2023-cü ilə qədər “Müasir İpək Yolu” turizm layihəsindən bir milyon turist yararlanacaq

Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) aprel ayında “Müasir İpək Yolu” turizm layihəsinin ilk sınaq turuna start vermişdi. Bu günlərdə isə Bakıda “Müasir İpək Yolu” layihəsi çərçivəsində təşkil olunan ikinci sınaq tur-aksiyası ilə əlaqədar mətbuat konfransı keçirilib. Tədbirdə layihə haqqında ətraflı məlumat verilib, eləcə də turun Azərbaycanla bağlı mərhələsindən bəhs edilib.

Mətbuat konfransına “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsini həyata keçirən 4 ölkənin (Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan) nümayəndələri, habelə Almaniya, Sinqapur və İrandan layihəni dəstəkləyən üzvlər qatılmışdı. Layihədə tərəfdaş qismində Azərbaycandan “Millenium
Turizm”, “Atlas Travel” və “A la Carte Travel” şirkətləri iştirak edir.

“A La Carte Travel” şirkətinin baş direktoru Nəsib Usubov çıxış edərək layihənin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir  ki, media mənsubları, Türk Şurası təmsilçiləri və hər ölkədən turizm şirkətlərinin nümayəndələrindən ibarət qrupun ilk sınaq turu aprelin 21-də başlayıb və ayın 27-də Bakıda sınaq turizm paketinin təqdimat mərasimi keçirilib. Mayın 12-dən Türkiyədən ikinci sınaq turu başlayıb və Azərbaycan mərhələsi mayın 19-da yekunlaşıb.

Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov “Müasir İpək Yolu” turizm paketi layihəsinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, layihə türkdilli ölkələr arasında mədəni, turizm və iqtisadiyyat sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcək: “Nazirlik bu layihəyə gündəmə gələn vaxtdan öz dəstəyini verib və bundan sonra da onu dəstəkləməyə davam edəcək. Azərbaycan bu turizm paketindən istifadə edən turistlər üçün maraqlı məkandır. Bu layihə ilə ölkəmizin turizm imkanlarını, zəngini mədəniyyətini tanıtmaq və əlavə turist cəlb etmək imkanlarımız genişlənəcək”.

Sektor müdiri onu da diqqətə çatdırıb  ki, “Müasir İpək Yolu” turizm paketi layihəsi Azərbaycanın Gəncə, Naftalan, Şəki, Qəbələ və Bakı şəhərlərini əhatə edir.

Türk Şurasının nümayəndəsi Ceyhun Şahverdiyev bildirmişdir  ki, turizm sahəsində əməkdaşlıq razılaşması 2014-cü ildə 4 ölkə - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentlərinin Bodrum zirvə görüşündə qərara alınıb: “Bu layihə üzərində üç ilə yaxın müddətdə iş aparılıb. Dörd ölkə üzrə turun müddəti 14 gündür. Layihə gəlir əldə etməkdən daha çox bu ölkələrin dünyaya, bir-birlərinə tanıdılması, İpək Yolu xəttinin təbliği xarakteri daşıyır”.

C.Şahverdiyev vurğulayıb ki, layihə çərçivəsində turizm və iqtisadiyyat sahəsində əməkdaşlıq artacaq. Tur İstanbuldan başlayaraq Azərbaycan, Qırğızıstana səfərlərdən sonra Qazaxıstanda bitir. 2023-cü ilə kimi 1 milyondan artıq turistin bu paketdən yararlanacağı nəzərdə tutulur. Bildirib ki, marşrutun proqramı, saytının yaradılması, eləcə də tur paketlərin və beynəlxalq uçuşların uyğun tariflərinin formalaşması üzrə fikir mübadiləsi aparılıb. Marşrut çərçivəsində hər bir ölkə üzrə mədəni, tarixi dəyərləri, adət-ənənələri və digər turizm potensialını əhatə edən turlar təklif olunacaq.

Türkiyə, Qazaxıstan, Qırğızıstandan olan nümayəndələrlə yanaşı, Almaniya, Sinqapur və İrandan olan iştirakçılar da layihənin əhəmiyyətini vurğulamışlar. Layihə türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, ümumtürk mədəni irsinin təbliğ edilməsi, eləcə də ölkələrarası turizm əlaqələrinin genişləndirilməsi baxımından geniş imkanlar yaradacaqdır.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında