“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının təqdimatı olub

İyunun 8-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü ərəfəsində nəşr olunan “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının təqdimat mərasimi keçirilib.

Rəsmi qurumların nümayəndələrinin, alimlərin və mütəxəssislərin iştirak etdikləri mərasimdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli sərəncamının önəmindən danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna rolunu vurğulayan Ə.Amaşov “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının əhəmiyyətini diqqətə çatdırıb. 

Qeyd olunub ki, kitab müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin parlamanı - Məclisi-Məbusanının fəaliyyətinə dair “Azərbaycan” qəzetində dərc olunmuş hesabatlar və şərhlərdən bəhs edir. “Azərbaycan” qəzeti 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin salnaməsi olub. Qəzetdə parlament həyatına aid dəyərli hesabatlar və şərhlər var. Nəşr tariximizin bu mötəbər mənbəyini öyrənmək istəyən hər bir oxucu üçün faydalıdır.

Kitabdakı materialları araşdırıb toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən, lüğətin tərtibçisi professor Şirməmməd Hüseynov, nəşrin transliterasiya redaktorları professor Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.

Ə.Amaşov professor Şirməmməd Hüseynovun mötəbər elmi araşdırmalarının nəticəsi olan bu kitabın dəyərli tarixi mənbə olduğunu vurğulayıb. 

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, fəaliyyətindən bəhs edib. Deputat bildirib ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul olunub. Bu tarixi hadisə heç zaman unudulmayacaq. Azərbaycan Xalq Cümhuriyyəti böyük mübarizələrin bəhrəsidir, onu yaradanlar daim sonsuz sevgi və məhəbbətlə anılacaqlar. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının tariximiz, elmimiz, mədəniyyətimiz üçün dəyərli töhfə olduğunu vurğulayan R.Hüseynov bu böyük salnamənin professor Şirməmməd Hüseynovun əvəzsiz xidmətlərinin bəhrəsi olduğunu diqqətə çatdırıb. 

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Azərbaycan Xalq Cümhuriyyəti qurucularının keçdikləri çətin və şərəfli mübarizə yollarından danışıb. “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabı haqqında fikirlərini bölüşən B.Sadıqov bu nəşrin tariximiz üçün dəyərli mənbə olduğunu bildirib. 

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, deputat Fazil Qəzənfəroğlu, professor Cahangir Məmmədli və digər çıxış edənlər də Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan, təqdim olunan kitabın əhəmiyyətindən bəhs ediblər.

Professor Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin çox əlamətdar, unudulmaz hadisəsi olduğunu vurğulayıb, müasir müstəqil dövlətimizin uğurlarından danışıb. 

Alim, eyni zamanda, tariximizin daha dərindən araşdırılmasının, tədqiq olunmasının, öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb, tədbir iştirakçılarına təşəkkürünü bildirib. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında