Öz kitablarımı və ərsəyə gəlməsində hansısa payım olan nəşrləri, yeri gəldikcə, hədiyyə etdiyim, söz xiridarı saydığım tələbəlik dostum bu yaxınlarda Atatürk Mərkəzində keçirilən görüşdən əvvəl çantasından bir kitab çıxarıb yerinə düşən bir zarafatla mənə verdi:
– Sən mənə çox kitab bağışlamısan, bu vaxtadək borcunu qaytarmamışam. İndi mən sənə elə bir kitab verirəm ki, hamısına əvəz olsun. – Əlavə etdi ki, bizim nəsilə həyat universiteti olmuş mühit, birbaşa və ya dolayısı, ustadlarımız, öyüncümüz olmuş insanlar barədədir.
Bu təqdimat elə tutarlı və təsirli oldu ki, görüş başlayana qədər keçən bir neçə dəqiqədə kitabı adından, müəllifindən, ön sözündən tutmuş mündəricatına, nəşriyyat qeydlərinədək nəzərdən keçirdim. “Həyatım və mühitim” adlı bu qalın kitabın müəllifi bir əsrə yaxın müddətdə anadilli mətbuatımızın baş qəzeti sayılan, sovet dövründə 72 il “Kommunist” adı ilə çıxan, dövlət müstəqilliyimizi “Xalq qəzeti” adı ilə müjdələyən bir qəzetin redaksiyasında yetkinləşib ahıllıq yaşına çatmış, geniş oxucu kütləsinin illərdən bəri müxtəlif janrlı yazılarını maraqla oxuduğu, fəaliyyətini yüksək dəyərləndirdiyim mükəmməl qələm sahibi Əlipənah Bayramovdur.
Əməkdar mədəniyyət işçisi, Həsən bəy Zərdabi və “Qızıl qələm” mükafatçısı olan müəllif həmişə özünə, sözünə və ünsiyyətdə olduğu insanlara qarşı yüksək tələbkarlığı ilə seçilib. Bu yerdə bildirim ki, mənim də uzun illərdən bəri sözü ilə əməli uyarlıqda olan söz-sənət adamlarının çevrəsində görüb-tanıdığım Əlipənah müəllimin qələminə və şəxsiyyətinə ölkənin elmi-mədəni elitası da yaxşı bələddir və sayğı-sevgi bəsləyir. Kitabın adı da oxucu kütləsi və tədqiqatçıların geniş dairəsi üçün bütün dövrlərdə həyat və mühit kimi tandem təşkil edən tutumlu və cəlbedici mövzuda olduğunu nişan verir.
“Həyatım və mühitim” toplusu “Xalq qəzeti”nin dövlət müstəqilliyimiz ilə yaşıd olan 25 illik layihəsinin və müəllifin 70 illik ömrünün sənət hesabatı kimi ərsəyə gəlib. Bu kitabda toplanmış təxminən 40 yazı qəzetdə çap olunduğu günlərdə böyük maraqla qarşılanıb, geniş əks-səda doğurub. Ölkəmizin son bir əsrlik ictimai-siyasi, elmi-mədəni həyatının çox önəmli fakt və hadisələri, çoxəsrlik milli-mədəni varlığımızın mental dəyərləri, bir az əvvəl toxunulduğu kimi, “bizim nəsilə həyat universiteti olmuş mühit, birbaşa və ya dolayısı, ustadlarımız, öyüncümüz olmuş insanlar barədə” epoxal müsahibələr, oçerklər və müəllifin özünün bu silsiləni tamamlayan bioqrafik qeydləri toplu halında yeni bir keyfiyyət qazanaraq ensiklopedik nəşr səciyyəsi daşıyır.
İş və yazı stolumun üstündə yaxın günlərdə baxmaq, oxumaq üçün seçib-ayırdığım bir neçə kitab olsa da, mənə doğma və əziz olan bir çox dəyərlərlə aşılanmış, çox ciddi məfkurəvi yük daşıyan və səmimi duyğu-düşüncə impulsu yayan bu toplunu vaxt tapıb evdə-işdə bir neçə günə əlimdən yerə qoymadım.
Filoloq, tarixçi, şərqşünas və jurnalistlərin bir neçə nəslinin müəllimləri olmuş akademik və professorlardan – tarixçi Ziya və Teymur Bünyadovlar, Sara Aşurbəyli, Məşədixanım Nemət, ədəbiyyatşünas Məmməd Cəfər, Abbas Zamanov, Kamal Talıbzadə, Əzizə Cəfərzadə, Xalq şairi və yazıçılardan – Mirvarid Dilbazi, Hüseyn Abbaszadə, Xəlil Rza, Söhrab Tahir, Zəlimxan Yaqub, ünlü şairlər Famil Mehdi və Musa Yaqub, ustad Aşıq Ədalət, xalq artistlərindən – aktrisa Nəsibə Zeynalova, bəstəkarlar Tofiq Quliyev və Arif Məlikov, müğənni Alim Qasımov, görkəmli jurnalistlər Cəmil Əlibəyov, Rəşid Mahmudov və Əli İldırımoğlu kimi xalqımızın mənəvi xəzinəsində nadirlikləri ilə seçilən insanlarla jurnalistikanın ən ciddi bir rubrikasında aparılmış say-seçmə müsahibələri, digər oçerk və xronikal qeydləri gözəgörünməz məfkurə süjetinin bir-birinə bağladığı, eyni üslub-təqdimat ülgüsündən çıxmış bütöv bir ədəbi-publisistik-tarixi romanın epizodları kimi oxuyub başa çıxdım.
Bu yazıların bir çoxu ilə “Xalq qəzeti”nin səhifələrində necə deyərlər, isti-isti tanış olsam da, mənə elə gəldi ki, onları birinci dəfədir ki, oxuyuram. Bu, bəlkə də ondan irəli gəlir ki, bir nəfər sevdiyin insanla görüş adama bir sevinc gətirirsə, beş-on belə dəyərli insanla bir yerdə olmaq da onların sayı qədər çox xoş əhval gətirir. Bu yazılar silsiləsi qəzetdə çap olunduğu günlərdə nə qədər maraqlı və oxunaqlı olmuşdusa, 25 illik yaradıcılıq marafonunun sonunda bundan qat-qat artıq dərəcədə dəyərli olub, əbədiyyətə ünvanlanmış zəngin mənəvi qaynaq təsiri bağışlayır.
Kitabda adları və əməlləri xalqımızın qəlbində yaşayan, ulu öndər Heydər Əliyevin yaxın silahdaşları olmuş dövlət xadimləri və qurucu insanlar – Əliş Ləmbəranski, Kamran Hüseynov, ümummilli liderin zəhmətlərini yüksək qiymətləndirdiyi əmək qəhrəmanları və mühəndis-rəhbərləri – Bəhmən Hacıyev, Qurban Abbasov, Fərman Salmanov, Baba Səmədov, Yaqub Rüstəmov, Kərim Kərimov kimi neçə-neçə hünər və zəka sahibi olan soydaşımızla müsahibə və yazılar da eyni maraqla oxunur. Bu insanlar da adlarını əvvəl çəkdiyim görkəmli soydaşlarımızla bir yerdə son bir əsrlik milli mühitimizin zirvəsini təşkil etmiş şöhrətli bir pleyadadır. Kitabı oxuduqca ötən epoxanın canlı sütunları olmuş bu insanları bir daha qədirbilənliklə xatırlayırsan. Onlar, sanki, öz amal və əməlləri ilə qəlbimizdə yenidən canlanır və tarixdəki mövqelərini bir az da möhkəmləndirirlər.
Sonda onu demək istəyirəm ki, ötən illərdə “Həyatım və mühitim” ülgüsü ilə təqdim olunan bir çox yazıya və kitaba rast gəlmişik. Təəssüf ki, onların bir çoxu yüksək həyat və yaradıcılıq meyarlarından aşağı dayanır, bir çox hallarda xaltura və konyuktura xarakteri daşıyır. Jurnalist Əlipənah Bayramovun ölkənin avanqard qəzetinin ən ciddi məfkurəvi-yaradıcılıq tələblərinə uyğun gündəmə gətirdiyi “Həyatım və mühitim” yazılar silsiləsi isə həm çalışdığı redaksiyanın öz ənənələrinə sadiqliyi, həm də müəllifin yüksək peşəkarlığı baxımdan diqqəti cəlb edir: çağdaş oxucuya akademik meyarlara cavab verən bir nəşr təqdim olunub.
Bu yerdə kitabın redaktoru, Əməkdar jurnalist Tahir Aydınoğlunun topluya ön sözündəki eyhamını xatırlamağa dəyər: “Xalq qəzeti”nin sovet dövründən müstəqillik epoxasına keçidə münasibətini ifadə edən “Həyatım və mühitim” rubrikasının qəhrəmanları ilk gündən Həsən bəy Zərdabini örnək sayan, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə kimi milli ideoloqların məfkurə tariximizdə və istiqlal savaşında yerini anlayan, Cəlil Məmmədquluzadəni, Üzeyir bəy Hacıbəylini yaxın-uzaqdan görmüş, Hüseyn Caviddən, Əhməd Cavaddan, Abdulla Şaiqdən dərs almış, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza ilə oturub- durmuş, ünsiyyətdə olmuş müəllimlər, elm, ədəbiyyat və incəsənət xadimləri, ön və arxa cəbhələrdə hünər göstərmiş, ad qazanmış hərbçilər və əmək adamlarıdır.
Müsahiblərin cox ciddi ölçülərlə seçilməsi, açıqlanan ömür yolunun ibrətliliyi, səslənən arzu-diləklərin xalqın yeni yolu, böyük hədəfləri ilə bağlılığı ilk aylardan və illərdən bu rubrika altında söhbətlərə o qədər böyük maraq yaratdı ki, cəmiyyətdə üzdəniraq zirəkliyi ilə urvatdan düşmüş bəzi “ziyalılar” bu rubrika altında “bəraət” almağa müxtəlif yollarla cəhd göstərirdilər. Lakin redaksiya “Həyatım və mühitim”in konyukturlaşmasına qətiyyən imkan vermədi.”
“Xalq qəzeti”nin kollektivini, onun önəmli yaradıcılıq layihəsinin ağır və məsul yükünü illərdən bəri çəkmiş əməkdaşı Əlipənah Bayramovu belə bir dəyərli kitabı, nəsillər və epoxalar arasında mənəvi körpü yaradan nəşri hasilə gətirdiklərinə görə təbrik edir, bu missiyanın uğurlu davamını arzu edirik.
Nizami CƏFƏROV,
Milli Məclisin deputatı,
Atatürk Mərkəzinin direkroru,
AMEA-nın müxbir üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.