Ülvi insani keyfiyyətləri ilə mənəvi ucalığın zirvəsinə ucalaraq əbədiyyətə qovuşmuş, unudulmaz Zərifə xanım Əliyeva məhz nurdan yaranan, bütün varlığı ilə nur olan təkrarsız bir insan idi. Elə buna görə də təsadüfi deyil ki, onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək amalına xidmət edirdi. Onun təbib əllərindən süzülən işıq bu gün də şəfa verdiyi insanların gözlərindədir. Geniş qəlbindən və dərin zəkasından çağlayan nur seli onu tanıyan insanların mənəvi dünyasına daim işıq salır.
Tarix bizə bir şəxsin simasında rəhbərlik və elmi tədqiqatçılıq istedadının, tükənməz əməksevərlik və ramedici nəzakətliliyin xoşbəxt vəhdətini birləşdirən çox az nümunələr vermişdir. Akademik Zərifə xanım Əliyeva məhz belə keyfiyyətlərə malik olmuşdur. Uca dağlar silsiləsinin zirvələri olduğu kimi, Zərifə xanım da müasir Azərbaycan oftalmologiya elminin əsas zirvələrindəndir.
Zərifə xanım Əliyevanın həyatının mənasını təşkil edən nə varsa – gözəl ailəsi, elmi, davranışı, bütövlükdə əxlaqı hamısı onun nuruna qərq olmuşdu. Şübhə yoxdur ki, bütün potensial imkanlarını realizə etmək və inkişaf etdirmək onu formalaşdıran mühitdə mümkün olmuşdur. Axı Zərifə xanım istedadlı və gözəl bir ailədə – görkəmli dövlət xadimi, Azərbaycanın böyük səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində anadan olmuşdur. Belə ki, bu böyük insanın xüsusiyyətləri, təbii ki, qızı Zərifə xanıma da keçmişdir.
Ən yüksək keyfiyyətlər – səmimilik, alicənablıq, qayğıkeşlik, ilk növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işinin birliyi, vətənpərvərlik, xalqına, Vətəninə və torpağına tükənməz məhəbbət Zərifə xanım Əliyevaya xas cəhətlər idi.
Tibb İnstitutunu bitirdikdən və Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmoloğiya üzrə ixtisaslaşma kursu keçdikdən sonra 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi fəaliyyətə başlayaraq, ordinatorluqdan baş elmi işçiliyə qədər yaradıcılıq yolu keçmiş və böyük mütəxəssis kimi formalaşmışdır.
Elmi fəaliyyətinin ilk dövründə Zərifə xanım tərəfindən traxomanın erkən diaqnostikası, müalicəsi və profilaktikasına dair aktual elmi araşdırmalar aparılmışdır. Namizədlik dissertasiyasında əksini tapmış bu araşdırmaların nəinki elmi, həmçinin böyük praktik əhəmiyyəti vardı. Minlərlə insanın korluqdan xilas olaraq ictimai faydalı əməyə qayıtmasını mümkün etməsi bu elmi tədqiqatların mühümlüyünə dəlalət edirdi. Beləliklə, Azərbaycanda traxoma xəstəliyinin ləğvinə yönəldilmiş kompleks tibbi tədbirlər məhz Zərifə xanım Əliyevaya məxsusdur. Onu da qeyd edək ki, malyariya və traxomaya qarşı fədakar mübarizə aparan professor Əziz Əliyev estafeti qızına vermiş oldu. Fundamental elmi axtarışlardan maksimum praktik nəticə əldə etmək xüsusiyyəti gənc alimin həm bu, həm də sonrakı işləri üçün xarakterik idi.
Zərifə xanımın bütün sonrakı fəaliyyəti tibb elminin nailiyyətlərinin oftalmologiyada tətbiqinə yönəlmişdi. Bununla birgə, o, həmişə oftalmologiyada kliniki istiqamətin tərəfdarı olmuşdur.
Z.Əliyeva keçən əsrin altmışıncı illərində dünya təcrübəsində birincilər sırasında görmə üzvünün peşə xəstəlikləri problemi üzrə geniş elmi axtarışlara başlamışdı. Sənaye zərərlərinin görmə orqanına toksik təsirinin öyrənilməsinə bir sıra elmi əsərlər həsr edilsə də, kimya istehsalının müxtəlif inqrediyentlərinin görmə orqanlarına təsiri az işıqlandırılmışdı. Kimya istehsalının bəzi yeni sahələri ilə əlaqədar olan peşə xəstəlikləri xüsusilə az öyrənilmişdi. Halbuki, kimyəvi inqrediyentlərin müxtəlif kombinasiyaları bir çox hallarda insan orqaniziminə və görmə orqanına zərərli təsir göstərir. Kimyəvi maddələrin uzunmüddətli kompleks təsiri nəticəsində orqanlarda distrofik, proliferativ proseslər əmələ gəlir. Bir çox inkişaf etmiş ölkələrdə şin və yod istehsalı yüksək səviyyədə olsa da, bu sahələrdə istehsal tullantılarının görmə orqanına toksik təsirinin öyrənilməsinə aid müfəssəl işlər yox idi. Zərifə xanım Əliyevanın elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də məhz yod və şin sənayesinin zərərli təsirlərindən gözün zədələnməsinin öyrənilməsi olmuşdur. Dünya ədəbiyyatında bu fundamental tədqiqatın analoqu yoxdur. Bu problem üzrə Zərifə xanımın elmi tədqiqatlarının nəticələri haqqında dərc olunmuş 30-dan çox elmi işdə tetraxloretilen, pestisid, stirol buxarlarının orqanizmə xroniki təsiri zamanı görmə üzvünün və onun funksiyalarının vəziyyəti əks etdirilir. Məhz bu dövrdən başlayaraq, Zərifə xanımın elmi axtarışlarının əsas mövzusu Azərbaycanın kimya sənayesinin bəzi sahələrində çalışan fəhlələrin görmə orqanının vəziyyətini tədqiq etmək olmuşdur.
Bu problem üzrə Z.Əliyevanın elmi tədqiqatlarının səciyyəvi yaradıcılıq axtarışlarının genişliyi, təhlillərin dərinliyi və elmi uzaqgörənliyidi. Bu tədqiqatların nəticələri haqqında dərc olunmuş 30-dan çox elmi işdə görmə orqanının vəziyyəti və onun funksiyasına stirol, tetraxloretilen, pestisid və digər peşə yönümlü istehsalat amillərinin təsiri əks etdirilmişdir.
Zərifə xanım əldə olunmuş nəticələrlə kifayətlənməyərək, tədqiqatlarının mövzusunu daha da dərinləşdirmiş və dünyada ilk dəfə olaraq görmə orqanına az miqdarda olsa da, peşə amillərinin təsirini aşkar etmişdir. Qeyd etmək lazımdır ki, o, elmi axtarışlarının nəticələrini mütəmadi olaraq tələbələri ilə təhlilini apararaq, onları elmi məqalə, məruzə və metodik tövsiyə formasında nəşr etdirirdi.
Aparılmış fundamental elmi işlərin nəticələri Zərifə xanımın 1976-cı ildə M.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil edirdi. Bu məşhur institutun alimləri və ixtisaslaşmış şuranın üzvləri işə yüksək qiymət verməklə çoxillik tədqiqatların nəticələrini monoqrafiya, dərs vəsaiti və metodik tövsiyə şəklində çap etdirməyi məsləhət görmüşlər. Z.Əliyevanın doktorluq dissertasiyası müdafiəsinin şahidi kimi xatirimdə elmi şuranın sədri tərəfindən deyilən ifadə qalır: “Əməkdar elmlər doktorunu parlaq müdafiə münasibətilə təbrik edirəm”. Bu, böyük xoşbəxtlik idi!
Yaradıcılıq uzaqgörənliyi və həyatın nəbzini düzgün təyin etmək bacarığı Zərifə xanım Əliyevaya dünya təcrübəsində ilk dəfə olaraq istehsalat şəraitində – Bakı Məişət Kondisionerləri Zavodunun sexlərində elmi-tədqiqat laboratoriyasını yaratmağa imkan verdi. Bu laboratoriya elmi axtarışlar aparmaqla yanaşı, görmə orqanı xəstəliklərinin erkən aşkar olunmasında və müalicəsində mühüm rol oynayırdı. Laboratoriyanın topladığı elmi materiallar Z.Əliyevanın üç tələbəsinin namizədlik dissertasiyasının mövzusunu təşkil etdi.
Zərifə xanımın elmi fəaliyyətinin çoxistiqamətliliyini onun rəhbərlik etdiyi kafedra və elmi-tədqiqat laboratoriyasının müasir oftalmologiyanın aktual problemlərinə həsr edilmiş müxtəlif tədqiqatları sübut edir. Onun elmi axtarışlarının indiki dövrdə belə aktuallığını keçmiş İttifaqın alimləri tərəfindən həmin monoqrafiyanın təqdim olunması haqqında mənə dəfələrlə olunan müraciətləri təsdiqləyir.
Zərifə xanım elmi axtarışlarda müəyyən qanunauyğunluğa riayət edirdi. O deyirdi: “Tədqiqatları təkmilləşdirməklə biz daha bir pillə yüksəlirik və qarşımızda yeni geniş üfüqlər açılır”. O, hərbi-səhra cərrahı N.İ. Piroqovun sözlərini tez-tez tələbələrinə xatırladırdı: “Elmi axtarışlarda istiqamət və metod ən əsasıdır. Düzgün üsulları və istiqaməti tapmadan çox vaxt itirməklə özün də çaşırsan”.
Elmi ədəbiyyatla gözəl davranan akademik Z.Əliyeva kafedra və elmi-tədqiqat laboratoriyasında elmi axtarışlarını səylə hazırlayırdı. Buna səbəb Zərifə xanımın yüksək erudisiyası, işləmək mədəniyyəti, məqsədyönlülüyü və prinsipiallığı idi. O, məlum hadisələri yeni baxımdan görmək qabiliyyətinə malik idi. Məhz Zərifə xanımın şəxsiyyətinin bu xüsusiyyətlərinin cəmi onun orijinal klinik və elmi fəaliyyətini müəyyən edirdi.
Zərifə xanımı həkimlərin mənəvi tərbiyəsi, tibbi etikası və deontologiyası düşündürürdü. Bu sahəyə “Yüksək istedad” adlı monoqrafiyası həsr edilmişdi. Öz mühazirələrində Zərifə xanım Əliyeva təkmilləşmə kurslarında dinləyicilərinə həkimlik deontologiyası barədə belə deyirdi: “Xəstə sənin əlini sıxıb səmimi qəlbdən: Həkim, çox sağ ol ! – deyəndə öz elmi nailiyyətinə sevin”.
O, elmi və elmi-pedaqoji kadrların hazırlanması və tədqiqatların aparılması üçün kafedra və laboratoriyanın təchizatına böyük diqqət verirdi. Çox qısa vaxtda o, kafedra və laboratoriyanın maddi-texniki bazasını zənginləşdirdi.
Z.Əliyevanın və tələbələrinin apardığı çoxşaxəli elmi tədqiqatları və bu oftalmoloji məktəbin ümumi cəhəti onun klinik-eksperimental istiqaməti idi. Görmə orqanının peşə patalogiyası sahəsində çoxsaylı işlərində Zərifə xanım qeyd edirdi ki, elmi problemlərin işlənməsi nəinki xəstənin ciddi müayinə və müşahidəsindən, həmçinin fiziki amillərin, orqanizmin fizioloji statusunun, biokimyəvi və mübadilə proseslərinin, ətraf mühit amillərinin təsirinin tədqiqindan asılıdır. Bir şey şübhəsizdir: Zərifə xanım öyrənilən prosesin dərinliyini aşkar etməyə, şəxsi fikir və mülahizənin yaranmasına böyük diqqət verirdi.
Akademik Z.Əliyeva və onun tələbələrinin elmi fəaliyyətinin xüsusiyyətini əməkdaşların möhkəm nəzəri hazırlığı üzərində qurulan klinik təcrübə təşkil edirdi. Onun çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, 160-dan çox elmi iş, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapır. Belə çoxşaxəli axtarışları aparmaq məhz Zərifə xanım kimi böyük alim və klinisistə nəsib ola bilər. Məsələ yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdə deyil, problemin həllinə xüsusi yanaşmadan ibarətdir. Bu xüsusiyyət Zərifə xanımın aktiv surətdə inkişaf etdirdiyi yaradıcılıq birliyini əks etdirən faktlarda sübutunu tapır. Mübaliğəsiz demək olar ki, 1970-1985-ci illərdə oftalmologiya sahəsində aparılan birgə yaradıcı axtarışların əsası Zərifə xanım Əliyeva tərəfindən qoyulmuşdur. Buna İkinci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, professor A.P.Nesterov, Rusiya Diplomdansonrakı Təhsil Akademiyasının oftalmologiya kafedrasının müdiri, professor L.K.Moşetova, Rusiya İridoloqlar Assosiasiyasının vitse-prezidenti, Rusiyanın Əməkdar elm xadimi, professor N.B.Şulpina və digər məşhur alim-oftalmoloqlarla yaradılan elmi əlaqələr canlı sübutdur.
Oftalmologiyanın mühüm problemləri üzrə kompleks tədqiqatlar və nəşrlər öz qiymətli nəticələrini verməklə yanaşı, müasir dövrə qədər davam edən birgə əməkdaşlığın əsasını qoydu.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Zərifə xanım elmi əməkdaşların-klinisistlərin müasir instrumental müayinələrə yiyələnməsinə böyük fikir verməklə, həkimlərdə klinik müşahidə və klinik analizi ön plana çəkirdi.
Alim-oftalmoloqların formalaşması və əməkdaşlığı sahəsində mühüm rolu 1977-ci ildə Zərifə xanımın təşəbbüsü ilə keçirilən SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin plenumunun keçirilməsi oynadı. Bu yüksək səviyyəli forumda oftalmologiyanın aktual problemlərinin kompleks öyrənilməsi geniş müzakirə olundu. Plenum təbabətin bu sahəsinin təşkili və inkişafında, həmçinin elmi-pedaqoji kadrların hazırlanmasında, şübhəsiz, mühüm yer tutdu.
Zərifə xanım Əliyevanın əmək fəaliyyətinin böyük bir hissəsi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (Az.DHTİ) ilə bağlıdır. Əvvəl o, göz xəstəlikləri kafedrasının dosenti, sonra professoru və ömrünün sonuna kimi müdiri vəzifəsində çalışmışdır.
1977-ci ildə tibb elmləri doktoru Z.Əliyeva Əziz Əliyev adına Az.DHTİ göz xəstəlikləri kafedrasının professoru seçilmiş, pedaqoji işlə bərabər daha effektli elmi-tədqiqat işinin təşkilinə böyük enerji ilə başlamışdır. Belə ki, 1974-cü ildə “Gözün herpetik xəstəliyi və kəskin virus konyunktivitləri” həkimlər üçün dərs vəsaiti kimi nəşr edilmişdir.1980-ci ildə isə Zərifə xanım Əliyeva tərəfindən üç monoqrafiya çap olunmuşdur – “Rezin istehsalında gözün peşə xəstəliyi”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Gözün və göz siniri yollarının yaşla əlaqədar dəyişiklikləri”. 1981-ci ildə onun “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” monoqrafiyası nəşr edilmişdir.
1980-ci ildə elmi xidmətlərinə və elmi-pedaqoji fəaliyyətinə görə Zərifə xanıma “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalatında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən “Rezin istehsalında gözün peşə patologiyası” monoqrafiyasına görə Zərifə Əliyeva SSRİ Elmlər Akademiyasının akademiki M.İ.Averbax Mükafatına layiq görülmüşdür. 1982-ci ildə professor Z.Əliyevanı Ə.Əliyev adına ADHTİ-nin oftalmologiya kafedrasının müdiri seçmişlər. Bu kafedra və klinika oftalmologiyanın aktual problemlərinin, xəstənin müasir incə klinik müayinə üsullarının işlənib hazırlanması üzrə Azərbaycanın aparıcı mərkəzinə çevrilmişdir.
Zərifə xanım Əliyevanın klinikası və kafedrası ilə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun digər profilli kafedra və klinikaları, həm də Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutu kollektivləri arasında elmi yaradıcılıq əlaqələri çox məhsuldar olmuşdur. Z.Əliyeva məktəbinin yetirmələri və davamçıları olan, kafedranın və görmə üzvünün fiziologiyası və peşə patologiyası elmi-tədqiqat laboratoriyasının bütün əməkdaşları elmi yaradıcılıqlarının rəngarəngliyi ilə özlərini göstərmişlər.
Professor Zərifə xanım Əliyeva gözəl mühazirəçi olmuşdur. Onun mühazirələri, çıxışları həmişə yeniliyi və orijinallığı ilə diqqəti cəlb etmişdir. O, aydın danışıq və ifadə mədəniyyətinin zirvəsinə çatmışdır.
Mühazirə və çıxışlarındakı yığcamlıq, fikirlərinin məntiqi ardıcıllığı, yüksək ümumi və nitq mədəniyyəti, insanlara diqqəti dinləyicilərində həmişə zəngin təəssüratlar yaratmışdır. İnstitutun Elmi Şurasının yığıncaqlarında, elmi konqreslərdə, simpoziumlarda, konfranslarda çıxış edərkən Zərifə xanım öz prinsipiallığı, savadlılığı, geniş düşüncəsi, ideya yeniliyi, yüksək humanizmi ilə seçilmişdir.
Zərifə xanımın praktik həkimlik fəaliyyətini xüsusən qeyd etmək istəyirəm. O, əməkdaşlarından xəstələrə böyük məhəbbət və hörmətlə yanaşmağı tələb edirdi: “Unutmayın ki, müalicə həkimi xəstənin ən doğma adamıdır”.
Zərifə xanım Əliyevanın rəhbərliyi ilə keçirilən həkimlərin səhər konfransları həqiqi məktəb idi və həmişə canlı, dolğun və əhatəli keçirdi. Müalicə həkiminin xəstə haqqında çıxışı çox vaxt auditoriya qarşısında imtahana çevrilirdi. Onun tərəfindən keçirilən kliniki araşdırmalar, konsultasiyalar, xəstələrə baxışlar oftalmoloq həkimlərin ixtisasını artırmasında və tərbiyəsində mühüm rol oynamışdır.
1982-ci ildə professor Z.Əliyevanın Moskva alimlərinin əməkdaşlığı ilə “İridodiaqnostikanın əsasları” və “Şəkərli diabet zamanı göz xəstəlikləri” kimi nəhəng işləri çapdan çıxmışdır.
Professor Z. Əliyevanın zəngin elmi-pedaqoji və kliniki təcrübəsi 1983-cü ildə “Oftalmologiyanın aktual problemləri” əsərinin nəşr olunmasına imkan vermişdir. Bu əsər də “Terapevtik oftalmologiya” kimi həkimləri təkmilləşdirmə institutunun, tibb institutunun müəllimlərinin və praktik həkimlərin masaüstü kitabıdır.
Professor Z.Əliyeva və onun tələbələrinin gözyaşı problemləri sahəsində elmi tədqiqatları xüsusilə müvəffəqiyyətlidir. Bu problem üzrə 1983-cü ildə professor Z.Əliyeva və tibb elmləri doktoru, professor M.Sultanov tərəfindən hazırlanmış iki monoqrafiya – “Gözyaşı axıtmanın fiziologiyası” və “Gözyaşı axıtmanın cərrahi müalicəsinin müasir üsulları” çapdan çıxmışdır.
Professor Zərifə xanım Əliyevanın tibb elmi sahəsindəki böyük xidmətləri 1983-cü ildə onun Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsinə səbəb oldu.
Akademik Z.Əliyevanın tələbələri öz müəllimi tərəfindən vəsiyyət olunmuş qabaqcıl mövqeyini qoruyub saxlamış və o cümlədən digər elmi kollektivlərlə əməkdaşlığı davam və inkişaf etdirmişlər.
Zərifə xanım Əliyeva bütün ömrü boyu tibb elminin və səhiyyənin ön sıralarında olmaqla yanaşı, ictimai işlərdə də fəallıq göstərmişdir. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü və Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Oftalmoloqların Ümumittifaq Elmi Cəmiyyəti və “Bilik” Cəmiyyəti rəyasət heyətlərinin, habelə Moskvada çıxan “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.
Ə.Əliyev adına Az.DHTİ-nun professor-müəllim heyəti Zərifə xanımı minnətdarlıq hissi ilə yad edir, onun xatirəsi önündə baş əyir. O, öz yaradıcılıq enerjisi ilə institutun sonrakı inkişafını müəyyən etmişdir. Zərifə xanım Əliyeva yaradıcı insan idi. Onun insanlara məhəbbətdən qidalanan əməyi onlara mübarizədə və qalib gəlməkdə kömək etməyə yönəlmişdi.
Akademik Z. Əliyevanın xidmətləri qiymətləndirilmişdir. O, orden və medallarla təltif edilmişdir. Zərifə xanımı yaxından tanıyan elm və mədəniyyət xadimləri də onun xidmətlərini yüksək dəyərləndirmişlər.
Zərifə Əliyeva tarixə nəinki istedadlı alim, klinisist, elm təşkilatçısı, eyni zamanda, gözəl pedaqoq və yeni alimlər nəslinin tərbiyəçisi kimi daxil olmuşdur. Azərbaycanda aparıcı oftalmoloji məktəblərdən birini o yaratmışdır. Yüzlərlə həkim onun rəhbərliyi altında insanlara sağlamlıq və yaradıcı əmək sevinci bəxş etməyi öyrənmişlər.
Görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım ümummilli liderimizə xalqı işıqlı ideallara qovuşdurmaq yollarındakı qətiyyətli mübarizəsində etibarlı dayaq olmuş, cəmiyyətimiz üçün dəyərli övladlar bəxş etmişdir.
Nazim Qasımov,
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
institutunun rektoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.