Şair-dramaturq Ramiq Muxtar qələmə aldığı nəzm, nəsr, dram əsərlərində, bir qayda olaraq, xalq yaradıcılığı, xalqın taleyi, dərdi-səri, millətlərin dostluğu və qardaşlığına böyük diqqət yetirmişdir. Məhz bu məziyyətlərinə görə də şairin məqsədyönlü, faydalı fəaliyyəti, əsərlərinin dili, bədii üslubu, siqləti onu xalqa sevdirmiş, insanlar arasında böyük maraq və rəğbət oyatmışdır.
Ramiq Muxtarın xalqımızın vüqarlı qızı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ithaf etdiyi “Mənim oyaq yuxularım” povesti də ədəbi mühitimizdə maraqla qarşılanmışdır.
“Mənim oyaq yuxularım” kitabına yazılan ön sözdə qeyd olunur ki, povestin əsas ideya xəttini, başlıca leytmotivini Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, ermənilərin azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri qırğınlar, 1813-cü ildə Rusiya–İran sövdələşməsi nəticəsində imzalanan ” Gülüstan” müqaviləsi ilə Azərbaycan torpaqlarının iki yerə parçalanması, Qarabağ həqiqətləri, digər ağrı-acılı məsələlər təşkil edir.Erməni işğalı nəticəsində torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin çəkdikləri əzab-əziyyətlər, yaşadıqları faciələr müəllif tərəfindən ürək ağrısı ilə vurğulanır.
Şair-dramaturqun yaradıcılığında mühüm yer tutan, sonsuz mehr və məhəbbətlə qələmə aldığı “Mənim oyaq yuxularım” povesti simvolik mənası, mündəricəsi, ədəbi manerası, cüjet xətti ilə diqqəti cəlb edir. Maraqlı və dərindən düşündürücü ideya-süjet xətti ilə şair novella janrından ustalıqla istifadə edərək müasir həyatımız və bu günümüzdə baş verən hadisələr fonunda faktlar və məlumatlar əsasında gördüyü yuxuları nəql edərək yeni məzmun və formada bir əsər yaratmışdır.
Əsərin məzmunu şairin gördüyü 13 yuxudan ibarətdir. Povestin başlanğıcında müəllif yazır: “Bütün bəşər övladlarına bəllidir ki, insan yatan vaxtı yuxu görür. Mən, 5 yaşından anadan yetim qalmış Ramiq Muxtar isə günün günorta çağı gözüaçıq vəziyyətdə yuxu görürəm... Bu “tərki dünyada” şair ayaqüstü xəyala-yuxuya gedir və atası Muxtar kişi ilə bərabər “səyahətə çıxıb” yuxusuna gələn obrazlarla görüşüb söhbət edirlər. Atası yuxuda oğluna yol göstərir, məsləhətlər verir. Şair oyanandan sonra yuxularını danışmağa və yazmağa başlayır.Şair oyaq yuxularında Azərbaycan tarixinin müəyyən mərhələlərində xalqımıza qarşı təcavüzkarlıq siyasəti yeridən, millətimizin, torpaqlarımızın parçalanması və işğalına bais olanlar, müharibələrin, qırğınların, soyqırımlarının, terrorların törədilməsinə rəvac verənlər, torpaqlarımızın işğal altında saxlanmasna yardım göstərənlər –Birinci Pyotr , İ.V. Stalin, Mixail Qorbaçov və onun əlaltıları , erməni katolikosu I Vazqen, “üç kəndirbaz” kimi təqdim olunan ATƏT-in Minsk qrupunun həmsədrləri və digər surətlər ilə söhbətlərində ermənilərin vəhşiliklərini, terrorçu bir toplum olmalarını sübut edən faktları qarşıya qoyur. Şairin bu məntiqli sübut, dəlil və faktları qarşısında həmin o şəxsiyyətlər öz tarixi səhvlərini etiraf edir, günahlarını boynuna alır və hətta Azərbaycan xalqından üzr istəyirlər.
Şair yuxularında, həmçinin Azərbaycanın böyük şəxsiyyətləri Məhəmməd Füzuli, Nəsrəddin Tusi, Mikayıl Müşfiq, Türkiyənin sabiq prezidenti Turqut Özal, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy, Əməkdar idman ustası Ələkbər Məmmədov və digərləri ilə görüşüb söhbət edir. Bu yuxularda Füzuli “Şəbi-Hicranı” dilə gətirib:” Mənim heykəlim öz Vətənimdədir,mən qürbət həyatı yaşamamışam...”, Mikayıl Müşfiq isə: “Mən də istərdim ki, Nizaminin, Füzulinin, Hüseyn Cavidin, Cəfər Cabbarlının və Səməd Vurğunun şərəfinə qoyulan heykəllərə bənzər ayaqüstü heykəlim ucaldılsın...”, Turqut Özal: “Dağlıq Qarabağa görə mənim ruhum çox narahatdır. Mən o zəfər gününü gözləyirəm. ..”, Eduard Şevardnadze: “...Mən inanıram ki, Azərbaycan Prezidenti İlham Əliyev atası Heydər Əliyevin şərəfli yolunu uğurla davam etdirəcək və tezliklə Dağlıq Qarabağda Azərbaycan himninin əzəmətli sədası eşidiləcəkdir. Amin!”-deyir.
“Mənim oyaq yuxularım” son illər ədəbiyyatımızın nəsr əsərləri içərisində ideya-siyasi xətti, mövzu aktuallığı, müasirliyi, ədəbi yaradıcılıq vüsəti, bədii təcəssümü, orijinallığı, yığcam məzmun və məna dəyəri ilə diqqəti cəlb edir.
İnanırıq ki, ədəbiyyatımızda ictimai-bədii fəaliyyəti, poeziyamıza yeni nəfəs gətirən şeirləri, müasir həyatımızın yaşam tərzi və problemlərini əks etdirən dram əsərləri ilə layiqli yer tutan, oxucuların, tamaşaçıların məhəbbətini qazanan şair-dramaturq Ramiq Muxtarın yeni əsərinə də ədəbi ictimaiyyət tərəfindən yüksək dəyər veriləcəkdir.
Afət SADIQOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.