Musiqi tariximizin yorulmaz tədqiqatçısı

Amerika dilşünası Çarlz Marden “riqqətə gətirməyən və biliyə heç nə əlavə etməyən kitabı” oxumamağı təklif edir. Dəyərli qənaətdir. Bilik xəzinəsi sayılan kitabdan qəlbin, zəkan üçün nə isə əldə etməyəcəksənsə, doğrudan da, ona vaxt ayırmağa dəyməz. Əksəriyyətimizin, azdan-çoxdan, xeyli kitabı var. Kim onlarla təmasda olursa, bilmədiklərini öyrənir və yeri gələndə başqalarını da öyrədir.

Musiqişünas Minirə Dilbazinin özündən əvvəl bir kitabı ilə tanış oldum. Onun “Bakının musiqi həyatı (XIX əsrin ikinci yarısı--XX əsrin əvvəlləri)” adlı tədqiqat əsəri mövzusu və dəyəri ilə dərhal diqqətimi cəlb etdi. Oxudum, mənəvi zənginlik qazandım və qürur hissi kecirdim. Ruhumuzu oxşayan, Vətən, xalq anlayışları ilə çulğalaşan Azərbaycan musiqisi! Boşuna deməyiblər ki, bir millətin kimliyini bilmək istəyirsinizsə, onun musiqisini dinləyin.

Dahi Üzeyir bəyin milli özünüdərk və özünütəsdiq savaşında uzaqvuran artilleriyaya çevirdiyi Azərbaycan musiqisi! Hər birimizin Vətən sevdasına qanad taxan, məna gətirən, qeyrətli soydaşlarımızı xalq aşiqinə çevirən milli musiqimiz! Bizi dünyaya ən mədəni, yüksək zövqlü xalqlardan biri kimi tanıdan musiqi dünyamızın tarixini, dünənini daha dərindən və əhatəli öyrənmək istəyənlər  üçün musiqişünas Minirə Dilbazinin “Bakının musiqi həyatı (XIX əsrin ikinci yarısı-XX əsrin əvvəlləri)” əsəri mükəmməl bir mənbədir. Milli musiqimizin təbii-tarixi inkişafdan profesionallaşma mərhələsinə daxil olduğu bir epoxanı elmi-xronikal səpkidə araşdıran bu əsər çox zəngin, ciddi arxiv materiallarını dövriyyəyə gətirib. Kitabda bir əsr əvvəl milli mədəniyyətimizin baş məkanına çevrilməkdə olan Bakının musiqi ifaçılığı tarixi əksini tapıb. Sənətşünaslıq doktoru mərhum Ramiz Zöhrabovun təbirincə, bu əsəri “musiqi tarixi ilə bağlı ensiklopedik nəşr” adlandırmaq olar.

Toxunduğu problemlərə, qaldırdığı məsələlərə səriştəli, professional münasibət bildirən müəllif  əsərdə “Bakının musiqi həyatının inkişafını canlı bir orqanizim kimi” oxucunun gözləri qarşısında canlandıra bilib. Mütəxəssislərin fikrincə, kitab zənginliyi, kamilliyi, əhatəliyi, ensiklopedik xarakteri ilə diqqət çəkir. Müəllif mövzuya yanaşması, araşdırma üslubu ilə təkcə sənətşünas, musiqişünas yox, həm də öz işinin öhdəsindən uğurla gələn tarixçi-etnoqraf, teatrşünas təsiri bağışlayır. Tədqiqatçıdan böyük cəsarət və məsuliyyət tələb edən bir mövzuda ərsəyə gəlmiş bu əsərin hər çümləsində Minirə xanımın milli musiqimizə, onun tarixinə böyük marağı, tükənməz sevgisi aydın duyulur.

Mühacirət irsimizin tanınmış   araşdırıcısı, filologiya elmləri doktoru Abid Tahirli qeyd edir ki, bu kitab digər sahə tədqiqatçıları üçün də gözəl nümunə, yaxşı örnəkdir: “Əsərdə müraciət olunan dövrdə Bakının musiqi həyatı ilə bağlı, demək olar ki, heç bir qaranlıq, gizli məqam qalmamışdır”.     

Bakının musiqi həyatını əks etdirən bu “elmi salnamə”nin müəllifi təcrübəli və istedadlı musiqişünas alim, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor, “Əməkdar müəllim” Minirə Dilbazidir. Onunla Bakı Musiqi Akademiyasında, rəhbərlik etdiyi ümumi fortepiano kafedrasında görüşdük. Böyük Dilbazilər nəslinin davamcısı olan Minirə xanım əsl Azərbaycan xanımına xas ədəb-ərkanı ilə ilk andan rəğbət doğurdu. Doğru deyiblər ki, ot kökü üstə bitər. Bu nəslin tanınmış nümayəndəsi Xalq şairi Mirvarid Dilbazi yazırdı ki, dilbazilər XVII əsrdən XIX yuzilliyin axırına qədər ziyalı-mülkədar nəsli olmuşdur. Sonralar Sovetlər nə qədər asıb-kəssə  də, dilbaziləri yox edə, bu nəslin əsilzadəliyini itirə bilməmişdi. Tarix sübut etdi ki, kübarlıq var-dövlətlə yox, əxlaqi-mənəvi dəyərlərlə bağlıdır.

Minirə Xulusi qızı Dilbazi dünyaya gələndə Azərbaycan kübarlığına divan tutulur, xalqın milli dəyərlərə bağlı ən yaxşı övladları məhv edilirdi. O, 1937-ci ilin aprelində Bakıda dünyaya göz açmışdı. Müharibə illərində məktəbə getmiş, yazmağı-oxumağı öyrənmiş, fənlərin əsaslarını mənimsəmişdi. Amma yaşıdlarından fərqli olaraq, musiqi dünyasına möhkəm bağlanmışdı. Bu istək onu 1952-ci ildə Gəncə Musiqi Texnikumunun fortepiano şöbəsinə gətirmişdi. 1955-ci ildə bu orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən Minirə elə həmin il  dahi Üzeyir bəy Hacıbəylinin yaratdığı və onun sənət yolunu yaşadan Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinə daxil olmuşdu. Minirə xanım 1960-cı ildə bu ali musiqi məktəbini bitirəndə müəllimlərinin təklifi ilə konservatoriyada saxlanmışdı. O vaxtdan 57 il keçir.

1982-ci il Minirə xanımın həyatında xüsusilə düşərli olmuşdu. O, Moskvada Ümumittifaq Sənətşünaslıq Elmi-Tədqiqat İnstitutunda sənətşünaslıq doktoru, professor A.Dmitriyevin rəhbərliyi ilə “Bakının musiqi həyatı” (XIX əsrin II yarısı, XX əsrin əvvəlləri) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsi almışdı. Minirə xanım həmişə bədxahımız olmuş ermənilərin nümayəndəsinin də daxil olduğu Elmi Şura qarşısında sübut etmişdi ki, Azərbaycanda milli musiqi mədəniyyətinin çox zəngin və qədim tarixi var. Bu mədəniyyət möhkəm təməl üzərində qurulmuşdur, Avropa musiqi mədəniyyəti ilə qarşılıqlı təsir və inkişaf yolundadır. Gənc sənətşünas müdafiə çıxışında xalq musiqisinin nəzəri problemlərindən, Bakının ilk musiqi məktəblərindən, 1901-ci ildə A.Yermolayevin təşəbbüsü ilə yaradılmış Rus Musiqi Cəmiyyətinin Bakı şöbəsindən, ilk xalq xorundan tutmuş Peterburqun estrada mühitinədək bir sıra önəmli məsələlərdən bəhs edərkən bir daha şura üzvlərini inandıra, hətta heyrətləndirə bilmişdi.

Bundan sonra istedadlı pianoçu, bacarıqlı tədqiqatçı bilik və təcrübəsini müəllim kimi tələbələrə də öyrətməyə başlamışdı. İlk gündən alim-pedaqoq özünəməxsus tədqiqat dəst-xətti, öyrətmə metodikası ilə fərqlənmişdi. Xalq artisti, bəstəkar Tofiq Quliyev sonralar bu münasibətlə demişdi: “Minirə xanım səsi-sorağı dünyanın möhtəşəm konsert salonlarından, musiqi ocaqlarından eşidilən musiqi kadrlarını yetişdirdi”. Minirə Dilbazini bacarıqlı pedaqoq kimi fərqləndirən üstün keyfiyyətlərdən biri də odur ki, o, auditoriyaya, əgər belə demək mümkünsə, özünün zəngin bilik və axtarış ehtiyatı ilə daxil olur. İki monoqrafiyanın, dərs vəsaitlərinin, ali və orta ixtisas musiqi məktəbləri üçün tədris proqramlarının, bir çox elmi, elmi-metodiki məqalə və tövsiyənin müəllifi olan pedaqoq nəzəriyyə ilə təcrübəni vəhdət şəklində təqdim edə bilir. Amma bu o demək  deyil ki, Minirə xanım tədris prosesində klassik irsdən bəhrələnmir. O, dərslərində dahi Üzeyir bəyin və dünya klassiklərinin nəzəri əsərlərindən, təcrübələrindən öyrəndiklərini günün tələbi əsasında öz mülahizələri ilə zənginləşdirib auditoriyaya çatdırır.

Musiqişünas alimlərin fikrincə, Minirə xanım fortepianonun tədrisi metodikasına öz möhürünü vurub. O, Azərbaycan bəstəkarlarının fortepiano əsərlərini tar ilə fortepiano üçün işləmişdir. Şənətşünas fortepiano ifaçılığının öyrədilməsinin bütün mərhələləri üçün proqramlar tərtib etmiş, ümumi fortepiano kursu üzrə müntəxabat hazırlamışdır. Odur ki, Minirə xanımın tərtib etdiyi tədris prosesində nəzəriyyə ilə təcrübə üzvi şəkildə bir-birini tamamlayır. Yüksək elmi səviyyədə, pedaqoji bacarıqla, estetik zövqlə bildiklərini tələbələrinə aşılayan Minirə xanım musiqi tariximizin maraqlı və qaranlıq səhifələrini müntəzəm olaraq dövri mətbuatda işıqlandırır. Onun “Qobustan”, “Elm və həyat”, “Ulduz” və başqa mətbu orqanlarda çap etdirdiyi hər bir məqalə musiqi ictimaiyyətinin diqqətini çəlb edir.

Dəfələrlə konfransların, qurultayların, mədəni-kütləvi tədbirlərin həm təşkilatçısı, həm də fəal iştirakçısı olan Minirə Dilbazi ömrünün altmış ilini Azərbaycan musiqisinin tədrisinə, təbliğinə həsr edib. Alim-pedaqoq elm və tədrisdə olduğu kimi, təşkilatçılıq işlərində də məsuliyyətli və təşəbbüskardır. O, 24 ildir ki, ümumi fortepiano kafedrasına rəhbərlik edir. Müsahibim söhbət zamanı qazandığı uğurlar üçün kafedra yoldaşlarına da minnətdarlığını bildirdi: “İstər böyük, istər kicik uğurlarımda kafedramızın hər bir əməkdaşının müəyyən payı var. Əslində, biz eyni məqsədi olan işgüzar bir ailəyik.”

Minirə xanım həm də sədaqətli, qayğıkeş ömür-gün yoldaşıdır. Üç övlad böyüdüb boya-başa catdırıb. Mehriban nənə kimi nəvələrinin əziyyətini çəkməkdən xüsusi raharlıq tapır. Minirə xanım söhbət zamanı bir məsələni də ayrıca qeyd etdi: “İstər ailədəki, istər də işdəki uğurlarıma görə ömür-gün yoldaşım Musa müəllimə borcluyam. Hər an onun köməyini hiss etmişəm. Ən yaxın məsləhətçimdir. Kimliyindən asılı olmayaraq, hər bir qadının onu duyan, qiymətləndirən, sədaqətli bir ömür-gün  yoldaşına ehtiyacı var”. Xatırladaq ki, həmin insan yaxın keçmişdə respublikamızda müxtəlif rəhbər vəzifələrdə işləmiş,  bacarıqlı, mədəni, gözü-könlü tox soydaşımız kimi tanıdığımız Musa Məmmədovdur. İngilis şairi Aleksandr Pop demiş: “Yaxşı həyat yoldaşı Allahın xüsusi bir hədiyyəsidir”. 

Söhbətimizdə Minirə xanım aramla, şövqlə işindən, tədqiqatlarından, tələbələrindən, nəhayət, ailəsindən danışdı. Hərəkətlərindən, sözlərindən, çevrəsinə münasibətindən hələ də yaratmaq-yaşamaq arzusunun güclü olduğu duyulurdu. Tanınmış müsiqiçi pedaqoq, nüfuzlu sənətşunas və səmimi insan Minirə Dilbaziyə ömrünün ahıl çağında möhkəm cansağlığı və yeni istəklərinə qovuşmasını arzulayırıq.

   Qərənfil  DÜNYAMİNQIZI,
Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında