Görkəmli politoloq, siyasi xadim Zbiqnev Bjezinski vəfat edib

Tanınmış ABŞ politoloqu Zbiqnev Kazimir Bjezinski mayın 26-da ABŞ-ın Virciniya ştatında Fols-Çerçdə 89 yaşında vəfat edib.

Görkəmli ABŞ politoloqu, sosioloqu, dövlət xadimi Zbiqnev Bjezinski  1928-ci il martın 28-də Varşavada zadəgan əsilli diplomat Tadeuş Bjezinskinin (1896-1990) ailəsində doğulub. Bəzi mənbələrə görə, Bjezinski atası Polşa konsulluğunda işləyərkən Xarkov şəhərində doğulub. 1938-ci ildən Kanadada yaşayıb, 1950-ci illərdə ABŞ vətəndaşlığı alıb. Makgill Universitetini bitirib.

Harvard Universitetində 1953-cü ildə SSRİ-də totalitar sistemin formalaşması mövzusunda dissertasiya müdafiə edərək politologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1953-1960-cı illərdə Harvard Universitetində müəllim kimi çalışıb, 1960-1989-cu illərdə Kolumbiya Universitetində kommunizm məsələləri üzrə instituta rəhbərlik edib. 1966-1968-ci illərdə Dövlət Departamentində planlaşdırma şurasının üzvü olan Zbiqnev Bjezinski sosialist ölkələrində baş verən bütün hadisələri totalitarizm konsepsiyası baxımından izah və şərh etməyi təklif edib. O, qlobal antikommunizm strategiyasının, texnotron era nəzəriyyəsinin və Amerikanın yeni tipli hegemonluq konsepsiyasının müəllifidir.

1977-1981-ci illərdə Bjezinski Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində çalışıb. SSRİ-nin 1979-cu ildə Əfqanıstana müdaxiləsindən sonra Bjezinski prezidentə təklif edir ki, yaranmış fürsətdən istifadə edib  SSRİ-ni böyük xərc tələb edən münaqişədə iqtidardan salsınlar.

Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi proqramlarının tərəfdarı olan Bjezinski mücahidlər hərəkatının başlanmasında əsas rolun prezident Karterə və ona məxsus olduğunu etiraf etsə də, “Əl-Qaidə” terror təşkilatının yaranmasında iştirakının olmadığını bildirirdi. 

Çox sayda kitabın və məqalələrin müəllifidir.

“Azadlıq prezident medalı”, Polşa Respublikasının “Ağ qartal ordeni”, Ukraynanın
“III dərəcəli knyaz Yaroslav Mudrıy ordeni”, “Latviyanın “Üç ulduz ordeninin böyük zabiti” ordeni ilə təltif olunmuşdur.

 Son illərdə Bjezinski ABŞ  Strateji və Beynəlxalq araşdırmalar mərkəzinin (CSIS -Centre of Strategic and International Studies) müşaviri, idarə heyətinin üzvü və Məşvərət Şurasının həmsədri olub.

Zbiqnev Bjezinski ümummilli lider Heydər Əliyevlə yaxın münasibət saxlamış, onun fəaliyyətini çox yüksək dəyərləndirmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında