Azərbaycan xalçaları Belqradda sərgilənir

Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Serbiyanın paytaxtı Belqradda “Əvəzolunmayan dəyərlər” adlı sərgi açılıb.

Belqrad Etnoqrafiya Muzeyində gerçəkləşən sərgi  Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beşillik əməkdaşlıq memorandumuna əsasən reallaşıb.

Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, sərginin dizayneri isə tanınmış avstriyalı memar Kristian Şturmingerdir.

Azərbaycan Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Serbiyanın Mədəniyyət və İnformasiya Nazirliyinin, digər dövlət qurumlarının, Serbiya ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər.

Sərginin açılışında Belqrad Etnoqrafiya Muzeyinin direktoru xanım Miryana Menkoviç, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə və digərləri çıxış edərək xalçaların yer aldığı sərginin əhəmiyyətindən danışıblar.

Serbiyanın “Pirot” kilimlərinin ötən il Bakıda, Azərbaycanın xalça muzeyinin eksponatlarının isə bu il Belqradda nümayiş etdirilməsinin qarşılıqlı əməkdaşlığa töhfə olduğunu deyən natiqlər, eyni zamanda, belə sərgilərin xalqlarımızın yaxınlaşmasına xidmət etdiyini bildiriblər. 47 ədəd eksponatın nümayiş edildiyi sərgidə XIX-XX əsrlərə aid xovsuz və xovlu xalçalar, xalça məmulatları, görkəmli xalçaçı-rəssam, xalça elminin və Azərbaycan Xalça Muzeyinin banisi Lətif Kərimovun müəllif xalçaları, habelə XIX əsrə aid misgərlik, bədii tikmə və milli geyim nümunələri də təqdim olunur. Üç vitrin üzrə nümayiş olunan xalçaların əhalinin müxtəlif təbəqələrinin həyatındakı gündəlik rolu və mənəvi estetik aspekti tərənnüm edilir.

Sərgi çərçivəsində Azərbaycanın Serbiyadakı səfirliyinin və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə serb və azərbaycanlı musiqiçilərin iştirakı ilə konsert proqramı da təşkil edilib.

İyulun 1-dək davam edəcək sərginin açılış mərasimi və zəngin mədəniyyətimizin incisi sayılan qədim xalça nümunələrimiz serb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında