Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə UNESCO kafedralarının ikinci akademik forumu keçirilib

Mayın 4-də Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO mədəniyyətlərarası və dinlərarası kafedralarının ikinci akademik forumu keçirilib.

mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva akademik forumu açaraq müzakirə ediləcək mövzuların aktuallığından danışıb. Bildirib ki, Azərbaycan tərəfi bu toplantıya böyük əhəmiyyət verir. Çünki 2015-ci ildə III Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bu toplantının birincisi Bakıda təşkil edilib.

Nazir müavini deyib: “Biz UNESCO-nun müvafiq istiqamətdə fəaliyyətini daim dəstəkləyirik. Bu tədbir “Bakı prosesi”nin, habelə dünyada mədəniyyətlərarası dialoqun təhlili baxımından da əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı, “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il oktyabrın 13-15-də paytaxtımızda İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçirilib. Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələri nazirlər konfransına isə Avropadan 10 ölkənin Azərbaycan tərəfindən dəvət edilməsi ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirib. Bunun davamı olaraq 2010-cu il sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilib. Beləliklə, Azərbaycan regional təşəbbüsdən qlobal miqyasa çıxıb. Nəticədə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulmuş “Bakı prosesi” çərçivəsində 2011-ci, 2013-cü və 2015-ci illərdə I, II və III Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib. 170-dən çox ölkənin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın tanınmış şəxsiyyətləri və elm adamları da daxil olmaqla sözügedən forumların ümumi iştirakçılarının sayı təqribən 10 minə yaxın olub və bu iştirakçılar intellektual və idarəetmə sahələrində dünyanın nüfuzlu insanlarıdır. Eləcə də Bakı Beynəlxalq Humanitar forumları, Dünya Dini Liderlərinin Sammiti, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən forumlar dövlət siyasətimizin vahid strateji xəttini nümayiş etdirir”.

Tədbirdə UNESCO-nun baş direktorunun müavini xanım Nada əl-Nashif Azərbaycan ilə təmsil etdiyi təşkilat arasında əlaqələrdən söz açıb və dövlətimizin dəstəyini yüksək dəyərləndirib. Bildirib ki, UNESCO mədəniyyətlərarası və dinlərarası kafedralarının birinci akademik forumundan keçən müddətdə Azərbaycanın UNESCO-ya dəstəyi, cəlb edilən komandaların gördüyü işlər təqdirəlayiqdir. Birinci toplantıdan bəri bir çox işlər görüldüyünü, Parisdə görüşlər keçirildiyini, şəbəkə platformasının genişləndiyini deyən Nada əl-Nashif IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramının zəngin olduğunu qeyd edib. O, Forum çərçivəsində UNESCO-nun mədəniyyətlərarası dialoqun problem və perspektivləri – siyasətdən nəzəriyyə və təcrübəyə doğru məsələlərini əhatə edən kitabının təqdimatının olacağını diqqətə çatdırıb.  

Xanım Nada əl-Nashif deyib: “Akademik forum çoxsaylı çağırışlarla dolu keşməkeşli bir zamanda keçirilir. Siyasi elitanın bir araya gəlməsinə böyük ehtiyac var. Ona görə də bu forum bir fürsət kimi üzləşdiyimiz problemlərin müzakirəsi, müxtəlif mədəniyyətlərin bir araya gəlməsi baxımından önəmlidir”.

Qeyd edilib ki, UNESCO məktəb və sığınacaqlar tikməsə də, sülh proseslərinə təkan vermək üçün mədəni savadlılıq, uğurlu təcrübələrin təbliği məsələsində mühüm rol oynayır. Bununla belə proqressiv proqramlara ehtiyac duyulur ki, bu da əməkdaşlıq çərçivəsində yaradıla bilər. Ümumiyyətlə, tədbirlərin hamısı səriştəli savadlılıq səviyyəsində həyata keçirilir.

İclasda UNESCO-nun mənəvi ənənələrin müqayisəli tədqiqi, onların konkret mədəni və dinlərarası dialoqu kafedrası üzrə rəsmisi Alina Venkova, Kolumbiya Milli Universitetinin professoru Jorj Enrik Qonzales və başqaları birinci akademik forumdan keçən müddət ərzində görülən işlərdən danışıblar və gələcək fəaliyyət barədə təkliflərini bildiriblər.

Xatırladaq ki, Bakıda Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə UNESCO kafedralarının 1-ci akademik forumu 2015-ci il mayın 19-da keçirilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında