Səbaildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilmişdir

Ümummmilli lider Heydər Əliyev milli müsiqimizlə yanaşı, klassik və simfonik musiqini də çox sevir, belə konsertlərdə həvəslə iştirak edir, bu bəşəri xəzinənin incilərindən böyük zövq alırdı. Səbail Rayon İcra Hakimiyyəti ulu öndərin əziz xatirəsinə səbaillilərin dərin ehtiramının yüksək duyğu-düşüncələrlə ifadə olunması üçün unudulmaz rəhbərin doğum günü ərəfəsində Dövlət Filarmoniyasında məhz belə bir musiqi gecəsi təşkil etmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayon ictimaiyyəti nümayəndələrinin, Milli Məclis üzvlərinin, tanınmış elm və mədəniyyət adamlarının, rayonla qardaşlaşmış ABŞ-ın Nyu-York şəhəri Bruklin inzibati rayonu elçilərinin, media təmsilçilərinin iştirak etdiyi gecədə qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi  ilə əlaqədar rayonda silsilə tədbirlər davam edir, idarə, müəssisə və təşkilatlarda keçirilən rəngarəng anım mərasimlərində ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Bildirilmişdir ki, Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq, onun təşəbbüsü ilə mədəniyyətin bir çox sahələrində kütləviliyə nail olmaq üçün müxtəlif tədbirlər keçirilir, eləcə də o vaxtadək kifayət qədər maraq göstərilməyən klassik və simfonik musiqini geniş tamaşaçı çevrəsinə sevdirmək məqsədilə rəhbər işçilərin və mədəni  elitanın iştirakı ilə vaxtaşırı klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının möhtəşəm əsərlərinin səsləndirildiyi bu konsertlərə ulu öndər özü də gəlir, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.

Ümummilli liderin doğum günü ərəfəsində ötən əsrin 70-ci illərindəki klassik musiqi gecələrini bir daha xatirələrdə canlandırmaq və ali zövq sahibi Heydər Əliyevin ən çox sevdiyi klassik əsərləri yenidən səsləndirmək üçün tərtib olunmuş mükəmməl konsert proqramı salona toplaşanlara təqdim edilmişdir.

Ulu öndərin və bu günlərdə xatirəsi böyük qədirbilənliklə yad olunmuş ömür-gün yoldaşı, görkəmli oftalmoloq Zərifə Əliyevanın səhnədə monitorlarla əks olunmuş iri portretləri fonunda Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri əvvəlcə Niyazinin “Rast” simfonik muğamını əzəmət və şövqlə səsləndirmişdir. Sonra Xalq artisti Azər Zeynalov, əməkdar artistlər Zemfira İsmayılova və İlham Nəzərov orkestrin müşayəti ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Müslüm Maqomayev,  Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Tofiq Quliyev və Asəf Zeynallının ölməz əsərlərini məharətlə ifa etmişlər.

Mərasim ümummilli lider Heydər Əliyevin xatirəsinə, bağlı olduğu milli və bəşəri dəyərlərə səbaillilərin sevgi-sayğılarını ifadə etmişdir.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında