General Novruzov: Hərbçinin uğur qazanması üçün təkcə istedad və zəhmət kifayət deyil, onun qəlbində Vətənə böyük məhəbbət olmalıdır

(əvvəli qəzetimizin 25 may tarixli nömrəsində)

 

– 28 il əvvəl vida etdiyiniz mülki həyatınıza qayıtdınız. Baxmayaraq ki, təqaüdçü idiniz, amma 46 yaşında işləməmək də olmazdı. Özünüz də ali təhsilli hüquqşünas. Yəqin ki, iş axtardınız?

– Təbii ki, mülki həyatda işləməliydim. Mərkəzi Komitənin katibi vardı – İsa Məmmədov. Vaxtilə Lənkəranda keçmiş 1-ci katib olmuşdu. Oradan məni tanıyırdı. Getdim qəbuluna. Həmin gün də məni qəbul elədi. Özü də ki, hələ onda tam ehtiyata çıxmamışdım. Sənədlərim hazırlanırdı. İsa müəllimlə söhbət elədim, gələcəkdə işləmək istədiyimi dedim ona. O mənə təklif etdi ki, gəl səni Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə işə götürək. Mən də cavab verdim ki, əgər KQB-də işləsəm, 50 yaşım yaxınlaşır, 3-4 ildən sonra yenidən mülki iş axtarmalıyam. Elə bəri başdan işimi ehtiyatlı görüm də... Onda mənə dedi ki, get işini həll elə, tam tərxis ol, sonra gəl yanıma iş məsələsini həll edərəm.

Mən elə də etdim. Mülki şəxs kimi gəldim yanına. O da Mərkəzi Komitənin inzibati şöbəsinin müdiri Sabir Hüseynovu çağırdı kabinetinə. Onun qardaşı o dövrdə Azərbaycan DTK-sında sədr müavini idi – general-mayor Bahadur Hüseynov. Oradan məni göndərdilər Ədliyyə Nazirliyinə, hüquqşünas olduğuma görə. Bu minvalla orada müxtəlif vəzifələrdə 10 ildən çox işlədim...

– Və 1994-cü ildə birdən-birə Prezident Heydər Əliyevin sərəncamı ilə təyin olundunuz milli təhlükəsizlik nazirinin müavini və Sərhəd Qoşunlarının komandanı. Mən “birdən-birə” dedim. Amma inanmıram ki, belə asan olub. O günləri də xatırlayaq.

– Hələ Prezident Elçibəyin vaxtında MTN-in nazir müavini olan Namiq Abbasov məni dəvət elədi. Onda Ədliyyə Nazirliyi sistemində işləyirdim. Mən o vaxtadək Namiq Abbasovu bir dəfə görmüşdüm – Lənkəranda çay içmişdik. Məni çağırdı. Xidmət həyatımla maraqlandı. Mən də tərcümeyi-halımı danışdım. Ayrılanda dedi ki, bir də çağıracağam səni. Bir müddətdən sonra bir də çağırdı məni. Bir az söhbətdən sonra mənə dedi ki, elə bil müstəqil Azərbaycanın sərhədlərinin qorunmasını sənə tapşırıblar, get bir plan yaz gətir: Necə qoruyacaqsan onu? Bir də onu dedi ki, köhnə kadrlardan – kim ki, qulluq edib sərhəd qoşunlarında çıxıblar ehtiyata – kimi tanıyırsan, kimi qaytarmaq olar? Onların da siyahısını yaz gətir. Mən də gəldim, bildiyim kimi yazdım. Azərbaycanın cənubunda sərhəd qurulub, hazırdır. Zastavalar var. Amma şimalda, Gürcüstanla sərhəddə heç bir şey yoxdur. Bunların hamısını necə düzəltmək, necə quraşdırmaq olar – öz mülahizələrimi yazdım verdim ona. Zabitlərdən də kimi qaytarmaq olar, onların da siyahısını yazıb verdim. Sonra da yazdım ki, polkovnik İnayət Xəlilov əvvəlcə sərhədçi olub, sonra Ləkəranda, daha sonra Naxçıvanda DTK-nın sədri olub. Onu da qaytaraq. Demə, Namiq Abbasov məndən qabaq İnayəti yaxşı tanıyırmış və görüb ki, mən verdiyim siyahıda hamısı müsbət kadrdır. Üçüncü dəfə də məni çağırdı, dedi ki, mənə tapşırıq verilib ki, Sərhəd Qoşunlarına bir komandan tapım. Mən sənin namizədliyini verəcəm. Amma bilmirəm keçəcəksən, ya yox. Dedim ki, Namiq müəllim, mən keçməyəcəyəm. Namizədliyimi vermə. İmkan verməyəcəklər. Xülasə, nəticə mən deyən oldu, keçmədim.

Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra general-mayor Mustafa Nəsirov gəldi mənim iş yerimə – Ədliyyə Nazirliyinə. Dedi ki, Heydər Əliyev tapşırıq verib ki, Sərhəd Qoşunlarına komandan tapın. Mənə də bu vəzifəni həvalə ediblər ona görə ki, mən sərhədçiləri yaxşı tanıyıram. Mən də MTN nazirinə dedim ki, Novruzovdan başqasının namizədliyini təklif edə bilmərəm. Mustafa müəllim mənim razılığımı istədi. Sonra məni Dövlət katibi Lalə Şövkət-Hacıyeva qəbul etdi. Təbrik elədi məni kabinetində. Ondan üç ay sonra təyinatım barədə prezident sərəncamı elan olundu. Ulu öndər Namiq Abbasovdan soruşmuşdu ki, axı bu Novruzov kimdir? Namiq müəllim də demişdi ki, bəs Elçibəy də o vaxt məndən namizəd istəmişdi, mən Novruzovun adını vermişdim. Bax, ondan sonra mənim təyinatım oldu. Bir ay 15 gündən sonra isə mənə general-mayor rütbəsi verildi. Mənə, nazirə və Namiq Abbasova. Təqribən 8 il komandan oldum.

Komandanlıq dövrü ilə bağlı daha sual vermirəm. Çox yaxın keçmişimizdir. Yəqin ki, “məxfi” qrifinin mürəkkəbi hələ qurumayıb.

– Sovet dövründə işləyəndə zastavaları gəzib görürdüm ki, yaxşı qayda-qanun, nizam-intizam var. Düşünürdüm ki, görəsən azərbaycanlılar burada zabit vəzifəsində olsalar, yenədəmi belə qayda-qanun olar. Artıq mən komandan vəzifəsindən gedəndə deyirdim ki, ovaxtkından da gözəl qayda-qanun var.

Yetirmələrini xəbər alıram. Özünü qiymətləndirib irəli çəkən dövr və insanlar olub. Bəs o? O vaxt ona edilən yaxşılıqlardan özü kimə edib? Özü kimləri qiymətləndirib?

– Sovet dövründə kəşfiyyat şöbəsinin rəisi işləyəndə, başqa millətdən olan bir nəfəri götürdüm əməliyyat işinə. Ciddi oğlan idi, əla da işlədi, vəzifədə irəli çəkdik onu. Sonra da xidmətini Rusiyanın Sərhəd Qoşunlarında davam etdirdi. Mən Sərhəd Qoşunlarına komandan gələndə sərhədyanı ölkələrin nümayəndələri ilə görüşlər keçirilirdi. Həmin adam da rəhbər vəzifədə idi. Sonralar bizə çox köməyi oldu.

Mən komandan təyin olunanda kadr məsələsi çox aşağı səviyyədə idi. Bizim azərbaycanlılar orduda az qulluq edirdilər, ruslar da çıxıb getmişdilər. Zabitləri də getmişdi, ikisi qalmışdı. Bizdə kadr çatışmazlığı vardı. Xüsusilə də rəhbər vəzifələrə. Onda mən diqqət yetirdim indiki müdafiə naziri Zakir Həsənova. O vaxt Sərhəd Qoşunlarında çağırışla məşğul olurdu. Zakirdə hərbi bacarıq gördüm. Götürüb şəxsi işini oxudum. Gördüm ki, Naxçıvanski adına məktəbi bitirib. Sonra Bakı Ali Hərbi Məktəbini. Almaniyada sovet qoşunlarında xidmət edib. Və qısa müddətdə də böyük vəzifəyə təyin olunub. Sonra bunu birdən göndəriblər Rusiyanın Altay diyarına – diyarın Hərbi Komissarı. Fikirləşdim ki, yaxşı işləyəndi ki, ruslar onu irəli çəkiblər. Onu çağırdım. Dedim ki, Zakir, çağırış şöbəsi sənin yerin deyil. Gedirsən Sərhəd Qoşunlarına Qərargah rəisinin müavini. Qərargah rəisinin müavini kimi yaxşı da işlədi. Onu sonra göndərdik Göytəpə Sərhəd Dəstəsinə komandir. Sərhəd Qoşunlarının ən ağır dəstəsi. Gedəndə dedim ki, ağır dəstədir, mühəndis-texniki qurğuları sıradan çıxıb. Dağlı-dərəli sahələr çoxdur. Orda qaçaqmalçılıq da olacaq, sərhəd pozucusu da. O da getdi, yaxşı da işlədi. Bir müddətdən sonra onu gətirdim Sərhəd Qoşunları komandanının köməkçisi vəzifəsinə. Ondan sonra ki, mən ərizə yazdım, səhhətimə görə işdən azad edildim.

Məndən sonra Elçin Quliyev gəldi o vəzifəyə. Elə o vaxtlar Azərbaycanda Daxili Qoşunlara komandan lazım oldu. Prezident Heydər Əliyev demişdi ki, mənə iki nəfərin təqdimatını verin – ikisi də olsun SQ-dən. Mən onda Elçinin baş müşaviri idim. Zakirin namizədliyi keçdi və DQ-yə komandan təyin olundu.

Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyev. Biz şimal üzrə sərhəd dəstəsi yaradanda dəstə rəisi vəzifəsinə Elçin Quliyevin namizədliyini təklif elədim. Çünki işgüzar idi, nizam-intizamı ilə digərlərindən seçilirdi. Ezamiyyətlərə gedəndə nümayəndə heyətinin tərkibində onu da aparırdım. Amma sonradan söhbət düşəndə ki, mən ərizə yazıb gedirəm, təklifin nədir? Birinci təklifim Elçin Quliyev oldu. Başqalarının da təklifləri vardı. Amma sonra yenə mənimlə məsləhət edəndə, dedim ki, yalnız onu məsləhət bilirəm.

General-mayor Arzu Rəhimov. Respublikanın Hərbi komissarı, Miqrasiya Xidmətinin ilk rəhbəri. Hərbi məktəbi bitirmişdi. Bir dəfə Naxçıvan sərhəd dəstəsində olanda o da diqqətimi çəkdi. Onu dəstədə əvvəlcə qərargah rəisinin müavini, sonra qərargah rəisi, oradan da gətirdim Horadiz sərhəd dəstəsinə rəis  təyin elədim.

General-mayor İskəndər Allahverdiyev və polkovnik Rasim Canməmmədov. Mən hələ Lənkəranda kəşfiyyat şöbəsində kiçik zabit vəzifəsində olanda mənə tapşırıq vermişdilər ki, yerli uşaqlardan tap götürək sərhədə – əməliyyat işinə. Lerikdən olan Rasim Canməmmədovun üstündə dayandım. Gördüm ki, ədəbiyyatı gözəl bilir, farsca da bilir. Götürdüm onu işə. Bacanağı İskəndər Allahverdiyevlə, indi general-mayordur, birlikdə işlədi. İki bacanaq idilər. Məndən soruşurdular ki, necə olur ki, iki qohumu əməliyyat işində istifadə edirsən. Mən də cavab verirdim ki, onlara inanıram. Sonra Rasim Canməmmədov Sərhəd Dəstəsinin rəisi, polkovnik, İskəndər Allahverdiyev Sərhəd Qoşunlarının da komandanı və general-mayor oldu.

Elçin İbrahimov – Hazırda kadrlar idarəsinin rəisi, general-mayordur. Məktəbi qızıl medalla, BDU-nun hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. Onu xidmətə götürdüm. Elçin Quliyevin dövründə də inkişaf yolunu davam etdirdi.

Çoxdu qiymətləndirib, irəli çəkdiyim bu cür kadrlar. Və onların hamısı ilə fəxr edirəm.

– Bir komandan kimi xələfiniz Elçin Quliyevin işindən razısınızmı?

– Elçin Quliyevin işindən çox razıyam. Sərhəddə komandan olasan və deyəsən ki, məndə hər şey əladır, mümkün deyil. Elçin Quliyev yaxşı işləyir. Mən işlədiyim dövrlə indiki dövr arasında da yerlə-göy qədər fərq var. Mənim dövrümdə Şimal və Gürcüstan sərhədlərini qəbul elədik. Amma dövlətin imkanı yox idi ki, gedim orda zastava, otryad, komendatura tikim. Gedirdik icra başçıları ilə gəzirdik, harada yaşayış olmayan bina vardısa, təmir edib zastava yaradırdıq. Bu gün isə Şimal sərhədində bütün zastavalar təzə tikilib. Nizam-intizam, qayda-qanun var. Yüksək səviyyədə”.

– Beləcə, bütün suallarıma cavab alıram. Amma suallarım tükənməyib. İstədim ki, müsahibənin sonunda bir komandan kimi də 8 illik fəaliyyətinə də özü yekun vursun.

– Mən Sərhəd Qoşunlarına komandan təyin olunanda vəziyyət çox ağır idi. İlk növbədə sərhəddə ciddi qaçaqmalçılıq halları vardı. Şəxsi heyətdə belə bir fikir yaranmışdı ki, biz bu gün əlimizdə olan vəsaitlə sərhədi lazımi səviyyədə qoruya bilmərik. Qaçaqmalçılıqla məşğul olanlarda, yerli əhalidə, həm bizdə, həm də İranda, belə fikir yaranıb ki, Azərbaycan-İran sərhədini harada istəsən, nə vaxt istəsən poza bilərsən. Bax, bu psixologiyanı həm əsgərlər arasında, həm yerli camaatda qırmaq lazım idi. Yəni, göstərməliydik ki, biz bu gün əlimizdə olan vəsaitlə sərhədi yaxşı qoruya bilərik. Biz buna qısa vaxtda nail olduq.

Azərbaycanda Sərhəd Qoşunları yaranan dövrdə kadrlar olmadığına görə yerli əhalinin bir qismi Sərhəd Qoşunlarına işə düzəlmişdi. Çoxları da can atırdı. Bunların iki məqsədi vardı: Birincisi, Dağlıq Qarabağda gedən müharibədən yayınmaq. İkincisi, dövlət sərhədində qulluq eləyərkən qaçaqmalçılıqla məşğul olub qazanmaq. Ən ağır məsələ bu, idi, bunun qabağını almaq lazım idi. Mənim üçün ən vacibi onlardan təmizlənmək idi. Sərhəddə dövlətə layiq adamlar qulluq eləməliydilər. Buna da nail ola bildik.

İkinci məsələ: Kadr məsələlərinin həlli. Kadr çatışmırdı. Hamımız bilirik ki, sovet dönəmində azərbaycanlıların orduya getmək fikirləri çox aşağı səviyyədə idi. Azərbaycan müstəqillik qazananda respublikanın Sərhəd Qoşunlarında qulluq edənlərin əksəriyyəti ruslar idi. Onlar Azərbaycanı tərk elədilər. Amma sərhədi qorumaq lazım idi axı. Zabit kadrları kəskin çatışmırdı. Nə elədik biz? Tusi adına Azərbaycan Pedaqoji Universitetində orta məktəblər üçün hərbi müəllim hazırlayan fakültə vardı. Heç olmasa, onların hərbidən bilikləri vardı. Getdik həmin fakültənin tələbələri ilə söhbət apardıq. Onlara başa saldıq vəziyyəti. Onlara aydınlaşdırdıq ki, əgər Sərhəd Qoşunlarına gəlsələr nə qazanacaqlar və nəyi itirəcəklər. Heç olmasa, aylıq maaşlarını vaxtında alacaqlar. O vaxt iqtisadi vəziyyət çətin idi. Camaatın maaşı aylarla gecikdirilirdi. Perspektivləri izah elədik. Dedik ki, müəllim yox, zabit olacaqsınız. Bizə inanlar çox oldu. Bir müddətdən sonra onlardan 15-20 nəfər gəldi və sərhəd məntəqələrində işə başladı.

İkincisi, Bakı Ali Hərbi Məktəbində sərhədçilər fakültəsi vardı. 20-30 nəfər zabit hazırlayırdı. Kovalyov rəhbərlik edirdi. Onun iştirakı ilə 3-cü kurs müdavimlərinin qarşısında çıxış etdim. Dedim ki, sizə böyük ehtiyacımız var. İndi 3-cü kursdasınız. Gedirsiz bir il sərhəd məntəqələrində zabit vəzifəsində qulluq edirsiz, sərhədi qoruyursuz, bir ildən sonra gəlirsiniz ekstern yolu ilə imtahan verirsiniz. Leytenant rütbəsi alırsınız, ali məktəbi qurtarmış olursunuz. Kovalyov dedi ki, mən buna razıyam. Amma Prezident Aparatından razılıq almalısınız. Bir 25-30 nəfər də ordan götürdük. Bax, götürdüyümüz kursantların içərisindən bu gün general-mayor, Sərhəd Qoşunları Akademiyasının rəhbəri Elşən Verdiyev də var idi.

Üçüncü əsas vəzifə, rusları inandırmaq lazım idi ki, Azərbaycan Sərhəd Qoşunları öz sərhədlərini lazımi səviyyədə qorumağa qadirdir. Bunun üçün bizə bir az kömək lazımdır. Texnika və hərbi sursatla. O zaman Azərbaycan yeganə dövlət idi ki, öz sərhədlərini özü qoruyurdu. Ermənistanın, Gürcüstanın, Özbəkistanın, Türkmənistanın sərhədlərini rus sərhədçiləri qoruyurdular. Ruslar bu amildən istifadə edib bizə sübut etmək istəyirdilər ki, biz sərhədlərimizi qorumağa qadir deyilik. Rusların bu psixologiyasını pozmaq lazım idi. Prezident Heydər Əliyev bu tapşırıqları bizim qarşımızda qoymuşdu. Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycanı hər cəhətdən yüksəklərə qaldıran o dahi insanın bir sözü mənə bəs idi: “Öz sərhədlərimizi özümüz qorumalıyıq. Çətin olacaq. Amma bacarmalıyıq bunu”.

Dördüncü məsələ: Axı sovet dövründə sərhədimiz yalnız İran və Türkiyə ilə idi. Amma müstəqillik qazanandan sonra Azərbaycanın sərhədləri Rusiyayla vardı, Gürcüstanla vardı, Ermənistanla vardı. Bu sərhədləri mühafizəyə götürmək lazım idi. İqtisadi vəziyyət də çox ağır idi. Bu işə isə külli miqdarda pul lazım idi. Biz daxili imkanlar hesabına Rusiya və Gürcüstanla olan sərhədləri götürdük mühafizəyə. Bəlkə də bugünkü kimi mühafizə edə bilmirdik. Komendatura, zastavalar tikmək lazım idi. Şəmkir, Xudat, Zaqatala sərhəd dəstələrini, Şəki kommendaturasını yaratdıq. Və sərhədləri qoruyurduq. Deyə bilmərəm ki, lazımi səviyyədə, çünki imkan yox idi.  Amma bu günləri bütün bu ərazilərdə sərhəd zastavaları tikilib. Dövlətimiz iqtisadi cəhətdən gücləndiyinə görə lazımi qədər pul ayırır bu işlərə. Bu yaxında Sərhəd Qoşunları komandanı Elçin Quliyev dedi ki, bizim bu gün dövlətdən aldığımız pul, o dövrlərə nisbətən 134 dəfə çoxdur. 134 faiz yox ha, 134 dəfə. Bu nə deməkdir? Bu bizim dövlətimizin iqtisadi cəhətdən qüdrətinin göstəricisidir.

Beşinci məsələ: SQ Sərhəd komissarı deyilən belə bir bənd var: “Dövlət sərhədlərinin qorunmasında qonşu dövlətlərlə bütün sərhəd problemlərinin danışıq yolu ilə həll edilməsi”. Bu da olurdu Sərhəd Komissarlarının görüşündə, danışıqlarında. Biz həm Türkiyəni, həm İranı, həm də Rusiyanı inandırmalıydıq ki, dövlətimizi qorumağa qadirik. Və buna da nail olduq. Amma mən bu gün çox şadam ki, o vaxt qarşıya qoyulan məsələlərin bir hissəsini həll eləmişdik, bu gün isə onlar hamısı həll olunub. Və Azərbaycan dövlətinin sərhədləri yaxşı qorunur. Əsas bu idi. Mənim arzum bu idi. Bu gün də həmin arzum yerinə yetib”.

Müsahibəyə görə minnətdarlığımı bildirib, diktafonu söndürmək istəyirəm. Amma əlimi tutur: – “Axı, əsas sual qaldı” – deyir. “Hansı sual?” deyə soruşuram. “Bəs mənim əsas köməkçim kim olub, bilirsən?” “Kim?” – deyə xəbər alıram. Cavab verir: Həyat yoldaşım Raisə.

Müsahibə başa çatır. Tez süfrə açırlar. Yaxşı, müsahibə aldım. Bəs bir qohum kimi 80 yaşında general Abbasəli Novruzova nə arzulayım? Bu dəm atam Qabilin onun 50 yaşı münasibətilə yazdığı şeirdən iki misra yadıma düşür:

Əlli il də, qadası, ən azı ömr et,
hələlik,

Can sağ olsun, düzələr yerdə qalan, Abbasəli.

Mahir QABİLOĞLU,
yazıçı-publisist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında