Deyirlər, o kəs xoşbəxtdir ki, həyatın ilk baxışda yekrəng və yeknəsəq görünən səfini, axarını zəhmətin bəxş etdiyi gözəllik və rahatlıq hesabına nizamlayıb fiziki və mənəvi zövq mənbəyinə çevirməyi bacarır. Bu cür adamlar tükənməz enerji qaynağı olmaqla ətrafdakılarını da eyni pozitiv enerjiyə yoluxdura bilmək istedadına malikdirlər.
Gündəlik təsərrüfat qayğılarından baş götürüb həyat, zəhmət və insan üçbucağının fəlsəfəsinə gəlib dirənən söhbətlərindən zövq aldığım mənalı insanlardan biri də Xəndan Mürsəl oğlu Əhmədovdur.
Bu adamla həmsöhbət olmaq nəyə görə asan və maraqlıdır? Əvvəla, o səriştəli təsərrüfatçı, təcrübəli rəhbər işçidir. İkincisi, ilk baxışdan ciddi, bəlkə də bir qədər zəhmli təsir bağışlayan simasının arxasında səmimi, təvazökar, tanıyıb-tanımadığı adamların hər birinin dərd-sərini içindən keçirməyi bacaran həssas bir insandır. Ən başlıcası isə o, sözün həqiqi mənasında, peşəkardır, həmdəm olduğu işin sərrafıdır, ən çətin sahədə belə “döyüş”dən qorxub çəkinməyən sədaqətli əsgərdir.
* * *
Xəndan Əhmədovun ömürlüyü özü kimi sadədir. Qədim Azərbaycan yurdu Zəngəzurda dünyaya göz açıb. Uşaqlığından zəhmətin dadını tamsınıb; quzuya da gedib, kövşənlərdə kərənti vurub, ot çalıb, baldırğanlı-yarpızlı bulaqların diş göynədən suyundan içib...
Məktəbi bitirdikdən sonra çoxları kimi onun da yolu Bakıya düşüb. Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunub. Oxuya-oxuya 2 nömrəli Bakı evtikmə kombinatında işləyib.
...Və 1984-cü ildən taleyini “Azərenerji” ilə bağlayıb. İlk iş yeri Kirov Rayon Elektrik Şəbəkəsi oldu. Dörd il sonra Sumqayıt Elektrik Şəbəkəsinə təyinat alan X.Əhmədov Enerji Satış İdarəsinin rəis müavinliyindən 2000-ci ildə Sumqayıt Elektrik Şəbəkəsinin direktoru vəzifəsinədək çətin və məsuliyyətli bir yol keçib. 2001-ci ildən isə respublikanın şimal bölgəsinə xidmət edən “Azərenerji” ASC “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-nin direktoru vəzifəsində çalışır.
Bu gün düz 33 ildir ki, Xəndan müəllim ölkənin enerji sistemində işləyir. Və bu müddətin nə az, nə çox – tam 30 ili Sumqayıtın payına düşür. Üç onillik tarix üçün bir göz qırpımına bərabər zaman məsafəsi olsa da, insan ömrü üçün, bu, böyük vaxtdır. Özü bu barədə deyir ki, keçib gəldiyim yollara baxanda daxilən də olsa tez-tez özümə sual vermişəm ki, bu illər ərzində nə etmişəm, nələrə nail olmuşam?! Xalqımın, dövlətimin, məni təltif edən hörmətli Prezidentimizin göstərmiş olduğu etimadı doğrulda bilmişəmmi? Bu gün həmin suala, təvazökarlıqdan hər nə qədər uzaq olsa da, alnıaçıq, şəstlə cavab verə bildiyim üçün hesab edirəm ki, xoşbəxt adamam.
Cəsarətlə söyləmək olar ki, Sumqayıt elektrik şəbəkəsində indiyədək həyata keçirilmiş texniki yenidənqurma işləri, reallaşdırılmış layihələr bir rəhbər işçi və təsərrüfatçı kimi X.Əhmədovun şəxsi nümunəsindən, çoxillik zəngin təcrübəsindən, işgüzarlığından, səriştə və peşəkarlığından qaynaqlanmışdır.
Fransız mütəfəkkiri V.Hüqo yazırdı ki, gələcək iki tip insanlara məxsusdur: fikir və zəhmət adamlarına. Əslində, onlar üzvi vəhdət təşkil edirlər; belə ki, düşünmək elə işləmək deməkdir.
Həm fikir, həm də zəhmət adamı olan Xəndan Əhmədovla söhbət etdikcə, onda qəribə bir energetik qüvvənin varlığına şahid olursan. O, gördüyü və hələ görüləsi işlər barədə elə şövqlə, ilhamla danışır, ölkənin energetika infrastrukturunun perspektivləri ilə bağlı elə miqyaslı ideya və təşəbbüslərlə yaşayır ki, istər-istəməz müsahibi də bu ovqata yoluxur. Onun tükənməz həyat eşqindən, quruculuq həvəsindən, yaratmaq istəyindən doya bilmirsən. Qeyri-ixtiyari fikirləşirsən ki, iş adlı məfhum olmasaydı belə, Xəndan müəllim kimi insanlar onu mütləq icad edəcəkdilər.
* * *
Ötən illər ərzində Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin istehsal gücü və fəaliyyət miqyası əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, əgər 2001-2008-ci illər ərzində Sumqayıt şəbəkəsinin balansında 495 kilometr hava xətti və gücü 1798 MVA olan altı ədəd yarımstansiya vardısa, ölkə Prezidentinin 2009-cu il 16 oktyabr tarixli sərəncamı ilə onun balansına yeni şəbəkələr daxil olmuş və hazırda “Sumqayıt YGEŞ” MMC 3350 kilometr hava xətti və gücü 2886 MVA olan yarımstansiyalara malik bir şəbəkə kimi fəaliyyət göstərir. Şəbəkə Sumqayıt regionu ilə yanaşı, ölkənin şimal bölgəsinin, Abşeron yarımadasının bir hissəsinin, eləcə də Şamaxı-Qobustan-Mərəzə rayonlarının enerji təchizatını təmin edir.
Sumqayıt şəbəkəsi, həmçinin Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının enerji sistemlərini birləşdirən beynəlxalq statuslu şəbəkədir. Belə ki, 330 kv-luq Xaçmaz hava xətti ilə qarşılıqlı enerji mübadiləsi ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə inşa olunmuş Yaşma yarımstansiyası vasitəsilə aparılır.
İnşasına 1984-cü ildə başlansa da çox tezliklə “saqqallı tikintilər” cərgəsinə daxil olan Sumqayıt “Sənaye qovşağı” yarımstansiyası məhz X.Əhmədovun təşəbbüsü və səyləri sayəsində quraşdırılıb sazlanaraq istifadəyə verilmişdir. Bu gün bildiyimiz kimi, Sumqayıt şəhərində açılışında dövlət başçısınınn da iştirak etdiyi və Azərbaycanın qeyri-neft istiqamətli inkişafının əsasını təşkil edən nəhəng sənaye zonası yaradılıb, texnologiyalar parkı fəaliyyət göstərir. Həmin mühüm obyektlərin fasiləsiz enerji ilə təminatı vəzifəsi məhz bu qovşağın payına düşür.
Xəndan müəllim deyir ki, müstəqillikdən bəri, xüsusilə də son 10 ildən bir qədər artıq müddət ərzində ölkənin energetika sistemində son dərəcə böyük işlər görülüb. Təkcə elə bizim şəbəkədə görülən işləri “sayğaca vuranda” heyrətə gəlirəm. Ancaq bu müsbət emosiyalarla müşayiət olunan heyranlıqdır.
Müasir dünyanın reallıqları ölkələrin enerji təminatı məsələsini sosial-iqtisadi çərçivədən çıxararaq, ona mühüm siyasi məzmun vermişdir. Bu gün planetimizdə özünü göstərən qlobal münaqişələrin də əsas etibarilə enerji resurslarına sahiblik iddiaları ətrafında cərəyan etdiyi heç kəsə sirr deyil. Belə bir şəraitdə milli təhlükəsizliyin əsas elementlərindən biri kimi enerji təhlükəsizliyi probleminin uğurlu həlli Azərbaycan kimi müstəqilliyini yenicə qazanaraq, daxili və xarici təhdidlərə, müxtəlif maneə və münaqişələrə baxmayaraq, demokratik inkişaf yolunda əzmlə irəliləyən dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edir.
Bu gün energetika nəinki iqtisadiyyatın prioritet sahəsidir, o, bütövlükdə cəmiyyətin inkişafının strateji istiqaməti və mənbəyidir. Gəlin nəzər salaq; dünyada istər geosiyasi, istər geoiqtisadi, istərsə də hərbi müstəvidə baş verən münaqişələrin hamısının kökündə enerjiyə sahiblənmək istəyi durur. O ölkə sabit, rifahlı, inkişafyönlü sayılır ki, öz enerji təhlükəsizliyini təmin etmiş olsun. Azərbaycan nəinki həmin ölkələrin sırasındadır, üstəlik Avropanın enerji təhlükəsizliyinə töhfəsini verməklə, bütövlükdə dünya miqyasında qlobal enerji siyasətinin fəal oyunçularından birinə çevrilmişdir.
Unutmaq olmaz ki, Azərbaycanın energetika sənayesinin inkişafının mənbəyində ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti durur. Cəsarətlə və mübaliğəsiz söyləmək olar ki, məhz ümummilli liderin təşəbbüs və rəhbərliyi ilə həm 70-80-ci, həm də 90-cı illərdə ölkəmizdə nəhəng energetika kompleksinin yaradılması XX əsrdə Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdəndir.
Bu gün isə energetika sənayesində əldə edilmiş uğurların əsl mənbəyi, yeganə ünvanı ölkə Prezidenti cənab İlham Əliyevin bu vacib sahəyə davamlı diqqət və qayğısıdır. Dövlət başçısının yürütdüyü qətiyyətli və ardıcıl iqtisadi siyasət sayəsində ölkənin elektroenergetika sənayesində böyük nailiyyətlər əldə edilmiş, yeni və mütərəqqi texnologiyaların tətbiq edilməsi ilə respublikada generasiya gücləri ixrac imkanlarını reallaşdıra biləcək qədər artmış, Azərbaycanı xarici ölkələrlə birləşdirən yüksək gərginlikli magistral elektrik verilişi xətlərinin yenidən qurulması təşkil edilmişdir. Prezidentin prioritet istiqamət kimi elektroenergetika sektoruna diqqəti “Azərbaycan Respublikasında yanacaq-energetika kompleksinin inkişafı (2005-2015) üzrə Dövlət Proqramında və “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda öz ifadəsini tapmış, sahənin perspektiv inkişafı ilə bağlı tapşırıq və vəzifələr ölkənin milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində əksini tapmışdır.
* * *
Müasir dövrdə elmlə istehsalatın əməkdaşlığından, bilik iqtisadiyyatından çox bəhs edilir. Elektroenergetika məhz tətbiqi elm sahəsi olduğuna görə fundamental elmi biliklərin tətbiqi üçün əlverişli platforma sayıla bilər. Elə buna görə də düşünmək olar ki, X.Əhmədovun uğurlarının bir sadə, amma qayət etibarlı və möhkəm təməli də alim kimi öz fəaliyyətində elmlə istehsalatın uğurlu simbiozunu yarada bilməsidir. O, texnika elmləri doktoru kimi elektroenergetika sahəsində elmin yeniliklərini cəsarətlə praktikaya tətbiq edir. Onun ixtira və səmərələşdirici təklifləri enerji itkilərini minimuma endirməyə, elektrik avadanlıqlarının işinin maksimum effektivliyini təmin etməyə yönəlmişdir.
* * *
Vətəni, xalqı, dövləti sevmək hər bir insanın vətəndaşlıq borcudur.
Bəs Yer üzünün zövqünü, səfasını, xoşbəxtliyin rəngini, tamını, məqamların alisini, əbədisini millətinə, xalqına, bəşəriyyətə təmənnasız xidmətdə tapmış neçə adam göstərə bilərsiniz? Belələrini sadalamaq üçün bəzən bircə əlin beş barmağı belə kifayət edir. Xəndan Əhmədov onların sırasındadır.
Rusların hər yeri düşəndə təkrarlamaqdan usanmadığım ibrətamiz bir məsəli var: İnsan tək çörəklə yaşamır. Bəli, türk qardaşlarımız demiş, “adam kimi adam” olmağın yolu çörəkdən, löyün-löyün təamdan deyil, qəlbin, əməlin zənginliyindən, səni bu yola ürcah etmiş niyyətin, məqsədin ülviliyindən, dünyanın ən qiymətli naz-neməti kimi mənəvi dəyərlərə etibar və sədaqətdən keçir.
Xəndan Əhmədov da şəxsi istək, maraq və mənafelərini ölkənin, dövlətin, xalqın mənafelərinin ayağına gətirməyi bacaran vicdanlı vətəndaşlardandır.
Amma əlahəzrət vaxt da öz sözünü deməyi bacarıb. Zamanın insaf-mürvət tanımayan kotanı saçlarına əl gəzdirib. Lakin nə qəm; 60 yaşında da şuxluğu, həyat eşqi, qurub-yaratmaq həvəsi əskilməyib ki, hələ üstünə bir az da gəlib.
Bəli, 60 yaş! Çoxdumu, azdımı... qərar vermək çətindir. Bir də ki, baxır bu rəqəmə hansı meyarla yanaşırsan. Amma biz səmimi qəlbdən uzun və sağlam bir ömür payı arzulayırıq Xəndan müəllimə. Çünki niyyəti, məramı xeyirxah insanlar aramızda nə qədər çox olsalar və daha çox ömür sürsələr, bu dünyanın mizanı, səfi, ilqarı da o qədər çox duruş gətirər.
* * *
Sonda bircə onu əlavə etmək qalır ki, Xəndan Əhmədovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, “Şöhrət” ordeni və “Tərəqqi” medalı ilə təltif edilmişdir.
MDB ölkələri arasında elektroenergetikanın inkişafında xüsusi xidmətlərinə görə X.Əhmədov “MDB-nin Əməkdar mühəndisi” fəxri adına layiq görülmüşdür.
Milli təfəkkürümüzdə işıq həmişə Xeyirin Şər üzərində qələbəsi, xoş əməllərin, aydınlığın təntənəsi kimi müqəddəs sayılıb. Xəndan müəllim də bütün dünya nura qərq olsun, deyə özünü məsləkinə fəda edənlərdəndir.
* * *
Hə, az qala unutmuşduq. Sərlövhəyə çıxardığımız ifadə böyük dağlı şairi Rəsul Həmzətova məxsusdur. Şairin zamanında əl-əl gəzən “Mənim Dağıstanım” əsərində belə bir rəvayət vardı ki, uzaq dağ aullarında yaşayan dağlılar hər gecə daha gur yansın deyə, çırağın piltəsini yuxarı cəkib pəncərəyə qoyarmışlar ki, gecələr yol azan yolçular həmin işıqla gedəcəkləri səmti müəyyənləşdirə bilsinlər.
Çünki işıq insan həniri, insan məskəni, insan qonaqpərvərliyi deməkdir.
Xalid Qüdrətoğlu
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.