Şamaxıda “Sabir poeziya günləri”

Mayın 30-da Azərbaycanımızın qədim paytaxtı Şamaxı şəhərində XX əsr milli ədəbiyyatımızın parlaq siması, dahi şairimiz Mirzə Ələkbər Sabirin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Sabir poeziya günləri” təşkilat komitəsinin sədri Əjdər Ol, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əhməd Qəşəmoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əməkdar artist Ağalar Bayramov və respublikanın digər tanınmış şair və yazıçıları, həmçinin İranın Azərbaycan vilayətindən gəlmiş  qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Şamaxıdakı abidəsini ziyarət edərək,  önünə tər çiçəklər düzmüşlər. Daha sonra M.Ə.Sabirin və S.Ə.Şirvaninin qəbirüstü abidələri ziyarət edildikdən sonra tədbir Şamaxı Mədəniyyət Mərkəzində davam etdirilib.

Tədbiri giriş sözü ilə açan şair Əjdər Ol  “Sabir poeziya günləri”nin, əslində, bütün ədəbiyyatsevərlər üçün bir bayram olduğunu bildirib və bu bayramın tarixindən, əhəmiyyətindən geniş söhbət açıb. Sonra  AYB-nin sədri, Xalq yazıçısı Anar dahi şairin həyat və fəaliyyəti barədə danışaraq, 1961-ci ildən etibarən hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətini qeyd edib, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi Mirzə Ələkbər Sabirə xalq məhəbbətindən söz açıb. O, damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız üçün Sabirin əbədi qürur mənbəyi olduğunu vurğulayıb.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Əhməd Qəşəmoğlu, Rəşad Məcid, Cənubi Azərbaycandan olan şair Sayman Aruz və digər şair və yazıçılar çıxış edərək, dahi şairin keçdiyi çətin həyat yolundan, onun yaradıcılığının bənzərsizliyindən danışıblar. Onlar şairin ömür yolunun müxtəlif məqamlarına toxunaraq Sabir satiralarını müsəlman Şərqində bir intibah, oyanışa təkan verən amil kimi qiymətləndiriblər. Çıxış edənlər, həmçinin Sabir poeziyasının ölməzliyini, hələ də öz qüdrətini saxladığını vurgulayıblar.

Tədbirdə dahi şairin nəvəsi, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli, qiraət ustası, Əməkdar artist Ağalar Bayramov şairin şeirlərini səsləndirib, aşıq Məharət Habiloğlunun  ifasında aşıq mahnıları, xanəndə Habil Şıxəliyevin ifasında muğam və xalq mahnıları səsləndirilib.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında