Bilik Fondu “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda videokonfrans keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildö-nümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda videokonfrans keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilmiş video-konfransda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin bərqərar olması, milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılması ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev maarifçilik ideyalarının inkişafına, milli təhsilin səviyyəsinin yüksəldilməsinə, yeni məktəblərin tikintisinə, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, yüzlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil almasına xüsusi önəm verib.

Mövzu ilə bağlı geniş məruzə ilə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, 1990-cı illərin əvvəlində Azərbaycanın gələcək taleyi ilə bağlı olan problemlərdən biri də köhnə siyasi sistemin dağılması ilə cəmiyyətdə yaranan ideoloji və mənəvi böhran idi. Müstəqilliyimizi əldə etdikdən dərhal sonra bu sahədə ümidsiz bir boşluq olduğunu qeyd edən H.Babaoğlu sonradan vəziyyətin köklü şəkildə dəyişdiyini diqqətə çatdırıb. Qeyd edib ki, köhnə ictimai-siyasi quruluş dağıldıqdan sonra, onun ideoloji və mənəvi dayaqları da iflasa uğrayıb. Həmin siyasi quruluşun illərlə formalaşdırdığı və tərbiyə etdiyi ictimai şüur yeni ideologiya axtarışına çıxmaq məcburiyyətində qaldı. Bu dövr istər yeni cəmiyyət modelinin qəbul edilməsi, istərsə də milli ideologiya formalarının axtarılması ilə xarakterik idi. Vətəndaş həmrəyliyi yarada biləcək ideologiya isə yalnız 1993-cü il siyasi dönəmindən sonra səslənməyə başladı. Bu, Yeni Azərbaycan Partiyası və onun lideri, ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən müddəalar oldu: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm oldu. Azərbaycançılıq, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların milli istinad mənbəyinə çevrildi. Bu ideologiya siyasi mənsubiyyətindən, dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdi və milli həmrəylik mənbəyi sayıldı. Bu gün dünyaya özünəməxsus tolerantlıq modeli təqdim edən, multikulturalizmin inkişafına töhfə verən Azərbaycan dövləti dini, etnik fərqliliyin birgəyaşayışının ən yüksək nümunəsi sayılır. Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi də məhz bu modelin dünyaya daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynadı”.

Bilik Fondunun informasiya təminatı sektorundan bildirmişlər ki, videokonfransda Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Lənkəran, Şəki, Qazaxdan olan ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, gənclər iştirak ediblər.

Tədbirdə, həmçinin bölgə ziyalılarının fikirləri səslənib, Hikmət Babaoğlu çoxsaylı sualları cavablandırıb. 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında