IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabat mərasimi keçirilib

Forumun təşkilinə verdiyi dəyərli töhfələrə görə bir sıra qurumlar mükafatlandırılıb

Bakıda reallaşan "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, iyunun 7-də baş tutan tədbirdə əvvəlcə forumun yekunlarına həsr olunmuş videoçarx nümayiş olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb.

Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı prosesi" təşəbbüsü irəli sürülüb. "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı gələn il “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcək. Bildirib ki, bu münasibətlə “Bakı prosesi” mükafatı təsis olunacaq və yüksək səviyyəli rəsmilərə təqdim ediləcək.

Əbülfəs Qarayev qeyd edib ki, forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Nüfuzlu beynəlxalq qurumlar – UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO foruma tərəfdaş olub.

Diqqətə çatdırılıb ki, Forum çərçivəsində 40-dək konfrans, sessiya, panel və digər tədbir keçirilib. Forumda 120-dək ölkə rəsmisi, 38 beynəlxalq təşkilatın nümayəndəsi, 50-dən çox qeyri-hökumət təşkilatı iştirak edib. Ümumilikdə tədbirə təqribən 800-dən çox xarici nümayəndə qatılıb.

Nazir vurğulayıb ki, Forum çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı keçirilib. Həmçinin Azərbaycanın təklifi ilə hökumət rəhbərləri və nazirlərin təmsil olunduğu Dünya Forumu nazirlər görüşü baş tutub. Forumda ilk dəfə “Bakı prosesi”nə yeni element kimi ekstremizmə qarşı mübarizədə parlamentlərin mədəniyyətlərarası dialoqunun roluna xüsusi yer verilib.

Ə.Qarayev bildirib ki, forum çərçivəsində BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ilə birgə “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusunda xüsusi plenar sessiya keçirilib. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Nazir xüsusilə vurğulayıb ki, forum BMT-nin televiziyasında və saytında canlı yayımlanıb. 25 milyonadək insan canlı olaraq forumu izləyib.

Mərasimin sonunda forumun təşkilinə verdiyi dəyərli töhfələrə görə bir sıra dövlət qurumlarına, Milli Məclisin deputatlarına təşəkkürnamələr verilib. Təşəkkürnamə alanlar arasında forumun rəsmi media tərəfdaşı AZƏRTAC da var.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında