Sadə, təvazökar insan, geologiya – mineralogiya elmləri doktoru, professor Nəriman İbadulla oğlu Babayevin 80 yaşı tamam olur. Bakıda anadan olmuş, uşaqlığı II Dünya müharibəsi illərinə, gəncliyi müharibədən sonrakı ağır mərhumiyyət dövrünə düşən Nəriman 1954-1959-cu illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinin tələbəsi olub. 1959-cu ildə Dağ mühəndisi-geofizik ixtisası üzrə diplom alaraq, SSRİ Geologiya Nazirliyinin 1 №li Geoloji-kəşfiyyat Trestinin Kompleks Geoloji Ekspedisiyasında mühəndis vəzifəsinə işə qəbul edilir. Ekspedisiyanın yeni–geokimyəvi üsullarla nadir elementlərinin axtarışı və kəşfiyyatı işinə başlaması ilə əlaqədar olaraq Nəriman o vaxtlar təzəcə istifadə edilməyə başlamış “spektral analiz” üsulunu öyrənmək üçün Moskvaya Geologiya Nazirliyi Mərkəzi analitik laboratoriyasının nəzdindəki xüsusi kurslara ezam olunur və 1959-cu ilin dekabrın sonunda oranı bitirərək, mühəndis-spektroskopist ixtisasına yiyələnir.
Bundan başqa, nadir qələvi elementlərini (Li, Rb, Cs) analiz etmək üçün “Alovun fotometriyası” üsulunu da öyrənir. Təsadüfi deyil ki, Nəriman müəllim işlədiyi regionlarda–İnozemtsevoda (Şimali Qafqaz), İrkutsk şəhərində, Bakıda, AZNKİ-də (mineralogiya, petroqrafiya, litologiya kafedrasında) müxtəlif illərdə spektral laboratoriyalar yaratmış və bir müddət onlara rəhbərlik etmişdir. O, 1963-1965-ci illərdə SSRİ geologiya naziri, akademik Sidorenkonun əmri ilə ölkənin Cənub hissəsinin spektral analiz üzrə arbitri olmuşdur.
1960-cı ilin yazında Uzaq Şərqdə (Blaqoveşensk vilayəti), payızında Şimali Qafqazda (İnozemçevo-Beştau, Teberda), 1961-ci ildə Tyan-Şan dağlarının, Şimali-Şərqində (Çimqan vilayəti), 1962-ci ildə Nebitdağda (Türkmənistan), 1963-cü ildə İrkutsk vilayətində, 1964-cü ildən isə Azərbaycanda bor, litium, rubidium, sezium və digər nadir elementlərin axtarışı zamanı çöl və laboratoriya işlərinin icrası ilə məşğul olmuşdur.
1964-cü ilin ortalarından 1970-ci ilədək Nəriman müəllim Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Ali Məktəblər İdarəsində inspektor, baş inspektor, rəis müavini vəzifələrində çalışmışdır.
1969-cu ildə o, “Abşeron palçıq vulkanları brekçiyalarında bor elementinin geokimyası və yayılma qanunauyğunluqları “ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1970-ci ilin sentyabrından Azərbaycan Neft və Kimya İnstitutunun “ Ümumi, tarixi geologiya və hidrogeologiya” kafedrasında baş müəllim kimi dərs deməyə başlamışdır. Buna qədər isə o, Azərbaycan Dövlət Universitetində 1968-1970-ci illərdə “Faydalı qazıntı yataqları” kafedrasında saat hesabı dərs demişdir.
1972-1975-ci illərdə Nəriman Babayev Əlcəzairdə Karbohidrogenlər və Kimya İnstitutunda fransız dilində mühazirələr oxumuş, tələbələrin çöl-geoloji və diplom işlərinə rəhbərlik etmişdir. 1974-cü ildə Əlcəzairdə keçirilən Beynəlxalq Geoloji Konfransda çıxış etmiş və orada bir monoqrafiyası çap olunmuşdur.
1975-ci ildə Vətənə qayıdaraq ANKİ-də, doğma kafedrada, dosent vəzifəsində müəllimliyini davam
etdirmişdir.
Nəriman Babayev 1979-1981-ci illərdə Mali Respublikasının Milli Mühəndislər Məktəbində geoloji fənlərdən dərs demək üçün oraya ezam olunmuş və orada çalışan sovet mütəxəssislərinin rəhbəri təyin edilmişdir. 1980-1981-ci illərdə Mali Mühəndislər Məktəbi ilə Dakar (Seneqal) Universiteti arasında bağlanmış müqaviləyə əsasən, Dakar Universitetinin mədən fakültəsində, hər ayın son həftəsində dərs demiş və məsləhətlər vermişdir. 1981-ci ilin sentyabrında yenidən vətənə dönmüş və müəllimlik fəaliyyətini davam etdirmişdir.
2000-ci ildə “Azərbaycanın geoloji komplekslərində bor”mövzusunda doktorluq dissertasiyası işini AMEA-nın Geologiya İnstitutunda müvəffəqiyyətlə müdafiə etmişdir. 2001-ci ildən professor vəzifəsinə təyin edilmiş, 2005-2016-cı illərdə “Ümumi tarixi geologiya və hidrogeologiya” kafedrasının müdiri vəzifəsində işləmişdir. Nəriman müəllim hazırda “Neft-qaz geologiyası” kafedrasının məsləhətçi-professorudur. Onun geologiya sahəsində 58 illik zəhməti səmərəli olmuşdur.
Bor və nadir qələvi elementlərin axtarışında, müasir geoloji proseslərin öyrənilməsində, alternativ və bərpa olunan enerji mənbəyi kimi Azərbaycanın termal sularından istifadənin əsaslandırılmasında Nəriman müəllimin rolu danılmazdır. O, 2001-ci ildə palçıq vulkanları brekçiyasından bor turşusunun alınması üçün texnologiyanın işlənməsinin geoloji əsaslarını vermiş və müvafiq patent və sertifikat almışdır. Bu işin yerinə yetirilməsində mərhum akademik Azad Mirzəcanzadənin maddi və mənəvi köməyi böyük rol oynamışdır.
Təkcə bor elementinin geokimyəvi xüsusiyyətləri ilə əlaqədar Nəriman müəllimin müxtəlif illərdə 7 monoqrafiyası nəşr edilmişdir.
Nəriman Babayev beynəlxalq və respublika miqyaslı çox sayda konqres, konfrans və seminarlarda məruzələrlə çıxış etmiş, əsərləri Əlcəzairdə, Malidə, Rusiyada, Özbəkistanda, Gürcüstanda, Türkiyədə, Vyetnam və C.Koreyada çap olunmuşdur. O, 13 monoqrafiya, 300-ə yaxın məqalə və tezisin, 46 dərslik və dərs vəsaitinin, 80 elmi-texniki hesabatın müəllifidir. Xaricdə 65 işi çapdan çıxmış, 15 magistr dissertasiyasına rəhbərlik etmiş, 48 elmi işin redaktoru və ya rəyçisi olmuşdur.
Nəriman müəllim bədii yaradıcılıqla da məşğul olur. O, “İlk səyahət”, “Qanlı göl” povestlərinin və 6 pyesin müəllifidir. N. Babayev “Tərəqqi” medalı, SSRİ “Ali məktəb əlaçısı” döş nişanı, bir çox Fəxri fərman və diplomlarla təltif olunub. Onun yetirmələri–mühəndislər, bakalavr və magistrantlar təkcə respublikamızda, MDB-də deyil, dünyanın bir sıra ölkələrində müvəffəqiyyətlə çalışır, özlərinin ilk geologiya müəllimlərini unutmur, yazışır və telefon əlaqəsi saxlayırlar.
Bu əlamətdar gündə Nəriman müəllimə uzun və sağlam ömür, görkəmli elmi nailiyyətlər, yeni gənc geoloqlar nəslinin yetişdirilməsində uğurlar arzulayırıq.
İslam TAĞIYEV,
Beynəlxalq Ekologiya Elmləri və Beynəlxalq Mineral Sərvətlər akademiyalarının həqiqi üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.