Akademik Zərifə Əliyeva elmdə peşə oftalmologiyasının əsasını qoyub

Zərifə xanım Əliyevanın Azərbaycanın qədim və dilbər guşəsi olan, ölkəmizə görkəmli dövlət xadimləri, tarixi şəxsiyyətlər, elm adamları bəxş etmiş bir torpaqda – Naxçıvanda doğulub boya-başa çatması hər bir naxçıvanlı üçün iftixar və qürur mənbəyidir. Tanınmış oftalmoloq ötən əsrin 40-50-ci illərində Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan mübarizə tədbirlərində fəallıq göstərib. Bu böyük praktik iş görkəmli alimin bir sıra elmi əsərlərinin əsasını təşkil edir. Sonralar akademik dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub.

Bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasında görkəmli elm xadimi, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyinə həsr olunan “Oftalmologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfransda danışılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin birgə keçirdiyi tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Samrat Gəncəyeva görkəmli oftalmoloq-alim, bənzərsiz ziyalı Zərifə Əliyevanın son dərəcə zəngin, mənalı həyat və fəaliyyətinin müxtəlif dövrlərindən söz açıb.

Məclisdə bildirilib ki, oftalmologiya sahəsində Zərifə xanım Əliyeva “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Peşə xəstəlikləri ilə bağlı elmi axtarışlarına görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. O, peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır.

Konfransda Naxçıvan Muxtar Respublika Xəstəxanası göz xəstəlikləri şöbəsinin bölmə müdiri Samiq Sadıqovun “Naxçıvan şəhərində şəkərli diabet xəstələri arasında diabetik retinopatiyanın yayılması”, şöbənin həkim-oftalmoloqu Kəmalə Əliyevanın “Astiqmatizmin korreksiyasına müasir baxış” mövzularında məruzələri dinlənilib.

Çıxışlar videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, müzakirələr aparılıb. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında