“Milli mətbəximiz bayatılarda”

Yeni nəşrlər

Xalqımızın  dəyərli  ziyalılarından olan Hacı Cabir Xəlifəzadə özünün çoxşaxəli fəaliyyəti ilə həmişə diqqət mərkəzində olub.  Onu xalqımıza sevdirən bir çox “ilk”lərə imza atmasıdır.

Hacı  Cabir Azərbaycan tarixində ali  təhsilli  ilk peşəkar kulinardır ki,  qədim  və  zəngin milli  mətbəximizin tarixini araşdırıb, dəyərli  kitablar yazaraq, bugünkü və gələcək nəsillərə çatdırıb.  Cabir Xəlifəzadə ilk peşəkar  kulinardır ki, milli mətbəx mədəniyyətimizi, nəinki respublikamızın müxtəlif  bölgələrində,  eləcə  də  bütün dünyada  yorulmadan  yayaraq, təbliğ edib.

Qeyd  etməliyik ki, bu işə  o,  keçən  əsrin ikinci yarısından  –  yetmişinci  illərdən başlayıb.  O vaxtlar  Azərbaycan müstəqil deyildi, sovet  imperiyasının tərkibində idi.  Cabir müəllim  Azərbaycan  Dostluq  və  Mədəni  Əlaqələr Cəmiyyətinin üzvü və  yenicə formalaşdırdığı milli kulinariyamızın təşkilatçısı  kimi,  tez-tez  xarici səfərlərdə  olurdu. Bu imkandan fəal istifadə edən  vətənpərvər kulinar getdiyi ölkələrdə  milli mətbəximizin zəngin nümunələrini,  geniş çeşiddə ləziz xörəklərimizi,  mürəbbələrimizi,  salatlarımızı  və içkilərimizi fəal surətdə  dünya xalqlarına tanıtdırır və təbliğ edirdi.

Hələ o dövrdə Qərbi  Avropanın Almaniya, Portuqaliya, İtaliya, Lüksemburq, Belçika  və digər ölkələrində  bənzərsiz  Azərbaycan süfrəsini açmaq,  ləziz  milli təamlarımıza  əcnəbiləri qonaq etmək şərəfi Cabir Xəlifəzadəyə nəsib  olmuşdu.

Belə tədbirlərdə o, uzun  illərdən  bəri  yazıb  ərsəyə  gətirdiyi və öz vəsaiti hesabına ingilis dilində nəşr etdirdiyi dəyərli kitabları da  əcnəbi oxuculara hədiyyə verir, xalqımızın tarixi və mədəniyyəti barədə onlarda təsəvvür yaradırdı.

Təsadüfi deyil ki, onun bir  sıra əsərləri, o cümlədən  “Azərbaycan  mətbəxinin sirləri” (“The secrets of the Azerbaijan Cuisine”) dünya siyasətinin bir  çox nəhəng simalarının --  o  cümlədən, Henri Kissincerin, bu  günlərdə dünyasını dəyişmiş Zbiqnev Bjezinskinin şəxsi kitabxanalarında saxlanılır.

Azərbaycan Yazıçılar  və  Jurnalistlər birliklərinin üzvü olan Cabir Xalifəzadə 15-dək kitabın, yüzlərlə elmi-publisistik  məqalənin müəllifidir.  Yaşı səksəni  adlamış Hacı Cabir  bu gün də  gənclik həvəsi ilə yazıb-yaradır.  Onun  bu  günlərdə çapdan çıxmış kitabı “Milli mətbəximiz bayatılarda” adlanır. Müəllif  kitaba “Ön söz əvəzi”ndə yazır: Vətənimiz Azərbaycan tarixən təkcə təbiətinin füsunkar gözəlliyi, mülayim iqlimi, bərəkətli, bağ-bağatlı torpağı,  zəngin  yeraltı və yerüstü sərvətləri ilə  şöhrət qazanmamışdır, həm  də xalqımızın müdrikliyi, əməksevərliyi, özünəməxsus milli mətbəxi, mətbəx mədəniyyəti,  ləziz xörəkləri, qonaqpərvərliyi ilə tanınmışdır. Zaman-zaman ölkəmizə gələn əcnəbi səyyahları, turistləri, iş adamlarını,  idmançıları,  bir sözlə,  qonaqları özünə  cəlb  etmiş,  özünəməxsus üslubda salınmış evləri,  karvansaraları, mehmanxanaları, eyni zamanda, yüksək məişət  və süfrə  mədəniyyəti ilə onları heyran etmişdir.

Deyərdim, cənnəti
                         kürreyi-ərzin

Mənim məmləkətim
                       Azərbaycandır!..

Kitab tamamilə  yeni  mövzuya – milli xörəklərin bayatılarda  təsvirinə  həsr  olunub. Bu,  əslində,  milli  kulinariyamıza, mətbəximizə yeni  baxışdır, folklorla mətbəximizin  qovuşması  deməkdir:

Bağça məndə, bar məndə,

Heyva məndə, nar məndə.

Könlüm məlhəm yeridir,

Nə istəsən, var məndə.

 

Əziziyəm, dost aşı, 

Dost xörəyi, dost aşı.

Namərdlə  xoş gündənsə,

Dostun ilə  daş daşı.

“Milli mətbəximiz bayatılarda” kitabı (məsləhətçi Xalq şairi  Fikrət Qoca, redaktoru Firuzə Nadirdir) barədə  qeydlərimizin sonunda bildirək ki, Hacı Cabir xalqımızın müdrik ağsaqqallarından, geniş  dünyagörüşünə malik olan,  xeyirxahlığı,  mərdliyi, dostluğa  sədaqəti, sözübütövlüyü,  insanlara məhəbbəti dədə-baba  əmanəti  kimi  qoruyub saxlayan,  yaşından  və sönməyə  qoymayan  say-seçmə  imanlı  kişilərdəndir. Hacı Cabir Xəlifəzadə kimi yazarların ən böyük sərvəti  zəngin  həyat  təcrübələridir. Onların  əsərlərini  oxumaqla həmin sərvətlərə  sahib  çıxmaq olar.

Qüdrət PİRİYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında