Aprelin 28-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın ən parlaq şəxsiyyətlərindən olan böyük oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Qələbəyə doğru” ümumrespublika intellektual oyununun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BDU və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Böyük alim, tibb elmləri doktoru, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyətindən danışan rektor alimin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
A.Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib, ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olduğunu qürur hissi ilə xatırladıb. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən bəhs edən rektor Azərbaycanın çox sürətlə inkişaf etdiyini bildirib.
Akademik “Qələbəyə doğru” ümumrespublika intellektual oyunu ilə bağlı fikirlərini bölüşərək, bilik yarışının uşaqların intellektual inkişafında, dünyagörüşlərinin formalaşmasında rolunu vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ulu öndər Heydər Əliyev siyasətinin əhəmiyyətini diqqətə çatdırıb, ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib, ölkəmizdə əldə olunan nailiyyətləri xatırladıb.
Böyük alim, akademik Zərifə xanım Əliyevanın zəngin elmi fəaliyyətindən danışan Hicran Hüseynova alimin tibb elminin inkişafına əvəzsiz töhfələr verdiyini, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazandığını söyləyib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı olan akademik Zərifə xanım Əliyeva həm görkəmli elm xadimi, həm də tanınmış ictimai xadim, işıqlı şəxsiyyət, sədaqətli həyat yoldaşı, mehriban, qayğıkeş ana idi.
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Qələbəyə doğru” ümumrespublika intellektual oyunundan bəhs edən AQUPDK-nın sədri bu tədbirə AZƏRTAC tərəfindən informasiya dəstəyinin göstərildiyini diqqətə çatdırıb.
Yasamal rayon icra hakimiyyəti başçısının müavini Təravət Muradova bu günlərdə böyük oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini söyləyib. O, qayğıkeş insan, böyük ziyalı, görkəmli alim Zərifə Əliyevanın mənalı ömür yolundan danışıb. Bildirib ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə xatırlanacaq və xalqımızın qəlbində əbədi yaşayacaq.
Sonra intellektual oyunla bağlı AZƏRTAC-ın multimedia və videoxəbər şöbəsi tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə məlumat verilib ki, AQUPDK tərəfindən ənənəvi olaraq hər il mart-aprel aylarında ölkə üzrə istedadlı uşaqlardan ibarət komandaların bilik yarışı – “Qələbəyə doğru” intellektual oyunu keçirilir. Bu il martın 2-dən aprelin 19-dək keçirilən yarışmanın regional seçim mərhələlərində 76 şəhər və rayon komandalarından 12 komanda final mərhələsinə vəsiqə qazanıb. Regional yarışmalarda hər bir komandada intellektual səviyyəsi, dünyagörüşü yüksək olan 5 uşaq öz bilik və bacarıqlarını nümayiş etdirib.
İntellektual oyunun final mərhələsində Naftalanı, Ağstafanı, Goranboyu, Xaçmazı, Lənkəranı, Sabirabadı, İsmayıllını, Zaqatalanı, Cəbrayılı, Sumqayıtı, Bakının Xətai rayonunu təmsil edən komandaların, eləcə də qızlardan ibarət “Zəfər” yığma komandasının iştirakı ilə bilik yarışı olub.
AQUPDK və BDU-nun əməkdaşlarından ibarət münsiflər heyətinin müşayiəti ilə keçirilən bilik yarışında uşaqların dünyagörüşü, Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, elmi nailiyyətlər və kəşflər sahəsində bilikləri müəyyənləşdirilib.
Birinci yeri “Sumqayıt”, ikinci yeri “Goranboy”, üçüncü yeri isə “Sabirabad” komandaları tutublar.
Tədbirdə qalib komandalara təşkilatçılar tərəfindən diplom və hədiyyələr verilib. Birinci yerin qalibi olan “Sumqayıt” komandasına “Qələbəyə doğru” kuboku təqdim olunub.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.