“O, hansı məkandır?!”

...O, Naxçıvandır,

Nəqşi-Cahandır,

Azərbaycandır!

Əməkdar incəsənət xadimi, bəstəkar Hacı Nazim Quliyevin yenicə çapdan buraxılmış “O, hansı məkandır?!”  adlı  kitabı  bu məşhur mahnının epiqrafı  sayılan sözlərlə açılır. Ulu Naxçıvan torpağının gözəl, ecazkar təbiətini tərənnüm edən, el şənliklərində oxunan, xoş təranəsi ilə  konülləri ehtizaza  gətirən mahnı uzun illərdir dillər  əzbəri  olmuşdur.

 Yeni nəşr XX əsrdə yaşamış, Naxçıvan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan görkəmli ustad, tarzən, pedaqoq, bəstəkar Vahid Axundovun həyat fəaliyyətinə həsr olunmuşdur. Müəllif monoqrafiyada   məhşur “O, Naxçıvandır” mahnısının bəstəkarı Vahid Axundovun həyat və yaradcılığından  söz  açır. Kitabı oxuduqca Vahid Axundovun Böyük Vətən müharibəsindən sonra Naxçıvanda şərq üçlüklərinin, xalq çalğı alətləri ansambllarının  yaradılmasında, ifaçılıq və bəstəkarlıq sənətinin inkişafında mühüm xidmətləri ilə tanış oluruq.

İllər ötməsinə baxmayaraq  bu gün də dillər əzbəri olan Vahid Axundovun “O,Naxçıvandır!” (sözləri  Əliheydər  Qənbərovundur), “Ordubad”, “Ay qız” (sözləri Hüseyn Razinindir) mahnıları, rəqslər, dəramədlər  dinləyicinin ruhunu oxşayır,  mənəvi  varlığına  rahatlıq  gətirir.

Kitabda yaradıcılıqla yanaşı, Vahid Axundovun pedaqoji fəaliyyəti, onun yetirdiyi şagirdlərin Azərbaycan musiqi mədəniyyətinin inkişafında tutduqları yüksək mövqe  müəllif  tərəfindən ətraflı tədqiq olunmuşdur. Ustad sənətkar Vahid Axundov 1950-ci ildən başlayaraq ömrünün sonunadək Naxçıvan şəhər 1 saylı uşaq musiqi məktəbində muğam fənnini tədris etmiş, yüzlərcə şagirdə tar sənətinin incəliklərini, muğamların sirlərini öyrətmiş və öz  davamçılarını yetirmişdir.

Kitabın bir hisəsini Naxçıvanda  musiqiçilərin yetişdirilməsi və inkişafında müstəsna xidmətləri olan görkəmli pedaqoq Vahid Axundovun şagirdlərinin   muğamat müəllimləri haqqında  xatirələri  təşkil edir.

 Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, pedoqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nazim Kazımov haqqında xatirələrində yazır: “Vahid müəllimin mənim inkişafımda, muğamın sirlərinə yiyələnməyimdə xüsusi xidmətləri var və bunu heç vaxt unutmaram.Vahid müəllimin həm də bəstəkarlıq  istedadı var  idi. Onun çoxlu sayda mahnısı var.Vahid müəllim heç bir mahnı yazmasaydı belə, onun məşhur “O, Naxçıvandır!” mahnısı ilə necə musiqiçi olduğu bəlli olardı. Bu mahnı Xalq artisti Abdulla  Babayevin ifasında ulu öndərimiz Heydər Əliyevin ən çox sevdiyi mahnılardan biri idi...”

Bu gün Vahid Axundov irsini onun oğlu, Naxçıvan MR əməkdar artisti  Zöhrab  Axundov  layiqincə  davam  etdirir.

Afət Sadıqoğlu,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında