Dünənin, bu günün, sabahın ustad sənətkarı (İlyas Əfəndiyevin doğum gününə)

Təqvim yada salır

Hər xalqın həyatında, ictimai mühitində, elm, sənət dünyasında elə şəxsiyyətlər, yaradıcı ziyalılar var ki, onların ömür yolu əbədi olaraq mənəvi bir məktəb kimi nəsillərə örnək olur. Belə şəxsiyyətlər ümumxalq sevgisi qazanır, yaşadıqları zaman kəsiyində də, dünyalarını dəyişib gedəndə də layiqli qiymətini alırlar. Bəzən insan belə şəxsiyyətləri yad etməyə əlamətdar bir səbəb axtarır. Öz fikirlərini cəmiyyətlə bölüşməyə məhz belə anda ciddi ehtiyac duyursan. Azərbaycanın görkəmli yazıçı və dramaturqu, publisisti və ictimai xadimi İlyas Əfəndiyev yaşadığı illərdə də, dünyasını dəyişəndən sonra da xalqın mənəvi qiymətinə layiq olmuşdur.

Öz bədii yaradıcılığı və mükəmməl sənət dünyası ilə Azərbaycan ədəbiyyatı və dramaturgiyasında orijinal bir məktəb yaratmış Xalq yazıçısı İlyas Əfəndiyev 1914-cü il may ayının 26-da anadan olmuşdur. Təqvimdəki bu tarix bir vaxtlar əsərlərini sevə-sevə oxuduğum, tamaşaya qoyulmuş pyeslərinə heyranlıqla baxdığım böyük bir sənətkarın ömür yoluna, bədii dünyasına yenidən qayıtmağıma səbəb oldu. Və mən cavan çağlarımda lirik-psixoloji ovqatda yazılmış povest və romanlarını birnəfəsə oxuduğum, sonralar – Bakı mühitinə gəldiyim çağlardan universitet müəllimi kimi hər dəfə tələbələrimi də apardığım tamaşaların müəllifi barədə belə bir qəti nəticəyə gəldim ki, İlyas Əfəndiyev Azərbaycan ədəbi mühitində tamamilə yeni və mükəmməl bir məktəbin yaradıcısıdır.

Bu məktəb bədii sözə yeni üslub çaları gətirməyi, nəsrin orijinal nümunələrini yaratmağı, bəzən çox böyük cəsarət və çox böyük risklə vaxtı keçməkdə olan ənənələri qırması, sovet senzurası şəraitində milli problemləri qoymaq və onları yaradan faktları tənqidi və nəhayət, dramaturgiyadakı yeni xətti ilə o zaman da, indinin özündə də bizi heyran etməkdədir. Bir az da qısa ifadə etsəm, qəti şəkildə deyərdim ki, bu gün yaradıcılıqları ilə fəxr etdiyimiz, ədəbiyyatımızda tamamilə yeni bir cərəyanın əsasını qoymuş “altmışıncılar” nəsli birbaşa İlyas Əfəndiyev, Rəsul Rza kimi ünlü ədiblərin açdıqları yola  borcludurlar.

Xalq yazıçısı İlyas Əfəndiyev elə bir istedad sahibi olmuşdur ki, onun hələ o zaman – 1939-cu ildə hadisə təsiri bağışlayan “Kənddən məktublar” adlı ilk hekayələr kitabı müəllifin periferiyada – doğulduğu Füzulidə yaşadığı dövrdə işıq üzü görmüşdü. Və bu ilk kitabdan sonra onun müəllifi Bakıya köçmüş və bundan sonra özünün şedevr əsərlərini yaratmışdır.

Diqqət etsək görəcəyik ki, Azərbaycanın önəmli maarifçi ziyalıları, klassikamızın ustadları – Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi yaradıcı şəxsiyyətlər öz estetik ideallarını millətə çatdırmaq, xalqa sözünü demək yolunda ədəbi növlərin, demək olar ki, hamısına müraciət etmişlər. İlyas Əfəndiyev bu yöndə və məzmunda fəaliyyət göstərmiş yaradıcı şəxsiyyətlər sırasında çox önəmli yer tutur. O da öz yaradıcılığında hansı idealları nə formatda çatdırmağı ustadcasına bilirdi. Və bir də bədii söz sənətinin nəzəri aspektlərini dərindən bilən və bu nəzəriyyəni yaradıcılığa tətbiq edən bu böyük sənətkar ədəbi fəaliyyətində millətə müraciət formatını çox ustalıqla müəyyən etməyi bacarmışdır.

Yaradıcılığa hekayələrlə başlayan yazıçının “Apardı sellər Saranı”, “Durna”, “Yarımçıq qalmış portret”, “Qoca tarmı çaldı” kimi hekayələri hələ işıq üzü gördüyü ilk illərdə ədəbi tənqidin yüksək qiymətləndirdiyi nəsr nümunələridir. Ən azı, adlarından da göründüyü kimi, ədibin elə ilk hekayə nümunələri lirik-psixoloji rəngləri ilə diqqəti cəb edir. Bir az keçəcək və İlyas Əfəndiyev artıq nəinki Azərbaycan ədəbi mühitində, habelə o zamankı İttifaq coğrafiyasında ədəbi tənqidin və ədəbiyyatşünaslığın müraciət etdiyi istedadlı yaradıcılar siyahısına düşəcək. Müəllifin “Xəncər”, “Görüş”, “Yun şal”, “Gülaçar”, “Su dəyirmanı”, “Qırçı və qızıl çiçək” kimi hekayələri o dövrün ustalıqla yazılmış nəsr nümunələri idi. Ünlü ədəbiyyatşünas və tənqidçi, professor Yavuz Axundlu bu əsərləri “lirik-psixoloji ovqatı ilə seçilən” nəsr kimi qiymətləndirir. Ümumiyyətlə, İlyas Əfəndiyev yaradıcılığını təhlilə çəkənlər onu, ilk növbədə, “müasirlik, psixoloji hissləri qabarıq vermək, dilin obrazlılığı, lirik təhkiyə, romantik vüsət, dərin müşahidə qabiliyyəti olan” bir sənətkar kimi xarakterizə edirlər.

İlyas Əfəndiyevin nəsr yaradıcılığında “Söyüdlü arx”, “Körpüsalanlar”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” kimi fundamental əsərlər çox mühüm yer tutur. Bu povest və romanlar yeni üslubu, həyata, insana, dəyişməkdə olan dünyanın xarakterinə baxış bucağı ilə tamam yeni keyfiyyət kəsb edərək, Azərbaycan ədəbiyyatında bütöv bir ədəbi nəslin yaradıcılıq yoluna ciddi təsir göstərmişdir. “Körpüsalanlar” romanında qoyulan mövzu, yeni zamanın gəncləri ətrafında məhəbbət dünyası müəllifin cəsarətli qələmi ilə fərqli baxışla ifadə olunmuşdu. Ədibin sevgi dünyasında baş verən və baş verə biləcək situasiyaları, bəzən real həyatın özündə olduğu kimi qələmə alması ədəbi tənqidin geniş müzakirə və mübahisələrinə səbəb olmuşdu. Eyni ədəbi mübahisələr böyük rus ədibi Vasili Şukşinin “Rasskas” hekayəsi ətrafında da getmişdi, çünki bu əsərlərdə müəlliflərin dünyaya olduğu kimi baxması bəzən qəbul edilmirdi. Lakin həmin illərin ədəbiyyatını elə o zaman fəal izləyən söz adamı kimi, deyə bilərəm ki, bu mübahisələrin özü də ədəbi prosesin inkişafına güclü təkan vermişdi.

İlyas Əfəndiyev son dərəcə milli ruhlu bir yazıçı, dramaturq kimi xalqımızın tarixi keçmişini nəsrinə və dramaturgiyasına gətirən bir sənətkar oldu. O, 1970-ci illərdə tarixi mövzulara intensiv müraciət edən yazıçı kimi yaddaşlarda qaldı. Xalqın tarixi keçmişinə səmimi sənətkar münasibəti ədibin “Geriyə baxma, qoca” romanında o qədər yüksək sənətkarlıqla ifadə olunmuşdur ki, bu əsər üzərində bir qədər müfəssəl dayanmaya bilmədim.

Sənətkar özünün elə bir çağına gəlib çıxır ki, o öz arxasına yenidən baxır, ömrün alaqaranlıq yolunda süzülüb gedən işığı çox aydın görür, öz keçmişini xalqın tarixinin fonunda qələmə alır. Yetkinlik, müdriklik çağının uşaqlığa qayıtmağı, xatirə-xatirə vərəqlənməyi gözümüz önündə geniş, təbii, dolğun, ibrətli bir mənzərə yaradır. Bir ömrün mənzərəsini.

İlyas Əfəndiyevin bu romanındakı başlıca məziyyət əsərdəki ayrı-ayrı hekayələrin personaj eyniliyində, zamanın yüksələn xətlə inkişafında, tarixi faktların dəqiq düzümündə və bir də əsas obrazların axıradək izlənməsindədir. İlyas Əfəndiyev üslubuna xas olan lirik-psixoloji təhkiyə burada da özünü göstərir. Ümumiyyətlə, maraqlı poetikaya malik olan bu roman da yazıçının bir çox əsərlərində olduğu kimi, birinci şəxsin dilindən söylənilir. Ədəbiyyatda bu üslubun etiraz doğurduğu vaxtlar çox olub. Lakin əslində, elə İlyas Əfəndiyev yaradıcılığında yüksək zirvəyə qalxmış və 60-70-ci illər qabaqcıl nəsrimizin ən yaxşı nümunələrində özünü doğrultmuş bu üslub insan psixologiyasının dərin qatlarını açmaq baxımından maraqlıdır. İ.Əfəndiyevdən sonra gələn nəslin – Anarın, Maqsud İbrahimbəyovun, Elçinin və başqalarının nəsrində obrazların psixoloji tərəflərinin dəqiq, səmimi açılışı həm də bu orijinal üslubla bağlıdır.

Romandakı İbixan nəslinin lap əvvəllərindən başlamış əsas obraz olan Muradın özünə qədər dövrü – müəllif bütöv bir xalqın keçdiyi tarixi dövrlə  əlaqələndirir, haqqında söhbət gedən iri bir nəslin taleyini inqilabi sədaların yavaş-yavaş gəlib çıxdığı böyük şəhərlərdən uzaq yerlərdə yaşayan xalq səviyyəsinə yüksəldə bilir. Özü də bu bağlılıq süni yolla olmur, təbii inkişaf axarı ilə verilir. Ədalət və humanizm, ata-baba təmizliyi, arılığı-duruluğu Bayram bəyi inqilaba nə qədər yaxınlaşdırırsa, onun meşşantəbiətli oğlu Nurunu bir o qədər uzaqlaşdırır. Muradın ata-anasının ziddiyyətlə dolu baxışları hələ dumanlı və acizdir. Təbii və reallıq prinsipini gözləyən, keçmişin mürəkkəb ictimai psixologiyasını dəqiq bilən yazıçı zamanla bağlı bir çox incəlikləri aça bilmiş və dövrün həqiqətini dəqiq əks etdirmişdir.

Romanda ailə davamı, nəsillərin bir-birini əvəz etməsi prosesindəki dəyişikliklər, zaman və onunla bağlı hadisələr ustalıqla qələmə alınır. Bu nəsil davamındakı mübarizələrin, münaqişələrin özündə el davamı, gəlimli-gedimli dünyanın irəliyə doğru, yaxşılığa gedən davamı balaca Muradın hisslərində, düşüncələrində verilir. Onun özünün inkişafı, ətrafındakılardan seçilərək daim gözəlliyə can atması, pislikdən, şərdən məyus olması, hətta bir çox hallarda zalım dayısına, etinasız atasına qarşı çıxması, insanların taleyini uğursuzlaşdıran zamanın özünə üsyanı kimi məqamlar yeni nəslin dəyişən dünyaya münasibətini üzə çıxarır.

Müəllif dünya, adamlar, onlar arasındakı münasibətlər haqqında öz fəlsəfi konsepsiyasını Muradın düşüncələrində, inkişaf pillələrində ifadə edir: Murad adamların, münasibətlərin hər yerdə ikiləşdiyi, hətta, öz evlərində belə haçalaşdığı dünyanın hadisələrini gördükcə, talelərə şahid olduqca dərk etməyə başlayır. Bu dərketmə prosesində “aşağıların” həyatına olan marağı ona illüstrasiya materialı verir. Murad bir çox hallarda “Olmuşlar və düşüncələr” memuar əsərindəki Gertsenə bənzəyir: Senat meydanında inqilabi çıxışından sonra beş dekabristi edam eləyən I Nikolay öz əsabələri ilə kilsədə günahının bağışlanması üçün Allaha dua edir. On dörd yaşlı Gertsen də öz mülkədar atası ilə bu mərasimə gəlmişdir. Lakin bu yeniyetmə uşaq əlini göyə qaldırıb dekabristlərin intiqamını yerdə qoymayacağına gizlicə and içir… İlyas Əfəndiyevin Murad obrazı da cəmiyyətdəki ədalətsizliyi görüb məzlumların, haqqı tapdananların müdafiəsinə qalxır.

“Üçatılan” povesti “Geriyə baxma, qoca” romanının məntiqi davamıdır. 20-30-cu illərin Azərbaycan kəndində baş verən hadisələrə müasirliyin daha mürəkkəb sosial-tarixi və mənəvi-məişət problematikası baxımından nəzər salınması “Üçatılan” povestini “Geriyə baxma, qoca” romanının təbii davamına çevirir.

Xalqın yazıçısı İlyas Əfəndiyev müasirliyə və keçmişimizə dramaturgiyasında da çox müraciət etmişdir. “Atayevlər ailəsi” ilə dramaturgiyada geniş şöhrət tapan ədibin sonralar “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mənim günahım”, “Qəribə oğlan”, “Billur sarayda”, “Şeyx Xiyabani”, “Xurşidbanu Natəvan”, “Hökmdar və qızı” kimi dram əsərlərinin də hər biri tamaşaya qoyularkən mütləq ədəbi hadisə kimi qiymətləndirilmişdir. Bu səhnə əsərləri öz ifadə tərzi, obrazların dərin psixoloji qatları ilə original və sünilikdən uzaq idi. İstər tarixi həqiqətlər, istərsə də müasirlərimizə sənətkar baxışı o qədər yeni idi ki, bu obrazların səhnə təcəssümü üçün mütləq yeni nəsil, təzə aktyor nəfəsi lazım gəlirdi. Bu pyeslərdən yaranan tamaşalar bütöv bir nəsil aktyorlar yetişdirdi ki, onların bir çoxu bu günümüzün də iftixarı kimi teatr dünyasına xidmət etməkdədirlər.

Tale elə gətirdi ki, mənim də cavan çağlarım bu tamaşaların oynanıldığı vaxta düşdü. Bizim nəsil bu tamaşalardakı anşlaq məqamlarını bu gün yaxşı xatırlayır. Biz bu gün bəzən o tamaşaların anşlaq çağlarını nostalji hisslərlə yenidən yaşayırıq və “teatrın o günləri bir daha qayıdacaqmı?” sualı qarşısında qalırıq.

Mən dramaturqun “Billur sarayda” pyesinin tamaşasına o zaman BDU-nun jurnalistika fakültəsinin tələbələrini də aparmışdım. Biz o tamaşaya baxdıq və səhərisi gün tamaşanın jurnalist tələbələrə necə təsir etdiyini öyrənmək üçün fakültədə onun müzakirəsini təşkil etdik.

Xüsusi qeyd edim ki, “Billur sarayda” pyesi o dövr üçün son dərəcə cəsarətlə yazılmış bir dram əsəri idi. Tamaşanın fakültəmizdə təşkil olunan müzakirəsində məni ən çox maraqlandıran sovet senzurası qarşısında çox böyük cəsarət göstərən bu əsərdə tələbələrin həmin cəsarəti anlayıb-anlamadıqlarını öyrənmək idi. Və müzakirə zamanı istedadlı tələbələrdən biri ayağa qalxdı və pyesi təhlil etməyə başladı. Tələbə öz təhlilində əsərin məhz o dövr üçün cəsarətli görünən bir məqamı üzərində dayandı və dedi ki, səhnədə ortaya qoyulmuş masanın ətrafındakı üç kürsünün hərəsi bir məzmun daşıyır: heykəlvari bu kürsülərin birincisində adam (heykəlvari adam) əlini ağzına qoyub, dodaqlarını bərk-bərk sıxıb; ikinci kürsüdə adam əlini qulaqlarına tıxayıb, bərk-bərk sıxıb; üçüncü kürsüdə adam əlini gözlərinə qoyub, bərk-bərk yumub. Tələbə bu simvolları cəmiyyətlə, zaman və mühitlə, sovet gerçəkliyi ilə əlaqələndirdi: yəni cəmiyyət sözü deməkdən, ədalətsizlikləri görməkdən, pislikləri eşitməkdən qorxaraq ağzını yumub, qulağını və gözlərini qapadıb.

Tələbənin bu təhlili o dövr üçün nə qədər narahatlıq yaratsa da, həqiqəti də danmaq olmazdı və bu həqiqəti ifadə edən o cəsarətli tamaşanı tələbələr axıradək anlamışdılar...

Azərbaycanın yeni müstəqillik dövrü qüdrətli sənətkarın yaradıcılığına yeni üfüqlər açmışdı. İlyas Əfəndiyev “Xurşidbanu Natavan”, “Şeyx Xiyabani”  kimi tarixi əsərlərində, əslində, millətin taleyüklü problemləri içərisində azadlıq ideyalarını bəzən üstüörtülü, bəzən açıq şəkildə ortaya qoymuş, müstəqilliklə bağlı arzu  və ideallarını ifadə etmişdir. Əslində, mən cəsarətlə deyərdim ki, sovet senzurasının dəmir qadağaları çərçivəsində  də İlyas Əfəndiyev kimi sənətkarlar, ən azı, ezop dilində, sətiraltı üslubda istədiklərini deyə bilmişlər. Ədibin hələ 1980-ci ildə yazdığı “Geriyə baxma, qoca” romanında, sovet dövrü Azərbaycan ədəbiyyatında nadir hadisə kimi, bəy zümrəsi öz real xarakterinə uyğun olaraq mərd, comərd, kişi kimi təsvir edilmişdir.

Doğrudur, 1960-cı illərin yeni nəsrində bu məsələyə, az da olsa, müsbət münasibət özünü göstərirdi. Lakin İlyas Əfəndiyev nəsri sovet dövrü ədəbiyyatındakı bəy, xan nəslinə idealoji – bolşevik münasibətini cəsarətli  bir şəkildə dəyişdi. “Geriyə baxma, qoca” romanında şəxsən mənim doğulub böyüdüyüm və sakinləri ilə dünən də, bu gün də qurur duyduğum Ağdamın Novruzlu kəndində bəylər bəyi olan Bəndalının real obrazı var. Özü Füzulidə böyümüş, bəlkə də, mənim Novruzlu kəndimi heç vaxt görməmiş İlyas müəllimin o kəndi bu qədər yaxından tanıması, sayılıb-seçilən Bəndalı bəyi bu qədər real təsvir etməsi hardandır? Bircə onu bilirəm ki, kədimizin ağsaqqalları mənim uşaq çağlarımda Bəndalı bəyin namus və qeyrət timsalı olmasından, elinə, obasına, Qarabağ mahalına doğma, kişi münasibətindən ağızdolu danışardılar.

İlyas Əfəndiyevin  epizodik  Bəndalı bəy obrazının evinə uzaq obadan bəy qızını götürüb qaçan bir cavan pənah gətirir. Səhərisi pristav Ağdam bazarının qarşısında Bəndalı bəyə müraciətlə evindəki “qonaq”dan xəbərdar olduğunu bildirir və onu təhvil verməsini istəyir. Bəndalı bəy evində əmanət olduğunu etiraf edir  və onu da əlavə edir ki, qonağa xəyanət etmək olmaz. Onda pristav güc işlədəcəyi barədə Bəndalı bəyə xəbərdarlıq edir. Bəndalı bəy kəndə qayıdır və ərk etdiyi adamlara, nökər-naibə  bircə kəlmə deyir: “Ehtiyatlı olun, bəlkə, bu gecə həndəvərimizə gələn oldu...” Gecənin bir vaxtı, həqiqətən, silahlı adamlar Bəndalı bəyin evinin həndəvərinə gəlirlər. Atışma baş verir, Bəndalı bəyin qonağı silah gücünə də təhvil verməyəcəyini qətiləşdirən basqınçılar kənddən uzaqlaşırlar. Bəndalı bəy qonağını qaçırdığı bəy qızı ilə birlikdə səhəri gün ayrıca bir faytonla Yevlağa yola salır...

Ədib romanda mənim də nağılvari əhvalatlardan tanıdığım Novruzlu Bəndalını beləcə real cizgiləri ilə təsvir etmişdir.

İllər keçəndən sonra bir daha aydın olur ki, müstəqilliyimizin bizə verdiyi azad söz, demokratik yaradıcılıq prinsipi nə qədər qiymətlidir. Və müstəqilliyimizin bəxş etdiyi bu imkandan yararlanan İlyas Əfəndiyev “Tənha iydə ağacı” dramında daha sərbəst fikirlər deyə bilmişdir. Sovet-bolşevik hakimiyyətinin repressiya   qurbanlarına həsr olunan bu əsər Füzuli, Şuşa, Qarabağ bölgələri ilə bağlı bir vaxt buralardan didərgin düşmüş insanların övladlarının vətən sevgisindən bəhs edir.

Ədibin hələ müstəqilliyimizə bir neçə il qalmış, amma bu müstəqilliyin işartılarını  hiss etdiyi vaxtlarda qələmə aldığı “Sevgililərin cəhənnəmdə vüsalı” pyesi isə birbaşa repressiyanın törətdiyi fəsadlara həsr olunub.

Görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin kitabları bir sıra xarici dillərdə nəşr olunub. Onun dram əsərləri Moskvada, Orta Asiya, Gürcüstan, Bolqarıstan kimi ölkələrdə tamaşaya qoyulmuşdur. İlyas Əfəndiyev yaradıcılığı rəsmi dövlət mükafatlarına və şərəfli adlara layiq görülmüşdür. O, hələ 1960-cı ildə “Əməkdar incəsənət xadimi”, 1972-ci ildə Dövlət mükafatı, 1979-cu ildə “Xalq yazıçısı” adlarını almışdır.

Ədibin yaradıcılığı sağlığında  da, indi də çoxsaylı mövzularla filoloji tətqiqat obyekti olmuş və olmaqdadır. Azərbaycanın  bir sıra görkəmli  filoloq alimləri onun yaradıcılığına  kitablar və məqalələr həsr etmişlər.

Azərbaycan xalqının milli-mənəvi dəyərlərini öz əsərləri ilə zənginləşdirən, bədii söz sənətimizi zirvələrə qaldıran ustad sənətkar dünən də müasir idi, bu gün də müasirdir, sabah da müasir olacaq, yeni nəsillərin bədii- estetik dünyagörüşünün formalaşmasında misilsiz rol oynayacaq.

Cahangir Məmmədli,
filologiya elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında