Gəncədə Mir Cəlal Paşayevin anadan olmasının ildönümü ilə bağlı tədbir keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli elm xadimi, yazıçı-publisist Mir Cəlal Paşayevin Gəncədəki ev muzeyində xatirə gecəsi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,  şəhər ziyalıları və KİV nümayəndələri iştirak ediblər.

İcra hakimiyyətinin başçısı Elmar Vəliyev görkəmli elm xadimi, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığına nəzər salıb. Bildirib ki, Mir Cəlal Paşayevin bədii və elmi irsinin, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz nəsr əsərləri ilə daha da zənginləşdirib. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur.

Azərbaycan Milli Aviasiya Akademiyasının professoru İbrahim Quliyev tədbirdə çıxış edərək vurğulayıb ki, Mir Cəlal Paşayev 1908-ci ildə Cənubi Azərbaycanın Ərdəbil vilayətində doğulsa da, kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçib. Mir Cəlal Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur. O burada tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir. Qeyd edilmişdir ki, Əməkdar elm xadimi 1928-ci ildən ədəbi fəaliyyətə başlamış, “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur. Daha sonra Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən isə professor kimi fəaliyyət göstərmişdir.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev əmisinin Mir Cəlal Paşayevlə bağlı ona danışdığı xatirələri tədbir iştirakçıları ilə bölüşmüşdür. F.Əliyev Mir Cəlal Paşayevin həyatı boyu ədəbiyyatımızı tədqiq edən alim kimi Azərbaycan ədəbiyyatı nəzəriyyəsinin də yaradıcısı hesab olunduğunu bildirmişdir.

Azərbaycan ədəbiyyatının və elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olmasının 109-cu ildönümünə həsr edilən tədbirdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri musiqi proqramı ilə çıxış etmişdir.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında