı qabların tərkibində iri qum qatışığı olan məsaməli gildən hazırlanmasıdır. Onu da xatırladaq ki, Dəmirçi nekropolunda aşkar olunan saxsı qabların bir qismi elmi ədəbiyyatda Şirvan tipli qablar adı ilə bəlli olan qövsvari formalı asma qulpa malik olan nümunələrdən ibarətdir.

Saxsı məmulatı ilə yanaşı, qəbir avadanlıqları içərisində dəmir, bıçaq, qılınc və xəncərlər, şüşə, parça və dəri nümunələri, gümüş sikkələr, möhür-üzüklər, bilərziklər, asma bəzəklər, toqqalar, düymələr, müxtəlif fiqurlar, rəngarəng çeşidli muncuqlar, dəmir qılınc və xəncərlər, bıçaqlar və çoxsaylı digər bəzək əşyaları da vardır.

Tədqiq olunmuş 10 və 11 saylı qəbirlərdə skeletin başının altında Roma istehsalı olan gümüş nimçə üzə çıxmışdır. Elmi cəhətdən çox mühüm tapıntılardan biri isə 10 saylı qəbirdəki nimçənin içərisində yaşı 40-dan yuxarı olan insana məxsus skeletin başı altında parça qalıqlarının aşkar olunmasıdır. Bu, Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış ən qədim parça nümunələrindən biridir. Həmin skeletin yanında uzunluğu 65 santimetr olan dəmir qılınc və 35 santimetr olan dəmir xəncər də aşkar edilmişdir. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və ya toplum içərisində xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir. Maraqlı burasıdır ki, 11 saylı qəbirdə də, eyni ilə 10 saylı qəbirdə olduğu kimi, skeletin başı altına gümüş nimçə qoyulmuşdur. Görünür, həmin şəxs də toplum içərisində xüsusi  nüfuz sahibi olub.

Elmi cəhətdən xüsusilə daha çox maraq doğuran zəngin qəbirlərdən biri də 18 saylı qəbirdir. 11 saylı qəbrin yanındakı həmin qəbirdə təqribən 45-46 yaşlarında olan qadın dəfn edilmişdir. Qadın skeletinin başının arxa tərəfində dəri qalıqları ilə yanaşı, çoxsaylı və rəngarəng çeşidli zinət əşyaları aşkar olunmuşdur. Görünür, həmin zinət əşyaları dəfn zamanı dəri torbaya yığılaraq qəbirə qoyulmuşdur. 18 saylı qəbirdə qeydə alınmış zinət əşyaları əsasən aşağıdakılardan ibarətdir:

1. Ləl-cəvahiratla bəzədilmiş iki ədəd qızıl sırğa. Xatırladaq ki, qırmızı və qara ləl (qranat nar) dənəcikləri ilə bəzədilmiş zərgərlik nümunələri son Antik dünyasında və xalqların böyük köçü arealı incəsənətində çox geniş yayılmışdır. Qeyd edək ki, bunlara bənzər daha iki ədəd sırğa nümunəsi ötən əsrin 30 və 60-cı illərində professor  Y.Poxomov və arxeoloq F.Osmanov tərəfindən Qalagah (İsmayıllı rayonu) abidəsindən tapılıb.

2. İnsan təsvirli gümüş fibula-sancaq. Dünyaya övlad gətirməkdə olan ananın təsvir olunduğu bu tapıntı elmi ədəbiyyatda qadın ilahəsi kimi təqdim olunur. Bu, Azərbaycan ərazisindən tapılan ikinci gümüş fibula-sancaqdır. Xatırladaq ki, ötən əsrin 50-ci illərində Mingəçevir tədqiqatları zamanı tapılmış olan gümüş fibula Dəmirçi nekropolundan tapılan anoloji nümunə ilə müqayisədə bir qədər kiçikdir. 

3. Qaş hissəsində təsvirləri olan 14 ədəd möhür-üzük.

4. 23 ədəd pilək.

5. 5 ədəd aypara formalı asma-bəzək.

6. Hər iki üzündə təsvir olan 2 ədəd gümüş düymə.

7. 1 ədəd tunc sancaq.

8. 1 ədəd tunc miniatür dolça.

9. 5 ədəd metal bilərzik.

10. Asma bəzək kimi istifadə olunmuş 15 ədəd gümüş sikkə.

11. 6 ədəd insanformalı sədəf – bəzək.

12. Üzərində insan təsviri olan 11 ədəd Misir pastasından ibarət asmalar.

13. Üzərində altar qarşısında iki kahin təsviri olan şüşə üzük qaşı.

13. Pasta, əqiq, sədəf, kəhrəba, şüşə, tunc, daş və digər minerallardan hazırlanmış 1250 ədəd müxtəlif ölçülü və formalı muncuq və s.

Əlbəttə ki, bu dərəcədə çox zəngin və rəngarəng çeşidli zinət əşyalarının qeydə alındığı həmin qəbirdə toplum içərisində xüsusi nüfuz sahibi olan şəxslərdən birinin, yaxud onların ailə üzvlərindən  birinin dəfn olunduğu şəksizdir.

Bir sıra əlamətlərinə, xüsusilə də 18 saylı qəbirdən tapılmış sikkə nümunələrinə əsasən abidənin III əsrin sonu - IV əsrə aid olduğu dəqiqləşmişdir. Xatırladaq ki, analoji abidələr xalqların böyük köçü dövründə Uzaq Şərqdən tutmuş Şərqi Avropaya qədər olan çox geniş coğrafi arealda – türk xalqlarının yaşadığı ərazilərdə yayılmışdır. Heç şübhəsiz, Dəmirçi nekropolunda aşkar edilmiş rəngarəng çeşidli nadir maddi-mədəniyyət nümunələri qədim Azərbaycan dövləti olan Albaniyanın tarixini, xüsusilə də onun antik dünya ilə ticarət və mədəni əlaqələrini, alban ordusunun silah-sursatla təchizat səviyyəsini, dəfn adətlərini, ənənəvi məişət və mədəniyyətinin ayrı-ayrı aspektlərini daha dərindən öyrənmək baxımından olduqca mühüm elmi əhəmiyyət kəsb edir.

Məlumat üçün onu da bildirək ki, Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində müxtəlif növ qəbir tipləri aşkar olunub. Məsələn, alban dövrünə aid abidələrdə ölülərin küp, təknə, sadə torpaq, katakomba və daş qutu qəbirlərdə dəfn olunduğu müəyyən edilib. Diqqəti cəlb edən məqamlardan biri də budur ki, daş qutu qəbirlər hələlik əsasən dağlıq, dağətəyi və yamac yerlərdə qeydə alınıb. Xatırladaq ki, Azərbaycan ərazisində Antik və Erkən orta əsrlərə aid daş qutu qəbirlər professor Cabbar Xəlilov tərəfindən XX əsrin 50-60-cı illərində Xınıslıda (Şamaxı rayonu) geniş miqyasda tədqiq olunmuşdur. Deyilənlərə onu da əlavə edək ki, Azərbaycan ərazisində daş qutu qəbirlər hələ Tunc dövründən məlumdur.

Abidədən tapılmış qızıl məmulatı saxlanmaq məqsədi ilə Milli Azərbaycan Tarixi Muzeyinə, parça məmulatı isə tədqiq və mühafizə üçün Azərbaycan Xalça Muzeyinə təhvil verilmişdir. Digər metal nümunələr və bəzək əşyaları laboratoriya şəraitində təmizlənərək öyrənilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunmuşdur. Abidədə aşkar olunmuş skelet nümunələri isə antropoloji cəhətdən daha müfəssəl öyrənilmək məqsədilə Arxeologiya və Etnoqrafiya İnstitutunun müvafiq laboratoriyasına təhvil verilmişdir. 

Dəmirçi nekropolunda arxeoloji tədqiqatlarla yanaşı, ekspedisiya tərəfindən Dəmirçi kəndinin əhalisinin məişət və mədəniyyətinin tarixi-etnoqrafik aspektdən öyrənilməsi üçün bir ay ərzində çöl materialları toplanmışdır. Hazırda həmin materialların elmi cəhətdən təhlili və ümumiləşdirilməsi istiqamətində iş davam etdirilir.

Ekspedisiya rəhbərliyi hesab edir ki, tariximizin bir sıra problemlərinin araşdırılması baxımından əhəmiyyətini nəzərə alaraq, Dəmirçi nekropolunda və ətraf ərazidə arxeoloji tədqiqatlar daha geniş miqyasda davam etdirilməlidir. Bakı, Şabran və Şamaxı şəhərlərini Lahıcla birləşdirən qədim karvan yolunun üstündə olması və həmin yolun yenidən işlənməsi nəticəsində bölgənin aktiv turizm regionuna çevrilməsi perspektivini, habelə ərazinin relyef və iqlim şəraitini nəzərə almaqla Dəmirçi nekropolunun konservasiyası da məqsədəuyğun olardı.

Bu baxımdan tarixi-mədəni irsin tədqiqi, mühafizəsi, konservasiyası və təhlili sahəsində kifayət qədər müsbət təcrübəsi olan, mütəxəssisləri Dəmirçi nekropolunun tədqiqində bilavasitə iştirak edən “Miras” İctimai Birliyinin təklif etdiyi “Qaranlıq dünya turizmi” layihəsi son dərəcə cəlbedici görünür. Xatırladaq ki, analoji layihələr Avropa məkanında uğurla həyata keçirilməkdədir. Fəxrlə deməliyəm ki, son illər Azərbaycan dövləti və Heydər Əliyev Fondunun diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi-mədəni dəyərlərin qorunması, konservasiyası və təbliği istiqamətində dünyanın bir çox ölkələri tərəfindən nümunə kimi dəyərləndirilən və öyrənilən çox mühüm işlər görülməkdədir. Əmin olmaq istərdik ki, hazırda inşası davam etdirilməkdə olan Şamaxı-Dəmirçi-Lahıc yolu üzərində yerləşən Dəmirçi nekropolu da konservasiya edilərək bölgənin cəlbedici arxeoloji turizm obyektlərindən birinə çevriləcəkdir.

 

Qafar Cəbiyev,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Dəmirçi arxeoloji ekspedisiyasının rəisi,
tarix elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında