Muğamın xoş sədası bu dəfə Sumqayıtdan yayıldı

VI Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələri mayın 22-də Azərbaycan həyatında əlamətdar hadisəyə – IV İslam Həmrəyliyi Oyunlarının bağlanış gününə təsadüf etdi.

Muğam dinləmələrində gənc xanəndələr öz çıxışlarında Əliağa Vahidin qəzəllərini səsləndirdilər. Şairin əsərlərində xalq ruhu, milli özünəməxsusluq qabarıq şəkildə nəzərə çarpır. Görkəmli xanəndələrimiz daim Əliağa Vahid irsindən ilham alıb, qəzəllərini repertuarlarına daxil ediblər. 

Müsabiqənin “Retro” proqramında Xalq artisti,  “Şöhrət” ordenli xanəndə Qədir Rüstəmov və Şahmalı Kürdoğlu Teleradionun fondunda saxlanan lent yazıları ilə o gecə hamının zövqünü oxşadılar.

Birinci onluğa daxil olan ifalardan Məftun Məmmədovun “Bayatı Şiraz”, Valid Abdullayevin “Zabul”u, Rəvanə Əmiraslanlının “Orta Mahur”u münsiflər tərəfindən 69 balla qiymətləndirildi. Nurlan Namazovun “Şahnaz” muğamı alqışlarla qarşılandı. Bunu qeyd edən münsiflər digər ifaçı Səma Sultanovanın “Şikəsteyi– Fars”ına da  yüksək qiymət–70 bal verdilər.

İkinci onluğun dinləmələri may ayının 25-də ölkəmizin iri sənaye mərkəzi olan Sumqayıt şəhərində–əsaslı təmir olunan, görkəmi göz oxşayan, 500 tamaşaçı yeri olan Hüseyn Ərəblinski adına Teatrın binasında oldu.

İkinci onluğa daxil olan və hər dəfə öz ifası ilə hamının zövqünü oxşayan Türkan Orucovanın o gecə oxuduğu “Mahur” muğamı münsifləri qane etmədi. Bu səbəbdən də Türkan yüksək bal ala bilmədi.

Məcid Əsrinin “Bayatı Qacar”ı, Almaxanım Əhmədlinin “Orta Mahur”u və Pərviz Qasımovun “Xaric Segah”ı tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Münsiflər ən yüksək 70 bal verdilər. Müsabiqənin şərtinə görə, ən az bal toplamış iştirakçı öz çıxışlarını dayandırır. Bu dəfə yarışmanı tərk edən Türkan Orucova oldu.

Üç aydan artıq davam edən VI Muğam Televiziya Müsabiqəsinin başa çatmasına çox az qalıb. Bu üç ayda gənc muğam ifaçılarımız sənətdə bir az da püxtələşmişlər.. Sevindirici haldır ki, bu yüksəlişdə qazanılan hər bir uğurlarda onları ərsəyə gətirən müəllimlərin və tövsiyələrini əsirgəməyən münsiflərin də öz payı vardır.

Rafiq SALMANOV,
“Xalq qəzeti”
(Foto müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında