İşğal altında qalan muzeylərimiz məhv edilib

18 may Beynəlxalq Muzeylər Günüdür

18 may dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuşdur. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə hər il müxtəlif mövzularda keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi cəmiyyətin həyatında muzeylərin mühüm rol oynadığını göstərməkdir. Dünyanın 100-dən çox ölkəsində qeyd olunanan bayram tədbirləri Beynəlxalq Muzeylər Şurası tərəfindən “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusunda keçirilir.

Azərbaycan dövlətinin muzey işi ilə bağlı həyata keçirdiyi siyasət muzeylərin inkişaf etməsinə, maddi-texniki bazasının möhkəmlənməsinə, müasir standartlara cavab verən avadanlıqlarla təmin edilməsinə, eksponatların mühafizəsinə yönəlib və onların yüksək səviyyədə təbliğini əks etdirir. Prezident İlham Əliyev 2007-ci il martın 6-da "Muzey işinin yaxşılaşdırılması haqqında" sərəncam imzalayıb. Sərəncamda deyilir: "Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixinin və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub respublikamızın bütün bölgələrini əhatə edir".

Ölkəmizdə fəaliyyət göstərən 200-dən artıq muzeyin 22-si erməni işğalı altındadır. İşğalaqədərki dövrdə bu muzeylər Azərbaycan tarixinin, ictimai fikrinin, mədəniyyətinin təbliğatçısı kimi tanınırdı. İndi onlar haqqında heç bir səhih məlumatımız yoxdur.

Azərbaycan torpaqlarının işğalı muzeylərimizin talanması ilə nəticələndi. Bu torpaqlardakı muzeylərdə neçə minillik tarixi olan abidələri, eksponatları, xalq sənətkarlarının yaratdığı, əsrlərlə yaşı olan sənət nümunələrimizi, muzeyləşən məişət əşyalarımızı və s. itirdik.

Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönəlmiş siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsidir. Bu muzeylərdən Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli eksponatlar talan edilib. Qədim sikkələr, qızıl və gümüş məmulatlar, nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Kəlbəcər və Şuşa rayonlarının tarix muzeyləri, Ağdam rayonunun dünyada nadir olan çörək muzeyi, Qubadlı Tarix-diyarşünaslıq muzeyi (3 mindən çox əşya), Zəngilan rayonunun Tarix-diyarşünaslıq muzeyi (6 minədək əşya), Daş abidələr muzeyi və bir çox başqa muzeylər bura daxildir. Bu muzeylərin, demək olar ki, heç birini xilas etmək, köçürmək mümkün olmayıb.

Erməni işğalı nəticəsində eksponatları ilə birlikdə talan olunan, məhv edilən muzeylər sırasında, şübhəsiz ki, ən unikalı Ağdam Çörək muzeyi sayılır. Ağdamda Çörək muzeyi ilə yanaşı, Tarix ölkəşünaslıq muzeyi, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası da fəaliyyət göstərirdi.

Şuşada 8 muzey dağıdılıb, talan edilib. Bunlardan yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəyovun Şuşadakı ev muzeyinin eksponatları çıxarılıb, amma həmin muzeylərin fondu da tam xilas edilməyib. Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev muzeyləri, şəkil qalereyası, Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri tamamilə dağıdılıb. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ tarixi muzeyinin 1000-dək əşyası, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun , vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün , görkəmli şair musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın xatirə muzeylərinin eksponatları talan edilib. Ermənilər Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xurşudbanu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparıblar. Bu abidələr bütün əxlaq normalarına, beynəlxalq humanitar prinsiplərə, sivilizasiyaya zidd olaraq vəhşicəsinə atəşə tutulub və ağır texnika vasitəsilə zədələnib. Sonradan həmin abidələri çox çətinliklə Bakıya gətirmək mümkün olub. Qeyd edək ki, hazırda güllələnmiş heykəllər Rüstəm Mustafayev adına İncəsənət Muzeyində saxlanır.

Ermənilər tərəfindən məhv edilmiş muzeylərdən biri də Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi olub. Alimlərin bildirdiyinə görə, içərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu muzey 1980-ci illərin əvvəllərində yaradılıb. Muzey ermənilər tərəfindən bütünlüklə məhv edilib. Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyi də bu rayonun tarixi, mədəniyyəti barədə məlumat ala bilmək üçün vizit kartı rolunu oynayıb. Muzey 1980-ci ildə fəaliyyətə başlayıb . Orada 6000-ə yaxın eksponat qorunub saxlanırdı. Bura müxtəlif növ xalçalar, kilimlər, palazlar, müxtəlif mis və gümüş qablar, nimçə, dolça, xurcunlar, gümüş xəncərlər və XVIII əsrə aid Zəngilan kəndlərindən birinin kənd həyətının maketi daxil olub. İşğaldan sonra muzey dağıdılıb, eksponatları talan edilib.

Qubadlının işğalı zamanı ermənilər 3 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyarşünaslıq Muzeyini də talan ediblər. Oradakı eksponatlardan heç birini xilas etmək mümkün olmayıb.

Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyi də erməni işğalı altındadır. Muzey Cəbrayılın tarixi, onun maddi-mədəniyyət abidələri, milli-mənəvi dəyərlərini qoruyan, yaşadan və o vaxtlar respublikamızda öz fəaliyyəti, işi ilə yaxşı tanınan bir mədəniyyət müəssisəsi idi.

Göründüyü kimi, erməni vandalları milli-mədəni irsimizi darmadağın etməklə bu torpaqda Azərbaycan xalqının izlərini itirməyə səy göstərirlər. Bu, heç bir beynəlxalq normaya sığmayan bir vəhşilikdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında