Almanların Azərbaycanda məskunlaşması xalqımızın multikultural təbiətindən qaynaqlanıb

“Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində buraya köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratmışdır. Məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irsi Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək lazımınca qoruyub saxlamışdır.” Bu sözlər ölkə Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı sərəncamından götürülmüşdür. Məlumat üçün bildirək ki, UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na da bu yubiley daxil edilmişdir.

Azərbaycanda almanların məskunlaşması tarixi XIX əsrin birinci yarsından başlanmışdır. 1819-cu ildə Azərbaycanda iki alman koloniyası – Yelenendorf və Annenfeld yaranıb. Sonradan Azərbaycan ərazisində onların sayı artıb və XX əsrin əvvəlində səkkizə çatıb. Xanlar (indiki Göygöl), Şəmkir, Qazax, Tovuz, Ağstafa rayonlarının ərazilərində Yelenendorf, Annenfeld, Qeorqsfeld, Alekseyevka, Qrünfeld, Eyqenfeld, Traubenfeld, Yelizavetinka adlanan alman məskənləri mövcud idi.

Azərbaycan və alman xalqlarının mədəni əlaqələri də tədricən formalaşmağa başlayıb. Alman şərqşünasları, ədəbiyyat, mədəniyyət xadimləri ölkəmizin milli-mənəvi dəyərlərinin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynamağa başlamışlar. Bu gün ölkələrimiz arasında yaradılmış dostluq və qarşılıqlı etimadın möhkəmlənməsində Azərbaycanda məskunlaşan almanlara göstərilən yüksək qayğı və diqqətin də müsbət rolu olmuşdur. İki dövlət arasındakı tarixi dostluq ənənələrinin davam etdirilməsi nəticəsində onların Azərbaycandakı evləri, Bakı, Göygöl və Şəmkirdəki lüteran kilsələri və özünəməxsus memarlıq nümunələri olan tikililəri qorunub saxlanmaqdadır.

Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq Klubunda Azərbaycanda alman məskənlərinin yaradılmasının 200 illiyi münasibətilə təşkil olunmuş görüşdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bidirmişdir ki, 2017-ci il iki dövlət arasında diplomatik münasibətlərin 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illiyi ilə yadda qalacaq. Yubiley münasibətilə Berlin Humboldt Universitetində həmin universitetin “Azərbaycan tarixi” kafedrasının müdiri Eva-Maria Auxun təşəbbüsü ilə “Almanların Vürtemberq və Qafqaz arasında vətən axtarışı” adlı fotosərgi keçirilmişdir.

Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir Ramin Həsənov iki ölkə arasındakı əməkdaşlığın bütün sahələrdə, o cümlədən mədəniyyət, turizm və humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini qeyd edib. Bu sərgi Bakıda, Göygöldə, Gürcüstanda və Ukraynada da nümayiş olunacaq.

Bu tədbirlərdə bildirilmişdir ki, tarixən Azərbaycanda məskunlaşmış 500 alman ailəsinin ölkəmizdəki həyatı Azərbaycanda hökm sürən multikulturallıq və dini tolerantlığın bir nümunəsi olmaqla bərabər, iki dövlət arasında mövcud olan hazırkı münasibətlər üçün də möhkəm bünövrə təşkil edib. Xalqlarımızı yaxınlaşdıran mədəni əlaqələr bu kontekstdə daha aydın nəzərə çarpır.

Söz yox ki, Azərbaycanda məskunlaşmış almanların mədəni inteqrasiyası üçün hər cür şərait yaradılıb. Vaxtilə Yelenendorfda mədəni mərkəz rolunu oynayan “İcma məclisi”ndə mədəni istirahət məskənlərinə, milli ənənələrin mühafizəsinə, musiqi məşğələlərinə, folklor irsinin öyrənilməsinə böyük əhəmiyyət verilirdi ki, bu da almanların mənəvi həyatını canlandırır, onların milli özünəməxsusluqlarını qoruyub saxlayırdı. Bu faktlar sübut edir ki, Azərbaycan torpağı buraya köçmüş almanları dostcasına-qardaşcasına qəbul etmiş, onların mədəniyyətinə çox böyük ehtiram və hörmətlə yanaşaraq inkişafını təmin etmişdir.

Bunu Azərbaycan-alman dostluğuna həsr olunmuş filmlər də təsdiq edir. “Uzaq Qafqaz ümidi – Azərbaycanda alman izləri” sənədli filmində bu barədə ətraflı məlumat verilib. Film Azərbaycanın “Salnamə” studiyası və Almaniyanın “Züdost” informasiya agentliyinin birgə istehsalıdır. Alman dilində hazırlanmış 82 dəqiqəlik bu filmin rejissoru Mojkan Ehraridir.

XIX əsrdə Vürttemberq əyalətinin şəhər və kəndlərindən Azərbaycana köçmüş almanlar milli adət-ənənələrini burada da yaşatmışlar. Burada böyüyən nəsil öz mədəniyyətindən, milli ənənələrindən uzaqlaşmamışdır. Lakin sonrakı dövrdə xoşbəxt uşaqlıq çağları SSRİ-də baş alıb gedən faciəvi deportasiya ilə sona çatmışdır. 1941-ci ildə İ.Stalinin əmri ilə Azərbaycanda məskən salmış 20 min almanın burada doğulmuş, böyümüş nəsli Qazaxıstana və Sibirə sürgün olunmuşdur. Bu gün sürgündə sağ qalan almanların Rusiya almanları adlandırılan nəsli Almaniyada yaşayır. Vaxtilə Azərbaycanda yaşamış almanların bugünkü törəmələri ölkəmizdə indiyə qədər yaşayan həmvətənlərinin izlərini axtarırlar. Onlar Helenendorfun –Azərbaycandakı alman kəndinin salnaməsini yazmaq fikrindədirlər. 71 yaşlı Gizela Rasper və onun 18 yaşlı nəvəsi Sara həmin izləri bərpa edən almanlardandır.

Sənədli filmin müəllifləri – Almaniya və Azərbaycan tarixçiləri həmin kəndin əhalisi və canlı şahidlər vasitəsilə şərabçılıqla məşhur olmuş Yelenendorf kəndinin (indiki Göygöl şəhəri) həyatını canlandırmağa çalışıblar.

Alman-Azərbaycan Cəmiyyəti tərəfindən hazırlanmış “Azərbaycan-alman dostluq əlaqələri” filmində Drezdendə saxlanılan “Dədə Qorqud” eposu, Mirzə Şəfi Vazehin Fridrix Bodenştedtlə dostluğu, Leypsiq dövlət kitabxanasındakı Azərbaycana dair kitablar, Berlin İncəsənət Muzeyində saxlanılan qədim musiqi alətləri və geyimlər lentə alınmışdır. 49 dəqiqəlik yeni ekran əsərində almanların Azərbaycanda məskunlaşma tarixindən də bəhs edilir. Göstərilir ki, Azərbaycanda məskunlaşan alman icmalarına həmişə xüsusi qayğı göstərilmiş, onların mədəniyyətinə, dininə, adət-ənənələrinə hörmət və ehtiramla yanaşılmışdır. Filmdə bu məskunlaşmanın tarixinə də qısa nəzər salınır.

Almaniyalı diplomat Ortvin Hennig, kinossenarist, professor Günter Konrad və tanınmış prodüser Friedhelm Brücknerin təmsil olunduğu nümayəndə heyəti Azərbaycanda olmuş və Azərbaycanda və Gürcüstanda koloniya şəklində məskunlaşan alman icmaları ilə bağlı sənədli film çəkmişlər.

Filmdə ölkəmizdə dinc, yanaşı şəkildə yaşayan onlarca xalqın nümayəndəsi kimi, almanların da Azərbaycanda məskunlaşdıqları XIX əsrin əvvəllərindən etibarən xalqımızla qaynayıb-qarışaraq, çox mehriban və səmimi yaşadıqları diqqətə çatdırılır. Onların Azərbaycanın ictimai, mədəni həyatındakı rolunu yüksək dəyərləndirərək, Vətənimizin multikultural palitrasına xüsusi rəng qatdıqları barədə ətraflı məlumat verilir.

Xalq atristi, kinorejissor Oqtay Mirqasımovun “Qisas almadan ölmə. Uzaqdan məktublar” bədii filmi “didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur” sözləri ilə başlayır. Ekran əsəri Azərbaycanda yaşamış almanların 1941-ci ildə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır.

Azərbaycanda bu gün almanların mədəni abidələri, o cümlədən, Bakı, Göygöl və Şəmkir şəhərlərində lüteran kilsələri, burada yaşayan alman kolonistlərinin evləri və tikililəri saxlanılır. 2010-cu ildə dövlət başçısının sərəncamına əsasən, aparılan təmir və bərpa işlərindən sonra Bakıda lüteran kilsəsi binasının – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. 2013-cü ildə Prezident İlham Əliyev Şəmkirdə alman lüteran kilsəsinin bərpa edilmiş binası ilə də tanış olmuşdur.

Bakıda fəaliyyət göstərən “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində mədəni tədbirlər, konsertlər, sərgilər keçirilir. Paytaxtımızda alman memarlarının layihələri əsasında inşa edilmiş binalar qorunub saxlanılır. Bütün bunlar tolerantlıq və multikulturalizm siyasətinin, tarixi keçmişimizə, Azərbaycan ərazisində yaşayan müxtəlif etnik icmaların, konfessiyaların nümayəndələrinin mədəniyyətinə qayğıkeş münasibətin parlaq nümunəsi və təzahürüdür.

Artıq azərbaycanlılarla almanlar arasında qohumluq əlaqələri də yaranmışdır. Belə ailələrdən biri də Ələkbər Səfərova aiddir. Ə. Səfərov “Wiedergeburt” (“Dirçəliş”) Alman Milli Mədəni Cəmiyyətinin rəhbəridir. O deyir: “Cəmiyyət Azərbaycanda yaşayan almanları birləşdirir və onların əksəriyyəti qarışıq ailələrin nümayəndələridir. Ailələrdə valideynlərdən biri alman, rus və ya azərbaycanlıdır. Mütəmadi olaraq müxtəlif mədəniyyət tədbirləri keçiririk. Almanların tarixi və dini bayramlarını, anım günlərini qeyd edirik. Almanların ən çox sevdikləri bayramlardan biri dekabrın 24-25-də qeyd edilən “Vaynaxt” (Milad) bayramıdır. Alman pasxası (Ostern) isə aprel-mart aylarında, müxtəlif tarixlərdə (bu il aprelin 8-də) qeyd edilir. Bundan başqa, 3 Oktyabr - Almaniyanın Birləşməsi Günü qeyd etdiyimiz bayramlar sırasındadır”.

 Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanda yaşayan almanlar bizim xalqımızla əsaslı şəkildə qaynayıb-qarışmış, cəmiyyətə adaptasiya olunmuşlar.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında