Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, professor Seyid Sertçeliyin ermənilərin 1915-ci il hadisələri ilə bağlı əsassız iddialarını ifşa edən “Rus və erməni mənbələri işığında erməni problemi” ikicildliyinin Azərbaycan dilində çapdan çıxan versiyasının təqdimatı olub.
Təqdimat mərasimində nəşr haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ikicildlik “Meydana çıxma prosesi 1678-1914” və “1915-1923 müstəmləkə müharibəsi” əsərlərindən ibarətdir. “Turkish Petroleum Overseas Company Ltd” (TPAO) şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gələn əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub. İkicildliyin “Ön söz”ünün müəllifləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov və AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, deputat Musa Qasımlıdır.
Təqdimat mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral müəllif tərəfindən uzun illər boyu aparılan əsaslı tədqiqatlar nəticəsində qardaş xalqlarımızın tarixində ən mühüm dövrlərə aid ətraflı məlumat verən sanballı elmi əsərin ərsəyə gəldiyini vurğulayıb. Diplomat S.Sertçeliyin elmi əsaslarla, tarixi sənədlərlə ortaya qoyduğu bu həqiqətlərin erməni yalanları ilə mübarizə sahəsində güclü mənbə olduğunu bildirib. Səfir qeyd edib ki, biz gələcək nəsillərə tarixi olduğu kimi çatdırmalıyıq. Ermənilər türklər haqqında dünyaya yanlış məlumatlar çatdırmağa çalışırlar. Buna görə də qarşımızda çox mühüm vəzifə - erməni yalanlarını ifşa edərək əsl həqiqətləri dünyaya çatdırmaq dayanır. İkicildlik bu baxımdan böyük əhəmiyyət daşıyır.
Belə bir mühüm əsərin Azərbaycan dilinə tərcümə olunmasına görə “Turkish Petroleum Overseas Company Ltd” şirkətinin rəhbərliyinə minnətdarlığını bildirən səfir Erkan Özoral şirkətin ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”ndə iştirak etdiyini və həmin dövrdən ölkəmizdə fəallığı ilə seçildiyini vurğulayıb.
Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan və türk xalqlarının tarix boyu erməni qəsbkarlarının zülmlərinə məruz qaldıqlarını xatırladaraq, bədnam qonşularımızın cinayətkar əməllərinin dünyaya çatdırılmasında belə əsərlərin önəmini yüksək qiymətləndirib. Kitabın Azərbaycan dilinə tərcümə edilməsinin son illər erməni yalanlarının ifşa olunması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə böyük töhfə olduğunu vurğulayan Ə.Əmiraslanov bu istiqamətdə intensiv işlərin genişləndirilməsinin vacibliyini ifadə edib. O, ermənilərin qardaş xalqlarımıza qarşı törətdikləri cinayətlərin daha geniş öyrənilməsi baxımından bu əsərin gənclər arasında yayılmasının əhəmiyyətini qeyd edib.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkələrimiz arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq etdiyini deyən Ə.Əmiraslanov belə bir sanballı əsəri ərsəyə gətirdiyinə görə professor Səid Sertçeliyə minnətdarlığını bildirib.
Nizami Cəfərov çıxışında ikicildliyin yüksək akademizmi, faktların zənginliyi, hadisələrə obyektiv yanaşma tərzi ilə seçildiyini diqqətə çatdırıb. Ermənilərin əsrlər boyu dünyaya yaymağa çalışdıqları yalanlara qarşı mübarizə aparmaq, onları ifşa etmək üçün tarixçilərimizin, ziyalılarımızın üzərinə böyük vəzifə düşdüyünü vurğulayan N.Cəfərov əsərin ali məktəb tələbələri üçün də qiymətli vəsait olduğunu bildirib. Alim bu mühüm əsərin Azərbaycan dilinə tərcümə olunmasına görə TPAO-nun Azərbaycan nümayəndəliyinə minnətdarlığını bildirib.
Musa Qasımlı ermənilərin xalqlarımıza qarşı törətdikləri cinayətlərlə bağlı ən mühüm sənədlərin Rusiyanın müxtəlif arxivlərində saxlanıldığını bildirib. O, müəllifin öz tədqiqatlarında məhz həmin mənbələrə, o cümlədən Rusiyanın hərbi xadimlərinin, canişinlərinin məruzələrinə müraciət edərək qiymətli faktları üzə çıxardığını bildirib. O, belə bir kitabın Azərbaycan dilinə tərcümə edilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.
Erməni yalanlarının ifşası istiqamətində həm Azərbaycanda, həm də Türkiyədə görülən işlərdən danışan tarixçi alim əsərin rus dilinə tərcümə olunmasının vacibliyini xüsusi qeyd edib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı mühüm mövzuya həsr olunan belə bir əsərin daha geniş auditoriyada təbliğ edilməsinin zəruriliyini diqqətə çatdırıb. Müəllifin yüksək mənəvi keyfiyyətlərə, geniş intellektə malik ziyalı olduğunu vurğulayan M.İbrahimqızı Rusiyanın mühüm dövlət arxivlərində aparılmış gərgin araşdırmalar nəticəsində ortaya çıxan bu əsərin erməni məsələsi ilə bağlı sanballı elmi mənbə olduğunu bildirib. O, ikicildliyin dünyanın aparıcı dillərinə tərcümə edilərək nüfuzlu “beyin mərkəzləri”, ali təhsil müəssisələri arasında yayılmasının vacibliyini qeyd edərək belə tutarlı əsərə görə müəllifə minnətdarlığını bildirib və ona yeni yaradıcılıq uğurları arzulayıb.
Müəllif, professor Seyid Sertçelik çıxışında Sankt-Peterburqda doktorantura təhsili aldığı zaman erməni məsələsi ilə bağlı Rusiyanın dövlət arxivlərindəki zəngin tarixi sənədləri araşdırdığını bildirərək, bu amilin belə bir əsərin yazılmasına vəsilə olduğunu ifadə edib. O, arxivlərlə yanaşı, Sankt-Peterburqda və Moskvada müxtəlif kitabxanalarda yorulmadan tədqiqatlar apardığını bildirib. Əsassız erməni iddialarının həm Türkiyənin, həm də Azərbaycanın tarixşünaslığında mühüm istiqamətlərdən biri olduğunu vurğulayaraq, Türkiyədə bu problemə ötən əsrin 90-cı illərindən müraciət edildiyini bildirib. Erməni iddialarının Türkiyə torpaqlarında erməni dövlətinin qurulması məqsədinə xidmət etdiyini vurğulayan müəllif bu məsələnin tarixinin XVII əsrədək uzandığını vurğulayıb, ermənilərin əsrlər boyu xalqlarımıza qarşı törətdikləri cinayətləri tarixi faktlar əsasında diqqətə çatdırıb. O, erməni iddialarını ifşa etmək üçün elmi əsərlərlə yanaşı, filmlərin, sənədli ekran əsərlərinin hazırlanmasının və s. zəruriliyini qeyd edib, ikicildliyin Azərbaycan dilində tərcüməsi işində əməyi keçənlərə minnətdarlığını çatdırıb.
Kitabda əsrlər boyu yaşadıqları dövlətə - Osmanlı imperiyasına xəyanət edən ermənilərin yaratdıqları silahlı dəstələri ilə ruslar arasındakı münasibət və əlaqələr tarixi faktlar əsasında ətraflı şəkildə təqdim olunur. Moskva və Sankt-Peterburq arxivlərinin materialları əsasında yazılmış bu əsər erməni yalanlarını tarixi faktlar əsasında sübut etmək baxımından sanballı elmi mənbədir.
İkicildlik heç bir kommersiya məqsədi güdülmədən Azərbaycanın rəsmi qurumlarına, tədris müəssisələrinə, digər ictimai təşkilatlara paylanılacaq.
Çıxışlardan sonra professor Seyid Sertçelik kitablarını imzalayaraq tədbir iştirakçılarına təqdim edib.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.