Mədəniyyətlərarası dialoq – dünyanın xilas yolu

Artıq Azərbaycan 4-cü dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Öz formatına görə akademik xarakter daşıyan bu beynəlxalq tədbir dünyada ciddi kataklizmlərin baş verdiyi bir vaxtda beynəlxalq aləmə çox ciddi mesajlar ötürdü.

Dünyanın 120 ölkəsindən olan 800-dən artıq qonağın iştirak etdiyi forum 50-dən çox beynəlxalq qurumun yüksək səviyyəli nümayəndəsini Bakıya toplamışdı. Forumun rəsmi açılışında Prezident İlham Əliyev demişdir: “Mədəniyyətlərarası dialoq haqqında danışanda biz aydın şəkildə anlayırıq ki, həmin dialoqun uğurunun təsirini hər bir sahədə – siyasi həyatda, təhlükəsizlik ilə bağlı sahələrdə və iqtisadi əməkdaşlıqda görmək olar. Proqnozlaşdırılan tərəfdaşlığa və qarşılıqlı etimada söykənən münasibətlər olmadığı halda istənilən dövlət üçün qarşıya qoyulan məqsədlərə çatmaq çox çətin olar”.

Forumda səslənən çağırışlar dünyanın əksər ölkələri tərəfindən dəstəklənir. Qonaqlardan birinin təbirincə desək, “ IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələcəyə ismarıcdır. Bu forum müxtəlif ölkələrdən olan nüfuzlu alimlərin, siyasi və ictimai xadimlərin bir yerə toplaşaraq, mövcud çətinlikləri, problemləri və onların həlli yollarını müzakirə etməsinə imkan yaratdı. Bu məsələləri qaldırmaq vacibdir. İnsanlar bunu eşitməli və başa düşməlidir ki, mədəniyyətlərarası dialoq, mədəni irs, bəşəri dəyərlər çox vacib kateqoriyalardır. Ona görə bu forum gələcəyə ismarıc və sülh prosesinə mane olan bütün amillərə cavabdır”.

Yüksək səviyyədə baş tutmuş forumda müzakirə olunan problemlər bu gün bəşəriyyətin qarşılaşdığı və həllivacib məsələlər idi. Çox diqqətəlayiqdir ki, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri forum başa çatdıqdan sonra verdikləri müsahibələrdə bu tədbirin bəşəriyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını bildirmişlər. BMT Sivilizasiyalararası Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasser bildirib ki, mədəniyyətlər və sivilizasiyalararası dialoq get-gedə daha böyük əhəmiyyət daşıyır: “Azərbaycan rəhbərliyinə bu işə verdiyi dəstəyə görə təşəkkür edirəm. Mən gözləyirəm ki, bu istiqamətdə Azərbaycanla daha sıx əməkdaşlıq edəcəyik. Biz ərzaq təhlükəsizliyi sahəsində də birgə işləyirik. Oktyabrda Romada birgə tədbirimiz keçiriləcək. Gələn il Bakı prosesinin 10 illiyi qeyd ediləcək. O zaman bu işə töhfə verən şəxslər mükafatlandırılacaq”.

İslam dünyasının nüfuzlu beynəlxalq təşkilatı olan ISESCO-nun baş direktou Osman əl-Tüveycri isə bildirib ki, dünya fobiyaları, ayrı-seçkilikləri, insanlara nifrəti aradan qaldırmalıdır: “Bu forum, əslində, bir başlanğıcdır. Biz bu işi davam etdirməliyik. Bu sahədə ISESCO etibarlı tərəfdaşdır”.

UNESCO-nun baş direktoru İrina Bokova deyib ki, “Şərq və Qərbin ortasında olan Azərbaycan bizə kömək edir və bu kimi tədbirlər keçirir. Biz əlaqələri gücləndirməli və burada müzakirə olunanları həyata keçirməyə çalışmalıyıq”.

“Tədbir yüksək səviyyədə keçirilib. Biz bu forumda prinsipləri müəyyən etdik. Biz mədəniyyətlərarası dialoqdan danışarkən kiməsə dərs vermək fikrimiz yoxdur. Biz çalışdıq ki, insanlar sülh şəraitində yaşasınlar. Biz əlimizdən gələni etməliyik ki, dünyada hər kəs yaxşı yaşasın. Azərbaycan zəngin ölkədir. Dünyada elə xalqlar var ki, biz istərdik onlar da sizin kimi olsun”. Bu sözləri isə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirib. Onun geniş əhatəli çıxışı forum iştirakçılarının böyük marağına səbəb olmuşdur. Onun fikrincə, qlobal liderlər olaraq bizim qarşımızda bir vəzifə dayanır. Biz bu gəmidə davamlı şəkildə mümkün qədər düzgün istiqamətdə irəliyə doğru getməliyik. Bu, çox ağır bir dövrə təsadüf edir. Biz təlatümlü və qeyri-aydın bir dövrdə yaşayırıq. Bu çağırışlar, iqtisadi böhran, terrorçuluq, insan hüquqları uğrunda mübarizə, bərabərsizliyin aradan qaldırılması, iqlim dəyişikliyi və eyni zamanda, təcridolunma, divarların çəkilməsi, sədlərin tikilməsi dövründə yaşayırıq. Mən şərəflə təmsil etdiyim sahə adından deyə bilərəm ki, biz insan azadlıqlarını, xüsusən də insanların azad şəkildə yerdəyişmələrini təmin etməliyik. Biz keşməkeşli bir vaxtda yaşayırıq. Görürük ki, bu gün dünya bəzi yerlərdə daha çətin vəziyyətə sürüklənir.

Mədəniyyətlərin dialoqunun məqsədi də bu çətin vəziyyətdən çıxış yollarının ­tapılmasıdır. Azərbaycan dünyaya bu yolun axtarışında yardımçı olmaq, xalqları, millətləri , dövlətləri onları gözləyən bəlalardan xilas yolunu tapmağa öz töhfəsini vermək niyyəti ilə bu tədbirlərin təşkilatşısı funksiyasını yerinə yetirir. IV Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycanın bu təşəbbüsü yüksək qiymətləndirildi. Forum başa çatsa da, onun müzakirə etdiyi mövzular barədə bu gün dünyanın aparıcı mətbuat orqanları münasibət bildirməkdədir. Ən xoş olanı budur ki, “Bakı prosesi” təqdir olunur və onun təşəbbüskarı Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasəti alqışlanır.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında