Akademik Ağamusa Axundov Azərbaycanda dilçilik məktəbinin inkişafına böyük töhfələr verib

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) respublikanın tanınmış dilçi alimi, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, “Şöhrət” ordenli, akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunan “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans AMEA rəyasət heyətinin və akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Əvvəlcə tədbir iştirakçıları II Fəxri xiyabanda A.Axundovun məzarını ziyarət edib, AMEA-nın əsas binasında alimin kitablarından ibarət sərgi ilə tanış olublar.

Konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi böyük töhfələrdən danışıb. Akademik A.Axundovun çoxşaxəli fəaliyyətindən söz açan AMEA-nın rəhbəri alimin bütün mənalı ömrünü Azərbaycan dilçilik elminin inkişafına həsr etdiyini vurğulayıb. Qeyd edilib ki, görkəmli alim elmlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, bu sahədə çoxlu dilçi alimlər, mütəxəssislər, filoloqlar yetişdirıb. A.Axundovun elmi fəaliyyətinin bir neçə istiqaməti əhatə etdiyini söyləyən akademik A.Əlizadə onun Azərbaycanda riyazi dilçilik elminin ilk tədqiqatçısı olduğunu söyləyib. Bildirilib ki, dilin estetikası anlayışı da dilçilik elmimizə A.Axundov tərəfindən gətirilib.

A.Axundovun iyirmi ildən çox Nəsimi adına Dilçilik İnstitutunda çalışdığını xatırladan akademik A.Əlizadə alimin uzun illər AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinə rəhbərlik etdiyini söyləyib.

“Akademik Ağamusa Axundov haqqında söz” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli alimin apardığı tədqiqatlar sayəsində ölkəmizdə dilçilik məktəbinin formalaşdığını diqqətə çatdırıb. Vurğulanıb ki, A.Axundov 32 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Alimin elmi-nəzəri irsi ölkəmizdə və onun hüdudlarından kənarda humanitar elmi idrakın yüksək miqyasını bütün reallıqları ilə parlaq şəkildə əks etdirən zəngin və qiymətli örnəkdir.

Bildirilib ki, A.Axundovun dilçiliyin ən mühüm problemlərinə - fonetikaya, bədii tərcüməyə, orfoqrafiyaya, nitq mədəniyyətinə, ümumi dilçiliyə aid əsərləri, dövlət dilinə aid mətbuat səhifələrində tez-tez dərc olunan müsahibələri, fundamental əsərləri təkcə respublikamızın elmi ictimaiyyəti tərəfindən deyil, dünyanın bir sıra görkəmli alimləri tərəfindən də maraqla qarşılanıb, dünya dilçiliyində və türkologiyada yeni bir hadisə kimi yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, alimin ədəbiyyatşünaslıq sahəsinin inkişafında da böyük xidmətləri olub. Onun “Dil və ədəbiyyat” adlı ikicildliyi məhz dil və ədəbiyyatın birgə təmasına, inteqrasiyasına, ədəbiyyatşünaslıq məsələlərinə həsr edilib.

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Görkəmli dilçi-alim, akademik Ağamusa Axundov” mövzusunda məruzəsində bildirib ki, müasir Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən olan A.Axundov çoxşaxəli zəngin fəaliyyəti ilə dilçilik elmimizin inkişafında mühüm rol oynayıb, öz elmi məktəbini yaradıb.  1990-cı ildə Dilçilik İnstitutunun direktoru təyin olunan akademik 22 il bu vəzifədə çalışıb. Qeyd edilib ki, A.Axundov 36 kitabın, o cümlədən Azərbaycan filologiya elmi tarixində dəyərli mənbə hesab edilən 500-dən artıq elmi əsərin və “Azərbaycan dilinin fonemlər sistemi”, “Azərbaycan dilinin tarixi fonetikası” kimi fundamental monoqrafiyaların müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, akademiklər Abel Məhərrəmov, Teymur Bünyadov, Vasim Məmmədəliyev, Qazaxıstan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru Yeren Kajıbekov, Misirin Eyn-Şəms Universitetinin professoru Məhəmməd Haridi, Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın akademik A.Axundovun zəngin elmi fəaliyyətindən, ölkəmizdə dilçilik elminin inkişafındakı xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən danışıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, ömrünün çox hissəsini Azərbaycan dilçilik elminin inkişafına həsr edən A.Axundovun irsi gələcək nəsillərə layiqli töhfədir. Alimin sanballı elmi fəaliyyəti Azərbaycan dilçilik elminin parlaq səhifələrindən birini təşkil edir.

Telekörpü vasitəsilə xarici alimlər də A.Axundov haqqında fikirlərini bölüşüblər.

Konfrans işini “Fonetika məsələləri”, “Dilçilik nəzəriyyəsi”, “Dil tarixi və qrammatika”, “Türkologiyanın aktual problemləri”, “Dil və üslub məsələləri”, “Ədəbiyyat və ədəbi dil məsələləri” bölmələri üzrə davam etdirib. Bölmə iclaslarında müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbir aprelin 25-dək davam edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında