General Novruzov: Hərbçinin uğur qazanması üçün təkcə istedad və zəhmət kifayət deyil, onun qəlbində Vətənə böyük məhəbbət olmalıdır

Haqqında söhbət açdığım insan, sözün həqiqi mənasında, örnək şəxsiyyətdir (hərçənd ki, sovet dövründə “şəxsiyyət” sözünü işlətməyə qorxurdular. Çünki Stalin öləndən sonra bu sözü yalnız pisliyə, yanına da iki söz artırmaqla çəkirdilər – “Şəxsiyyətə pərəstişin qurbanları”). Uzun müddət Sərhəd Qoşunlarının komandanı olmuş, mayın 25-də 80 illik yubileyini qeyd edən general Abbasəli Novruzov.

Qeyd edim ki, general Abbasəli Novruzov xalam Raisənin həyat yoldaşıdır. Mən onu ilk dəfə belə tanımışam. O vaxt Lənkəran sərhəd dəstəsində işləyirdi. Kapitan idi. Onlara qonaq gedirdik. Zabitlər üçün nəzərdə tutulmuş 2-3 mərtəbəli binada 2 otaqlı xidməti mənzildə yaşayırdılar.

O vaxt onun “Villis”  markalı xidməti maşını vardı. O vaxtın oğlan uşaqları üçün hərbi sahə çox maraqlı idi. Mən də sərhədçilərə, xidməti ovçarka itlərinə, tikanlı sərhəd tellərinə maraqla baxırdım. Yollarda qoyulan nəzarət-buraxılış məntəqələrindən Abbasəli Novruzova “çest” verib, maşınını sorğu-sualsız,  sənədlərimizi yoxlamadan buraxanda, bu, mənə xüsusi ləzzət verirdi. Amma Şorsulu KPP-sindən başqa. Hər dəfə oradan keçəndə qanım qaralırdı. Ağlayırdım. Anlamırdım ki, axı niyə sərhədçilər atamın, anamın, dayılarımın pasportunu yoxlayırlar, amma 4-5 yaşlı mənə heç əhəmiyyət də vermirlər. Heç adımı da soruşmurlar. Bir gün Abbasəli Novruzov bunu bildi. Balaca qırmızı bloknot aldı və fotomu ora yapışdırdı. Altından adımı, atamın adını, familiyamı, təvəllüdümü yazdı. Və sərhəd zonasına buraxılmağıma icazə verdiyini qeyd etdi. Sonda  isə  öz rütbəsini və familiyasını yazdı.  Bu “pasport”umun bircə möhürü çatışmırdı. Ondan sonra hər dəfə “KPP”yə – nəzarət-buraxılış məntəqəsinə çatanda hamıdan tez sənədimi mən uzadırdım. Rus sərhədçilər də gülə-gülə lap birinci mənim “pasportumu yoxlayırdılar”.

O vaxt heç ağlıma da gəlməzdi ki, 13 ildən sonra özüm də bu sərhədçilərdən biri olacağam, sənəd tələb edib, yoxlayacağam, “srabotka”, “trevoqa”, sirena səslərindən bezib, sutkalarla yuxusuz qalacağam. Düz iki il.

“Xalq qəzeti”nin baş redaktoru, dostum Həsən Həsənov soruşdu ki, general Abbasəli Novruzovun 80 yaşı nə vaxtdı? Cavab verdim ki, mayın 25-i. Hardan yadımda qalıb bu tarix?

HAŞİYƏ: SSRİ dönəmində 28 may sərhədçilərin bayramı idi. 25 may isə Abbasəlinin ad günü. Lənkəranda xidmət eləyəndə hər mayın 25-i atam səhər tezdən maşını qarajdan çıxarırdı. Məni də yanında otuzdurub yol alırdı Lənkərana. Onda gənc zabit Lənkəran sərhəd dəstəsində kəşfiyyat şöbəsinin rəisi idi. Podpolkovnik rütbəsi almışdı. Zabitlər üçün yeni tikilmiş  beşmərtəbəli binanın 4-cü mərtəbəsində yaşayırdı. Xülasə gəlib çatırdıq Port-İliç (indiki Liman şəhəri) qəsəbəsinə.  Ona görə də bu tarix yadımdan çıxmır. Həsən müəllim də soruşan kimi dərhal cavab verdim. “Onda yaxşı bir yubiley məqaləsi yaz. Həmin gün qəzetdə verək. Abbasəli Novruzov ləyaqətli insandır” – deyə Həsən müəllim ərkyana tapşırıq verdi.

İndiyə qədər Novruzov haqqında iki məqalə yazmışdım. Birini “Xalq qəzeti”nə, o birini də “Dərələyəz” qəzetinin general haqqında xüsusi buraxılışına. Sözüm bitmişdi. Təkrara da yol verənlərdən deyiləm. İmtina elədim. “Yeni deyəcək sözüm yoxdur, Həsən müəllim, başqasına tapşır” – deyə cavab verdim. Evdə bu söhbətimizi həyat yoldaşım Sevincə də danışdım. Çox sərt reaksiya verdi: “Sən yazmayacaqsansa, onda kim yazmalıdır bəs? Abbasəli müəllimi səndən yaxşı hansı jurnalist tanıyır ki? Özü də sənin komandirin olub. İki il sərhəddə qulluq eləmisən”. Fikrə getdim. Doğrudanmı, Abbasəli Novruzov haqqında yazmağa sözüm yoxdur? 80 yaşlı generalın 80 illik həyat və 62 illik hərbçi yolu haqqında hər şeyi demişəmmi? Yaxud da ki, hər şey yazılıbmı? Görəsən iki məqalədə onu tam təsvir edə bilmişəmmi?

Beynimdə bu suallar, diktofonu götürüb getdim evlərinə. Ömrümdə diktofondan istifadə edib müsahibə almamışdım. Düşünürdüm ki, imtina edəcək, yaxud razılıq versə də çox şeyi dilinə gətirməyəcək. Eləcə quru-quru danışacaq. Amma yanılmışam, Həsən müəllimin tapşırığı ilə bura gəldiyimi eşidib, razı oldu. Artıq hər şey mənim jurnalist bacarığımdan, təcrübəmdən asılı idi. 2 saat 11 dəqiqə çəkdi müsahibə. Və sonuncu cümləsini bitirəndə anladım ki, demə, onu tanımamışam buvaxtacan. Anladım ki, danışsa müsahibə 2 saat yox, 20-30 saatdan da artıq çəkə bilər. Onun haqqında bir  “Görkəmli Adamların Həyatı” silsiləsindən kitab da yaza bilərəm. Özü də necə kitab. Qalıb öz “insafına”. Çünki danışan tərəf odur – sirr dağarcığı olan general-mayor Abbasəli Novruzov.

 

UŞAQLIĞI

 

Mən bilirdim ki, general Novruzov indiki  Ermənistanın Dərələyəz mahalının Zeytə kəndində anadan olub.  Amma bilmirdim ki, atası Cəfərov Ramazan Novruz oğlu 1945-ci ildə müharibədən qayıtdıqdan 15 gün sonra rəhmətə gedib. Ailəni növbəti bədbəxtçilik 1949-cu ildə haqlayıb. Stalinin mənfur fərmanı ilə azərbaycanlıların doğma el-obalarından deportasiya olunması barədə qərarın icrası ailənin başının üstünü alıb. Abbasəli müəllim özü o günləri belə xatırlayır: 

– “Biz uşaq idik. Heç fərman haqqında eşitməmişdik də...  deyirdilər ki, sizi köçürəcəklər Azərbaycana. Nə üçün köçürürlər, niyə köçürürlər – bunun mahiyyətinə də varmırdıq. Yük maşınları gəldi – uşaqlar sevinirdi ki, biz maşına minəcəyik, harayasa gedəcəyik. Amma valideynlərimiz ağlayırdı. Biz başa düşmürdük ki, onlar niyə ağlayırlar. Yük maşınlarında gətirdilər bizi Noraşen (indiki Şərur) dəmir yolu stansiyasına. İki-üç gün orada qalandan sonra mindirdilər yük vaqonlarına. Eləsi var idi ki, üç ailə bir vaqona yerləşdi. Biz və başqa bir ailə bir vaqona yerləşmişdik. Heç böyüklərimiz də bilmirdilər ki, Azərbaycanın harasına gedirik. Bir azdan qatar tərpəndi, gəldik düşdük Əli Bayramlıda. Oradan da bizi mindirdilər maşınlara, apardılar indiki Sabirabad rayonunun Şıx Salahlı kəndinə. Orada bölüşdürdülər   boş olan evlərə. Biz gələnə qədər boşaltmışdılar evləri. Məsələn, kimin  iki otağı varsa birini boşaltmışdılar gələnlər üçün. Biz də düşdük bir ailəyə. Beş baş ailə – anam, mən, qardaşım və 2 bacım bir otağa yerləşdik. O evin yiyəsinin adı yadımda deyil. Amma oğlu Vaqif indi həmin kənddə el ağsaqqalıdır. Yadımda qalan odur ki, çox diqqətli idilər bizə qarşı. Çörəyimizi, suyumuzu da verirdilər.

1950-ci ildə – deportasiyadan bir il sonra anam da xəstələndi, dünyasını dəyişdi.  Bir müddətdən sonra məndən yaşca böyük olan o biri bacım Gülnaz həlak oldu. Traktorla pambıq əkəndə, qoşqu olur – seyalka. Bir sahədə işi bitirib digər sahəyə kanalın üstündəki körpüdən keçməliymişlər. Körpünü keçərkən traktor aşmışdı kanala və bacım qalmışdı seyalkanın altında, boğulmuşdu”. 

On üç yaşında üç yaxın adamını itirən Abbasəli və qardaşı  ərdə olan böyük bacısı Binyazın, yeznəsi Cəfərin himayəsində qalırlar. Qaragünə kəndindəki yeddi illik məktəbi bitirir. Özü də əla qiymətlərlə.

Yazımın əvvəlində qeyd edim ki, Abbasəli Novruzov həm də xoşbəxt adamdır. Niyə? Çünki həmişə yaxşı insanlara rast gəlib. Və bu insanlar onun “qara qaşına, qara gözünə aşiq olmayıblar”. Ondakı halallığı, intizamlılığı, daim oxuyub bilik almaq ehtirasını, liderlik keyfiyyətlərini yüksək qiymətləndiriblər. Belə yaxşı insanlardan birincisi qonşuları Xasa arvad olub:

–  Axmazbaşında Xasa adlı bir qadının evinin yanında qalırdıq. Çox yaxşı adam idi. Mən yeddiilliyi bitirəndə bilmirdim ki, orta təhsilimi davam etdirməyə hara gedim. Xasa xala tutdu mənim qolumdan gətirdi Əli Bayramlıya. İndiki kimi yadımdadır. Gəldik Əlibayramlı İcraiyyə Komitəsi sədrinin müavininin qəbuluna düşdük. Həmən dəqiqə də onu qəbul elədilər. O da məni göstərib dedi ki, bu yetim uşaqdır,  yeddinci sinfi qurtarıb “əla” qiymətlərlə. Göndərək məktəblərdən birinə təhsil alsın. O dövrdə orta-hərbi məktəblər vardı – Suvorov, Naximov məktəbləri. Bizim indiki Naxçıvanski hərbi məktəbi kimi. Qadın o məktəbləri nəzərdə tuturdu. Amma “ispolkom”un müavini – familiyası məncə Musayev idi – dedi ki, birincisi gecdi, ikincisi bu uşaq rus dilini bilmir. O vaxt Əli Bayramlıda cəmi bir orta məktəb vardı – Voroşilov adına orta məktəb. Dedi ki, həmin məktəbin nəzdində biz on nəfər uşaq üçün internat düzəldirik. Gecə-gündüz orada olacaqlar, yeməkləri də veriləcək. Məsləhət gördü ki, məni ora göndərsin. Mən də razı oldum. Gəldik məktəbin direktorunun yanına. Dedi ki, oğul, get bir dənə krovat tap gətir.   Mən də fikirləşdim ki, haradan tapım? O vaxt biz yerdə yatırdıq. Bacımın yoldaşı, eyni zamanda, xalamın oğlu Cəfər haradansa tapdı krovatı. Mən üç il orada yaşadım. Yeməyimizi də verirdilər, geyimimizi də. Orada orta məktəbi bitirdım. Demək olar ki, “əla” qiymətlərlə – ikicə dörd”üm vardı.      

Qayıtdım yenidən kəndə. Bacımgilin evinə – Qaragünəyə. “Kommunizm” kolxozu adlanırdı o vaxt. Qəbul imtahanları başlayanda sənədlərimi aparıb verdim Azərbaycan Neft-Sənaye İnstitutuna (red.- indiki Neft və Sənaye Universiteti). Üç “beş” aldım, iki “dörd” və qəbul oldum. Amma həmin vaxt institutda 1-ci kurs tələbələrinə yataqxana vermirdilər. Ona görə məcbur qalıb mənzil kirayələdim.

“O vaxt AZİ Azərbaycanda ən hörmətli ali məktəb sayılırdı. Mən də neftçi olmaq istəyirdim. İslam Abdullayev adlı məktəb yoldaşım, həmkəndlim də neftçi olmaq istəyirdi. Elə ikimiz də birlikdə gəlib daxil olmuşduq. O vaxt heç ağlımıza da gəlməzdi ki, tələbələr pul verib tapşırılsın. Ikimiz də imtahan verib girdik neft texnologiyası sahəsinə. Biz institutda oxuyandan üç ay sonra bildik ki, ovaxtkı Nazirlər Sovetinin sədri Sadıq Rəhimovun qızı bizimlə bir qrupda oxuyur. İndiki dildə desək, Baş nazirin qızı. O qız nə xüsusi maşında gəlirdi, nə müəllimlər ona fərqli münasibət göstərirdilər. (Onu da deyim ki,  indiki gənclər və idman naziri Azad Rəhimov həmin Sadıq Rəhimovun nəvəsidir). Öz hərəkəti, davranışı ilə də heç kimdən seçilmirdi. Lovğalanmaq nədir, heç dilinə də gətirmirdi ki, mən Nazirlər Soveti sədrinin, SSRİ Ali Soveti deputatının qızıyam.

Xülasə, ali təhsildən uzaqlaşıb qayıtdım kəndə. Əli Bayramlı o vaxt sənaye şəhəri deyildi. Kənd təsərrüfatında çalışdım. İkinci il yenidən gəldim qəbul imtahanına. Yenə də həmin institut, həmin fakültəyə daxil olmaq ümidiylə. İmtahan verdim. Düzdü “kəsilmədim”, amma lazımi balı da toplaya bilmədim. Və əsgəri xidmətə çağırdılar...

Abbasəli müəllim danışır, obrazlı desək, ömür kitabını, xatirələr dəftərini vərəqləyirdi. Müsahibənin sonunu sizə çatdırmamış deyim ki, bu insan həmişə seçilmişlərdən olub. Birincisi onu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin nəzdində olan Sərhəd Qoşunlarına çağırırlar. (O vaxtlar üç yerə – xarici ölkə ərazisində, sualtı qayıqda və sərhəddə xidmət keçməyə xüsusi seçim olurdu.) Novorossiysk Sərhəd Dəstəsinə düşür. Üç ay təlim dərslərindən sonra yenidən onu seçirlər. Və Ukraynanın Velikie Luki şəhərində yerləşən 11 aylıq serjant məktəbinə göndərirlər. Oranı müvəffəqiyyətlə bitirir, kiçik serjant rütbəsi alır. Məktəbin kadrlar şöbəsində saxlanılır. Amma rus dilinin yazısını şifahi nitq qədər gözəl bilmədiyinə görə, Xosta dəniz zastavasına göndərilir. Baş serjant rütbəsinə qədər qalxır. Hətta zastavanın starşinası  təyin olunur.

General həmin dövrü belə xatırlayır:

– Mən hələ onda kadr aparatında xidmət keçəndə komandirlərimə arzumu bildirdim ki, zabit məktəbinə getmək istəyirəm. Özü də ki,  Leninqrad Hərbi-Tibb Zabit  Məktəbinə. Zastavada qulluq eləyəndə mənə zəng elədilər ki, bəs sən “uçilişə” getmək istəyirdin. Leninqrada yer yoxdur, Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Hərbi  Məktəbinin hüquq fakültəsi var. Mən də razılıq verdim. Göndərişlə gedib.  Moskvada imtahan verdim və daxil oldum. Bizim fakültədə orta hüquq təhsili verilir və əməliyyat işçiləri hazırlayırdılar. Oranı bitirəndən sonra gəlib sərhəddə əməliyyat işi ilə məşğul olurdun. Xülasə, imtahanları verdim.

Üç il oxudum. Oranı bitirdim və mənə leytenant rütbəsi verdilər. Göndərişlə gəldim Azərbaycan Sərhəd Dairəsinə. Məntəqə rəisinin müavini təyin olundum. Sonra Yardımlı rayonu ərazisində Çayüzü kommendaturasında rəisin əməliyyat üzrə müavini oldum. Komendantın müavini olandan bir il sonra məni yenidən göndərdilər Moskvaya – DTK Akademiyasınının nəzdində birillik xarici dillər kursuna – fars dilini öyrənməyə. Fars dili əməliyyat işində, sərhəd komissarlarının görüşündə lazım idi. O vaxta qədər nəinki fars dili, heç bir xarici dil keçməmişdim. Çayüzüdə bir orta məktəb müəllimi vardı, rəhmətlik Kirmanşah o öyrədirdi bəzi şeyləri mənə. Radioya qulaq asırdım.  Kursu əla qiymətlərlə bitirdim və yenidən qayıtdım Yardımlıdakı Çayüzü komendaturasına.

3-4 ay orada işlədim.  Sonra məni göndərdilər  Lənkəran Sərhəd Dəstəsindəki əməliyyat şöbəsinə. Orada fars dilini bilən yox idi. Sonralar adı dəyişdirildi o şöbənin. Oldu kəşfiyyat şöbəsi.

İşlədim əməliyyat işində. Həm də Azərbaycan SSR-in Lənkəran zonası üzrə sərhəd komissarının tərcüməçisi. Sərhəd komissarı, müavini, tərcüməçisi və katibi – bu dörd nəfər hər iki dövlətin – SSRİ və İranın Xarici İşlər nazirlikləri tərəfindən təsdiq olunmuş adamlar idi. Lənkəran Sərhəd Dəstəsində iki il işlədim. Artıq kapitan rütbəsi almışdım”.

General danışır. Mən isə dinləyirəm. Xırdalıqlara varmaq üçün əlavə suallar verirəm. Cavab vermək istəmir. “Mahir, kimə lazımdır, kimə maraqlıdır bu şeylər, axı?” – deyə etiraz edirdi. “Mənə lazımdır” – deyirəm. Amma yenə də ağ səhifələr ağ olaraq qalır. Xüsusilə də “niyə axı, o?” sualım. Qısa müddət ərzində hansı xidmətləri olmuşdu ki, məhz onu seçirdilər. Məhz onu irəli çəkirdilər, ona inanırdılar? Axı nə arxası, nə “dayısı”, nə də pulu vardı?! Çox keçib o zamandan. Mən onu kapitan rütbəsində görəndə 5 yaşım vardı, indi isə 51. Görəsən “Soverşenno sekretno” qrifi nə vaxtadək Vətənə sədaqət andı içmiş azərbaycanlıları daha yaxından tanımağa bizə imkan verməyəcək? 

– “Azərbaycan Sərhəd Dairəsi bir qurum kimi ləğv olunmuşdu. Tbilisidə Zaqafqaziya Sərhəd dairəsi yaradılmışdı.  Bu dairə SSRİ-nin ən operativ sərhəd dairəsi idi. Türkiyə NATO-nun, İran isə ASEAN deyilən bir qurumun üzvü idi və SSRİ-yə qarşı ciddi mövqe tutan dövlətlər idilər. Mən orada ilk azərbaycanlı zabit idim ki,  dairə səviyyəsində bir vəzifə verilmişdi. Sovet vaxtı SSRİ miqyasında azərbaycanlı kadrlar vardı. Amma Sərhəd Qoşunları dairəsində azərbaycanlı olmamışdı.  Azərbaycan istiqaməti üzrə kurator idim. Yəni Azərbaycan ərazisində olan beş sərhəd dəstəsinin əməliyyat – kəşfiyyat üzrə kuratoru idim. İki il orada qulluq edəndən sonra KQB-nin – Dövlət Təhlükəsizlik Komitəsinin Akademiyasında oxumaq istəyimi bildirdim. Arzu edənlər çox idi. Amma məni seçdilər.  5 il orada qiyabi oxudum. Hüquq fakültəsini bitirdim və hüquqşünas diplomu aldım. Onun əvvəlki adı “VŞK” – “Vısşaya Şkola KQB” idi. Yəni DTK-nın Ali Məktəbi.  Oxuya-oxuya iki il Tiflisdə dairədə qulluq elədim. Artıq rütbəm mayor idi. Sonra məni keçirtdilər Lənkəran Sərhəd Dəstəsinə kəşfiyyat şöbəsinin rəisi. Podpolkovnik rütbəsi aldım.

(ardı var)

Mahir QABİLOĞLU,
Yazıçı-publisist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında