Beynəlxalq yarışlar Azərbaycana turist axınını gücləndirəcək

“Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür. IV İslam Həmrəyliyi Oyunlarından sonra ölkəmizə daha çox turist axını olacaq”. Bu fikirləri Prezident İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə səsləndirib.

Məlumat üçün bildirək ki, Bakı şəhəri 2017-ci ildə turistlər üçün ən yaxşı 10 istiqamət sırasına daxil edilib. Turistlər üçün nəzərdə tutulan “Trip Advisor” tətbiqinin versiyasına görə, Bakı 2017-ci ildə səyahət üçün ən yaxşı istiqamətlər siyahısında 5-ci sırada qərarlaşıb. Bu, turistlər üçün ən yaxşı səyahət istiqamətləri, səyahət edənlərin müsbət rəyləri, göstərilən məkanda görməli və əylənməli yerlərin sayı, xidmətin keyfiyyəti kimi meyarlar əsasında müəyyənləşdirilib.

Bu gün Azərbaycanı dünyada turizm ölkəsi kimi tanıyırlar. Burada keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlərin iştirakçıları ölkəmiz haqqında ürəkdolusu razılıqla danışırlar. Birinci Avropa Oyunları, “Formula 1” yarışları, Mədəniyyətlərarası Dialoq forumları, Humanitar forumlar, eyni zamanda, Azərbaycanın beynəlxalq turizm sərgilərində mütəmadi iştirakı ölkəmizin turizm potensialının təbliğinə əhəmiyyətli şərait yaratmışdır.

Prezident çıxışlarında həmişə turizmin inkişafına böyük diqqət ayırır. Bu yaxınlarda  Yevlax şəhərində keçirilən müşavirədə də  qeyri-neft sektorundan danışarkən turizmi prioritet sahə kimi təqdim etmişdir.  Müşavirədə ölkə başçısı demişdir: “Azərbaycanda turizm sürətlə inkişaf edir. Keçən il turistlərin sayı 11 faiz, bu ilin 3 ayında 25 faiz artmışdır. Bunu indi gözlə görmək olar. Həm Bakıda, həm müxtəlif bölgələrdə turistlərin sayı kəskin artır. Bunun, əlbəttə ki, səbəbləri var. Bu, elə öz-özünə yaranan məsələ deyil. Son illər ərzində görülmüş işlər bax, bu vəziyyətə gətirib çıxarıb. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş, əlbəttə ki, Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir.”

Doğrudan da, son illər turizm iqtisadiyyatın əsas  sektorlarından birinə çevrilərək sürətlə inkişaf etməkdədir. Cənab Prezidentin bu sahədə imzaladığı sərəncamlar, qəbul olunmuş dövlət proqramları bu inkişafa güclü stimul vermişdir.

 İndiki şəraitdə, dünyanın müxtəlif yerlərində gərginlik, təhlükələr, qarşıdurmalar, sosial narazılıq artır, kütləvi etirazlar geniş vüsət aldığı bir vaxtda bizim ölkədə sabitlik hökm sürür. Bu isə özlüyündə turistlərin səfərlərinin artmasına imkan yaradır.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün ölkəmizdə geniş turizmin infrastrukturu yaradılmışdır. Azərbaycana gələn hər bir turist yaxşı bilir ki, burada istirahət üçün hər cür şərait mövcuddur. Ölkə başçısı bununla bağlı bildirmişdir: “Biz turizmin inkişafına xidmət göstərən infrastruktur yaratdıq. Misal üçün, son illər ərzində ölkəmizdə altı beynəlxalq hava limanı yaratmışıq. Onlar, demək olar ki, yenidən qurulubdur. Biz bunu yaradanda, əlbəttə ki, ilk növbədə insanların rahatlığını nəzərə alırdıq. Bu gün bu beynəlxalq hava limanları müxtəlif ölkələrə uçuşlar təşkil edir.”

Əlbəttə, turizmin inkişafı üçün yaradılmış infrastruktur arasında yeni yolların salınması, müasir tipli otellərin inşa edilməsini də qeyd etmək lazımdır. Cənab Prezident bildirmişdir ki, həm Bakıda, həm də bölgələrdə ən müasir otellər yaradılıbdır. Əlbəttə ki, bizim təbii şəraitimiz, gözəl iqlim, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəx, tarixi abidələr... bunlar da rol oynayır.

 Bu gün,  doğrudan da, turistlərin ölkəmizə səfərləri  xeyli asanlaşmışdır. “ASAN viza”nın fəaliyyətə başlaması və vizanın sadələşdirilmiş elektron yollarla əldə edilməsi, əlbəttə ki, turistlərin axınına müsbət təsir göstərir.

Amma hələ də görüləsi işlər çoxdur. Ölkə rəhbərinin dediyi kimi, “biz turizmin inkişafının birinci mərhələsindəyik. Azərbaycanı tanıma prosesi gedir. Bu tanıma prosesində ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər, əlbəttə ki, rol oynayıb, həm Avropa Oyunları, həm İslam Həmrəyliyi Oyunları və xüsusilə “Formula-1” yarışları. “Formula-1”in 500 milyon auditoriyası var. Televiziya tamaşaçılarının hər biri şəhərimizin gözəlliyini öz gözü ilə görür və onların bir çoxu Bakıya gəlmək istəyir. Bunlar turizmi inkişaf etdirən əsas amillərdir”.

Azərbaycan bu gün inkişaf etmiş turizm ölkəsinə çevrilməkdədir. Yaxın gələcəkdə ölkə iqtisadiyyatında turizmin çəkisinin daha da artacağı şübhəsizdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında