Milli oftalmologiyamızın görkəmli nümayəndəsi, dünya şöhrətli oftalmoloq, akdemik Zərifə xanım Əliyevanın nəsillərə örnək olan ömür yolundan, insanlara şəfa gətirən elmi-təcrübi araşdırmalarından, nurlu xatirəsinin həmişə əziz tutulmasından bəhs edən populyar nəşrlər sırasına “ Yanar qəlb” adlı daha bir dəyərli kitab-albom əlavə olunmuşdur.
Professor Fatma Abdullazadənin layihəsi əsasında tədqiqatçı jurnalist, qeyri-hökumət təşkilatı rəhbəri R.Bahar Sonamın ərsəyə gətirdiyi bu zəngin bədii-sənədli, illüstrativ topluda istedadlı alim, təcrübəli həkim, gözəl insan, qayğıkeş ana, vəfalı həyat yoldaşı Zərifə xanımın yüksək ideallardan qaynaqlanan əməlləri, zəngin fəaliyyəti ilə bağlı qiymətli sənədlər, dəyərli mülahizələr və lirik-fəlsəfi mənalandırmalar bir-birini tamamlayır, çağdaş nəsillərin təsəvvüründə unudulmaz soydaşımızın bitkin obrazını canlandırır. Elm və təhsil” nəşriyyatının nəfis tərtibatla buraxdığı kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, professor Nadir Məmmədlidir.
Müəllif gələcəyin böyük oftalmoloqunun ömür yolu barədə incələməsinə “Bir ana vardı...”adlı poetik girişlə başlamışdır:
Onun qəlbində o qədər işıq vardı ki...
O yanar qəlb – zərif bir çiçək...
O qədər nurlu idi ki,
Şəfqəti bütün dünyaya yetirdi.
Bahar Sonam sərbəst şeir üslubunda belə incələmələrini akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən elmi-bioqrafik oçerklə davam etdirmişdir. Bu yazıda ekoloji fəsadların kəskinləşdiyi bir şəraitdə ömrünü nəzəri və təcrübi təbabət yolunda şam kimi əritmiş, axtarış və tapıntıları ilə dünya oftalmologiyasının ön mövqelərinə çıxmış Azərbaycan aliminin həyat yolu və qazandığı ciddi uğurlar əhatəli təqdim olunmuşdur.
Sonrakı bölmədə təhlükəsizlik zabiti Heydər Əliyevlə gənc göz həkimi Zərifə Əliyevanın həyat yollarında tale ulduzlarının qoşalaşmasının tarixçəsindən bəhs olunur. Bu məqamda Zərifə xanımın atası, görkəmli ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin öz həyat yoldaşı Leyla xanıma söylədiyi “Heydərin gələcəyi parlaqdır” sözləri o müdrik şəxsiyyətin böyük uzaqgörənliyindən xəbər verir, illər sonra xalqımızın ümummilli lideri zirvəsinə yüksələn yetkin bir soydaşımızın tale çırağını yandıran alışqanı xatırladır. Müəllif bu taleyüklü hadisəni də poetik ricətlə mənalandırmışdır.
“Bir işığın xatirələri, etiraflar...” bölməsində akademik Zərifə Əliyeva barədə Azərbaycanın və yaxın-uzaq xarici ölkələrin məşhur tibb xadimlərinin məqalə və xatirələri toplanmışdır. Bu sırada yer almış akademiklər Püstəxanım Əzizbəyovanın “Al, bu işığı sənə verirəm!..” və Mirməmməd Cavadzadənin “Bir damla suda Günəş...”, professor Aydın İmaməliyevin “Cazibə”, Rusiya Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik M.Krasnovun “Alimlik zirvəsi”, Helmqols adına Moskva Göz Xəstəlikləri İnstitutunun rəhbəri K.Trutnevanın “Alim, pedaqoq, insan”, pofessor Z. Skripniçenkonun “Alim ömrü” məqalələri kitaba məxsusi sanbal, elmi-nəzəri məzmun gətirmişdir.
Ölkəmizin nüfuzlu ziyalılarından akademik Vasim Məmmədəliyevin, professorlar Fatma Abdullazadənin, Paşa Qəlbinurun, Xalq rəssamı Ömər Eldarovun, görkəmli xarici oftalmoloqlardan akademiklər A. Nesterovun və N.Puçkovskayanın, professorlar A. Brovkinanın, O. Dobromıslovanın və digər nüfuzlu insanların xatirə və mülahizələri xalqımızın dünya şöhrətli oftalmoloq qızının yüksəldiyi elmi zirvənin ucalığını və əzəmətini qədərincə anlamağa imkan yaradır. Bölmədə toplanmış digər yazılar da Zərifə xanım Əliyevanın nurlu obrazına dəyərli çizgilər əlavə edir.
Əbədiyyətə qovuşandan sonra Zərifə Əliyevanın xatirəsinin həmişə əziz tutulması, nəcib obrazının ölməzliyi də nəşrdə layiqli yer tutmuşdur. Bu baxımdan görkəmli akademik, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı və Prezident İlham Əliyevin anası Zərifə Əziz qızı Əliyeva ilə 1985-ci il aprelin 15-də o zamankı sovet rəhbərlərinin də iştirak etdiyi vida və dəfn mərasiminin rəsmi xronikası, dövlət müstəqilliyi illərində unudulmaz alimin xatirəsinin anılması ilə bağlı materiallar kitaba xronikal zənginlik qazandırmışdır. Ulu öndərin Zərifə xanımın anım günündə söylədiyi nitq, mərhum alimin qəbirüstü abidəsinin təqdimat mərasimi barədə material məşhur oftalmoloqun xatirəsinin doğmaları, onu yaxından tanıyanlar və bütövlükdə xalqımız üçün necə əziz olduğunu dolğunluğu ilə əks etdirir.
“Yanar qəlb...” kitab-albomu R. Bahar Sonamın Zərifə xanım Əliyevanın ölməz xatirəsinə dərin sevgisini ifadə edən lirik duyğularla və psixoloji düşüncələrlə yekunlaşır. Nəşrə xalqımıza zəngin və dəyərli elmi-mənəvi irs qoyub getmiş ölməz təbibin həyatına və xatirəsinə işıq salan fotoşəkillər əlavə olunmuş, nəfis poliqrafik tərtibat verilmişdir.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.