Bir həqiqətdir ki, yazılan hər bir əsər təkcə bu gün üçün deyil, daha çox gələcək üçün yaradılır. Bu mənada, 16 yaşından ədəbi fəaliyyətə başlayaraq, 60 ilə yaxın yaradıcılıq yolu keçən, yüksək sənətkarlıqla yazdığı əsərləri ilə milli ədəbiyyat tariximizi zənginləşdirən çağdaş ədəbiyyatımızın görkəmli nümayəndəsi, nasir, dramaturq, ədəbiyyatşünas, tənqidçi, publisist, ssenarist, ictimai xadim, Xalq yazıçısı Elçin zəngin və çoxşaxəli yaradıcılığı ilə dünya şöhrətli sənətkar zirvəsinə yüksəlmişdir.
Yazıçının ilk hekayəsi “O inanırdı” 1959-cu il iyulun 5-də “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Bu, Elçinin böyük ədəbiyyata gəlişinin uğurlu başlanğıcı idi. 1966-cı ildə “Min gecədən biri” adlı ilk kitabının çapından sonra o, yazıçı kimi özünütəsdiqə nail oldu. Yaza-yaza yüksələrək, ustad sənətkar mövqeyinə ucaldı.
Qüdrətli qələm sahibi ədəbi yaradıcılığın müxtəlif istiqamətlərində daxili bir gənclik şövqü və tükənməz enerji ilə yazıb-yaradır. Çünki istedad qaynar bulaqdır, o heç vaxt tükənmir. Yazıçının çoxçeşidli yaradıcılığı milli xüsusiyyətlərə malik olduğu kimi, həm də bəşəri mahiyyəti əks etdirir. Böyük ədəbi dünyagörüşə malik olan Elçin yaradıcılığının coğrafi sərhədi çox genişdir. Geniş biliyə, zəngin erudisiyaya, böyük həyat təcrübəsinə malik olan dünya şöhrətli yazıçının yüksək tirajlarla müxtəlif dillərə tərcümə olunmuş əsərləri Azərbaycanımızı və xalqımızı layiqincə tanıdır. Onun bədii əsərləri dünyanın müxtəlif ölkələrində sevilə-sevilə oxunur, yaradıcılığı xarici ölkələrdə araşdırılır və elmi-tədqiqat işləri, dissertasiyalar yazılır. Elçinin yaradıcılıq fərdiyyətini şərtləndirən özünəməxsus dəst-xətti, obrazlı dili, lirik üslubu, əsərlərində Şərq və Qərb dəyərlərini üzvi surətdə birləşdirməsi, xalq bədii təfəkkürünə, milliliyə və ənənəyə bağlılığındadır.
Yazıçı üçün yaradıcılıq anları onun xoşbəxtliyidir. Özü demişkən, “Taleyimdən gileylənmək düzgün olmazdı. Mənim uğurum-nəhəng işin nəticəsidir. Amma mən bu işi sevirəm və həyatımı bu yaradıcılıq əzabları olmadan təsəvvür etmirəm.”
Yazıçı özünü o zaman xoşbəxt hesab edir ki, oxucuları ona qarşı diqqətli olur, intizarla yeni əsərlərini gözləyir. Elçinin yüksək sənətkarlıqla və zövqlə yazılmış çoxsaylı hekayələri, povestləri, romanları və pyesləri bu gün çoxmilyonlu oxucular tərəfindən sevilə-sevilə oxunmaqdadır. Onun bədii əsərləri zaman və məkan məhdudluğu tanımır. İstedad və zəhmətin bəhrəsi olan bu ədəbi sərvətlər zamanın sınağından uğurla çıxmışdır. Elçinin ədəbiyyat və mədəniyyət tarixində gördüyü işlərin miqyası olduqca geniş və böyükdür. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dünyada tanınmasında və təbliğində yazıçının misilsiz xidmətləri var.
Elçin nəsrinin ən səciyyəvi cəhətlərindən biri ondakı psixologizm, insanların daxili aləmini, onların mənəvi dünyasındakı ziddiyyətləri nəsrin obyektinə çevirməsidir. Bu əsərlərdə yazıçının əsas məqsədi insanın daxili aləminin mübhəm çalarlarını, insan taleyinin zaman axarında başqalaşmasını, dünyaduyumunu, hisslər və duyğular aləmini aydınlatmaqdan ibarət olub. Özünün dediyi kimi, “yazıçının predmeti xislətdir və onun istedadı xislətin dərinliklərinə nə dərəcədə enə bilməsi ilə müəyyənləşir.” Əsl vətəndaşlıq və milli özünüdərk özünə bələdlikdən başlayır. Yazıçının qəhrəmanlarında özünüdərk çox güclüdür. Bu qəhrəmanların mənəvi-psixoloji aləmi çeşidli bədii boyalarla təqdim edilir.
Rus tənqidçisi L.Anninskinin fikrincə, “Elçin möcüzə sevən, sadə və xeyirxah nağılçı, kədərli sehrbazdır. O, qızılı, gümüşü rənglərin palitrasına üstünlük verən impressionistdir.” Bu qəhrəmanlar öz hərəkət və davranışları ilə hər addımda təəccüb və heyrət doğurur, öz sözləri ilə ətrafındakıları düşündürür və yaxşı əməllərə sövq edirlər. Yazıçının hekayə, povest, roman və dramları yüksək poetik dili, dərin psixologiyası, ideya-məzmununun milliliyi-bəşəriliyi ilə seçimlənir.
Yazıçının ədəbi qəhrəmanları daxilən saf, təmiz, mənəviyyatca zəngin, həm də romantik insanlardır. Bu insanlar gələcəkdə daha xoş günlərdə yaşamaq arzusunda idilər. “Baladadaşın ilk məhəbbəti”, “Bu dünyadan qatarlar gedər”, “On ildən sonra”, “Günlərin bir günündə”, “Gümüşü, narıncı, məxməri” hekayələrinin qəhrəmanları məhz romantik xəyalları, xoşbəxt gələcək haqqında duyğu və düşüncələri ilə diqqəti cəlb etdilər. Daxilən üsyankar olan bu qəhrəmanlar həm də güclü fərdi xarakterə malikdirlər. Hələ 1973-cü ildə akademik Məmməd Arif Elçinin “Gümüşü, narıncı, məxməri” kitabına həsr etdiyi resenziyasında yazmışdır: “Elçinin üslubunda indidən fərqləndirici cəhətlər özünü göstərir, onu biz yazısından, xəttindən tanımağa başlayırıq, özünəməxsus keyfiyyətlərini ayırd edirik. Bu özünəməxsusluq yazıçının həyatı müşahidə, hadisələrə baxma, onları görmə, duyma xüsusiyyəti ilə əlaqədardır. Sənətkar fərdiyyəti hər əsərə öz damğasını basır. Yazıçının fərdi istedadından asılı olaraq bu damğa bəzən çox qabarıq, təkrarolunmaz, orijinal keyfiyyətləri ilə meydana çıxır.” Elçinin qəhrəmanları müxtəlif taleyə, dünyagörüşünə, zəif və güclü xarakterə malik olsalar da, onları bir ümumi insani cəhət birləşdirir: mənəvi zənginlik, təmizlik, saflıq və əxlaqi kamillik. Elçinin hekayələrində və povestlərində əsas mühit Abşeron kəndləridir. O, mühitin koloritini yaratmaqla qəhrəmanın daxili aləmini və psixoloji ovqatını həmin mühitin kontekstində aşkarlayır. Onun “Bir görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Dolça”, “Bayraqdar” və digər povestləri cəmiyyəti narahat edən mənəvi-əxlaqi problemlərə həsr olunmuşdur.
Elçinin “Qaçqınlar” silsiləsindən olan “Qarabağ şikəstəsi”, “Sarı gəlin”, “Bayraqdar” povest və hekayələri öz orijinallığı, həyatiliyi və yüksək sənətkarlığı ilə seçilir. Buzovna fəhlə yataqxanasında sığınacaq tapan, qəzet-jurnallar satmaq üçün maşınların üstünə qaçaraq çörək pulu çıxaran Surxay əlamətdar bayram günlərində üçrəngli bayrağını balaca otağının pəncərəsindən asır. Hətta o, yeganə oğlunun hüzr məclisində də müqəddəs bildiyi üçrəngli bayrağı mərasim evinin qənşərindəki iydə ağacının budağından asır. Çünki Surxayın qəlbində əbədi yuva salmış bu üçrəngli bayraq təkcə Surxayın ailəsinin deyil, həm də öz yurd-yuvalarından perik düşmüş bütün qaçqın ailələrini Qarabağa, doğma Şuşaya bağlayan son ümiddir. Povestdə bir ailənin timsalında Qarabağ faciəsinin bütün ağrı və əzabları, dözülməz məşəqqətləri əsl vətəndaş yanğısı və ustad sənətkar qələmi ilə təsvir edilmişdir. Əsərdə kamançaçı Tanrıverdinin sualına Surxay Bayraqdarın verdiyi cavab oxucunun qəlbində bir ümid işığı yandırır:
– Deyirsən o bayraq qayıdacaq da Şuşaya?
– Əlbəttə!
Qaçqınlıq həyatı yaşayan bu insanlar doğma torpaqlarını, yurd-yuvalarını itirdikləri üçün özlərini xoşbəxt sanmırlar. Gecə yatanda da yuxularında o yerləri görürlər. Akademik Nərgiz Paşayeva “Bayraqdar” povesti haqqındakı məqaləsində yazır: “Bayraqdar” povesti böyük faciənin yığcam bədii panoramını yaradan, eyni zamanda, ən dərin qatlarını üzə çıxaran sənət əsəridir. Bu əsər öz müəllifinə müasir dövrdə – XXI əsrin əvvəllərində də ədəbi bayraqdarlıq ucalığı gətirmişdir.”
Elçinin çoxşaxəli yaradıcılığında onun möhtəşəm romanları “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” xüsusi yer tutur. Fikrimizcə, yazıçının tarixi mövzulu əsərlərində yaratdığı obrazlar həm də tarixi yaddaşın yaradıcısı olublar. “Ağ dəvə” romanında Böyük Vətən müharibəsi illərinin acı həqiqətləri təsvir olunur. Müəllif bir məhəllənin timsalında geniş ümumiləşdirmələr yolu ilə dövrün bütün mənzərəsini yarada bilmişdir. “Ölüm hökmü” romanının əsas qayəsi repressiya və durğunluq dövründə insanların başına gətirilən dəhşətli müsibətlər təsvir edilir. Elçinin son zamanlarda çapdan çıxmış “Baş” əsəri də tarixi roman janrında yazılıb. Roman günümüzün reallıqları və tarixi gerçəklikləri ilə də səsləşir. Bu əsər yazıçının növbəti uğurudur. Müəllifin romanı Xalq yazıçısı İlyas Əfəndiyevə ithaf etməsi əbədiyaşar sənətkarımızın ruhuna dəyərli töhfədir.
Bir mərhələ olaraq Elçinin dramaturgiyası müstəqillik dövrünün yeni teatr hadisəsidir. Əslində, onun dramaturgiyası öz başlanğıcını ötən əsrin 70-ci illərinin əvvəllərindən götürüb. İlk pyesi olan “Poçt şöbəsində xəyal”ı yazıçı 26 yaşında yazıb. Elçin dramaturgiyasının əsasını insan, zaman, dünya və cəmiyyət problemi təşkil edir. Yazıçının dram əsərləri Azərbaycan dramaturgiyasını janr poetikası baxımından da zənginləşdirdi. Dram, komediya, tragikomediya, faciə, fars-novella, absurd və s. onun ən çox istifadə etdiyi dramatik janrlardır.
Elçinin “Ah, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Şuşa dağlarını duman bürüdü”, “Qatil”, “Teleskop”, “Şekspir”, “Sənətkarın taleyi”, “Cəhənnəm sakinləri”, “Arılar arasında” pyesləri ölkəmizin teatrlarında uğurla tamaşaya qoyulmuşdur. Azərbaycan teatrının ölkəmizin hüdudlarından kənarda tanınmasında Elçin dramaturgiyasının xüsusi yeri vardır. Xüsusilə Azərbaycan–Türkiyə teatr əlaqələrinin genişlənməsində Elçin yaradıcılığı ayrıca bir mərhələdir. Dramaturqun pyesləri Ankaranın, Konyanın, Ərzurumun, İstanbulun, Adananın və Türkiyənin digər şəhərlərindəki dövlət teatrlarında nümayiş etdirilmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Yerli mətbuat Türkiyədə göstərilən bu tamaşalara iki qardaş ölkə arasında mədəniyyət sahəsindəki əlaqələrin inkişafında böyük mədəni hadisə kimi yüksək dəyər verdi. Elçini isə Türkiyədə ən çox nəşr edilən müasir dünyanın qüdrətli yazıçısı kimi təqdim etdi. Başqa bir dərgidə qeyd edilir ki, “Türkiyədə və dünyada nəşr edilən zaman, hekayə, esseləri və səhnə üçün yazdığı əsərləri ilə tanınan Elçin Azərbaycan dünyasını və insanını tanıdır.”
İstanbul Böyük Bələdiyyəsi Kültür İşləri dairə başqanı Əhməd Çökər isə yazır: “Elçin bəy yalnız qardaş Azərbaycanın deyil, bütün türk dünyasının, o cümlədən Türkiyənin də böyük yazarıdır. Onun Türkiyə teatrlarında səhnəyə qoyulmuş pyesləri əsl sənət uğurları əldə etmiş, tamaşaçıların həqiqi məhəbbətini qazanmışdır.” Təkcə bir faktı qeyd edək ki, dramaturqun “Ulduzlar altında qətl” pyesi İstanbulda məşhur Möhsün Ərtoğrul səhnəsində üç ay ərzində 77 dəfə oynanılmış və yüksək reytinqli tamaşa kimi böyük uğur qazanmışdır. 2007-ci ildə yazıçı “Türk dünyasına xidmət” mükafatına layiq görülmüşdür. Londonda “Şekspir” və “Mənim sevimli dəlim” pyesləri müvəffəqiyyətlə nümayiş etdirilmiş və xarici tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Ümumiyyətlə, dramaturqun pyesləri Moskva, Sankt-Peterburq, Ankara, İstanbul, Konya, Ərzurum, Krım, London, Nyu-York, Kipr, digər ölkə, diyar və şəhərlərin teatrlarında tamaşaya qoyulmuş və böyük uğur qazanmışdır.
Xalq yazıçısı zəngin yaradıcılığı ilə kino sənətimizə yeni bir estetik təravət gətirdi. Milli kino sənətinin inkişafında yazıçının nəsr əsərlərinin və ssenarilərinin ekranlaşdırılmasının böyük əhəmiyyəti vardır. Onun ssenarilərində dolğun bədii süjet, gözəl təsvir vasitələri, maraqlı dialoqlar, təsvir edilən mühitin görümlülüyü ekran əsərinin təcəssümünə xüsusi bir çalar verir. Yazıçının bədii əsərlərinin cövhərinə hopmuş sadəlik, humanizm və bəşərilik onun görümlülüyünə və estetik dəyərinə bir tamlıq gətirir. Dövrün qlobal və mənəvi-əxlaqi problemlərini fəlsəfi dərinlik və mürəkkəbliyi ilə ekranda canlandırmaq Elçin ssenarilərinin əsas özülüdür. Yazıçının “Baladadaşın ilk məhəbbəti”, “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Milli bomba”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm” filmləri bu gün də ekranlarımızda uğurla nümayiş etdirilir. Ümumiyyətlə, Elçinin ssenariləri əsasında 22 adda film çəkilmişdir. Onu da qeyd edək ki, Azərbaycan və Türkiyə kinematoqraflarının birgə layihəsi olan “Mahmud və Məryəm” filminin dünya ekranlarına çıxması milli kino mədəniyyətimizin ən böyük qələbəsidir.
Xalq yazıçısı onlarca monoqrafiyanın, yüzlərlə elmi-nəzəri və publisistik məqalənin müəllifidir. O, görkəmli ədəbiyyatşünas-alim, professional tənqidçidir. Yazıçının on cildlik “Seçilmiş əsərləri”nin dörd cildi elmi əsərlərini əhatə edir. Onun elmi monoqrafiyaları sırasında “Tənqid və nəsr”, “Tənqid və ədəbiyyatımızın problemləri”, “Klassiklər və müasirlər”, “Klassik aşıq poeziyasında “Dünya” obrazı”, “Ədəbiyyatımızda Vaysman xəstəliyi”, “Sosializm realizmi bizə nə verdi?”, “Ədəbi düşüncələr” və bir sıra əsərləri xüsusi əhəmiyyət kəsb edir.
Elçin müəllimin yaradıcılığında onun tərcüməçilik fəaliyyəti də xüsusi yer tutur. O, bir sıra dünya şöhrətli yazıçıların, o cümlədən C.B.Molyer, L.Pirandello, A.Kristi, F.S.Fitscerald, A.Morua, H.Laksnes, A.Əzimov və digər sənətkarların əsərlərini və klassik yapon poeziyasından nümunələri Azərbaycan dilinə tərcümə etmişdir. L.Pirandellonun, Albert Maltsın, Kşiştof Xoinskinin pyesləri də Elçinin tərcüməsində tamaşaya qoyulub. Molyerin komediyalarını tərcümə edərək kitab şəklində nəşr etdirib. Elçin müəllim dünyanın bir çox nüfuzlu universitetlərinin, o cümlədən İstanbul Kültür Universitetinin “Fəxri doktor” u adına layiq görülüb.
Elçin müəllimin ictimai fəaliyyətində “Vətən” Cəmiyyətində göstərdiyi fədakarlıq xüsusi yer tutur. Fikrimizcə, bu mövzu daha əhatəli şəkildə tədqiq edilməlidir. Xüsusilə, Elçinin “Vətən” Cəmiyyətindəki fəaliyyəti və mühacirətşünaslıq problemlərinə həsr edilən əsərlərinin sistemli elmi tədqiqinə ehtiyac vardır. “Vətən” Cəmiyyəti mühacir həyatı yaşayan yurddaşlarımızla Azərbaycan arasında mənəvi körpü yaratdı.
Hər bir sənətkarın tarixi dəyəri onun öz xalqı qarşısında etdiyi xidmətləri ilə ölçülür. Elçinin bütün yaradıcılığı – nəsri, dramaturgiyası, publisistikası, tənqidi, bütövlükdə, sənət konsepsiyası ədəbi-tarixi hadisədir. Azərbaycan dilinin zənginliyinə, estetik cazibədarlığına, ifadə imkanlarının rəngarəngliyinə dərindən bələdliyindəndir ki, əsərlərinin bədii dili yüksək şeiriyyəti və obrazlılığı ilə oxucunu cəlb edir. Görkəmli sənətkarın dünyanın müxtəlif dillərində 150-dən artıq kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sair dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 10 milyondan çoxdur. Əlli ildir ki, bir sənətkar, alim və ictimai xadim kimi onun qələmi xalqımıza xidmət etməkdədir. Yazıçının yaradıcılığı haqqında onlarca tədqiqat əsəri yazılıb və şübhəsiz ki, yenə yazılacaq.
Elçin müəllim nüfuzlu ictimai xadim kimi Amerikada, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Bolqarıstanda, İraqda, Avstriyada, İranda, Qazaxıstanda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi-ədəbi, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, rəsmi dövlət danışıqlarında və görüşlərdə ölkəmizi layiqincə təmsil edib. Və bu tədbirlərdə xalqımızın taleyüklü məsələlərini, o cümlədən torpaqlarımızın erməni faşistləri tərəfindən işğal edilməsini dünya ictimaiyyətinə çatdırıb.
Elçin müəllim bir yazıçı və zəngin təcrübəli dövlət xadimi kimi Azərbaycanın müstəqilliyinin qazanılması yolunda həm qələmi, həm də ictimai fəaliyyəti ilə yorulmadan mübarizə aparır. O, fenomenal şəxsiyyət, milli ziyalılıq ənənələrini özündə təcəssüm etdirən dünya şöhrətli böyük sənətkardır. Ədəbiyyatımıza və mədəniyyətimizə möhkəm bağlı olan vətəndaş-yazıçı, milli ziyalıdır. Hərtərəfli istedada malik olan şəxsiyyətinə sadiq müdrik sənətkar həmişə millətin, xalqın yanında olub. Milli təəssübkeşliyi, mənəvi zənginliyi, obyektivliyi, xeyirxahlığı, prinsipiallığı, cəsarəti, ictimai xadimliyi ona tükənməz xalq məhəbbəti qazandırıb. Elçin müəllim bütöv şəxsiyyəti, çoxşaxəli yaradıcılığı və mənəvi-əxlaqi keyfiyyəti ilə gənclərə canlı örnəkdir. Bəşəri meyarlarla düşünən sənətkar bu gün də gənclik şövqü və ilhamla yazıb-yaradır.
Elçin müəllimin belə bir fikri var: “Yazıçı, məlum məsələdir ki, özünü ifadə edir. Əgər söhbət istedadlı yazıçıdan gedirsə, o, özü ilə bərabər, xalqını ifadə edir. Böyük yazıçılar bəşəri ifadə edir”. Bu mənada hörmətli Elçin müəllimin özü də bəşəri yazıçıdır. O, bütün yaradıcılığı boyu müasirlik duyğusuna sadiq qaldığı üçün zamanın səddini uğurla keçdi və yeni-yeni yaradıcılıq zirvəsi fəth etdi.
Əziz Elçin müəllim, ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Vəfa Xanoğlan,
filologiya üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.