Necə heyran olmayım, mən səni dinləyincə...

Ramiz QULİYEV – 70

Azərbaycan tar ifaçılıq sənətində Sadıqcan, Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Hacı Məmmədov,  Əhsən Dadaşov, Sərvər İbrahimov məktəbinin  layiqli davamçılarından biri də respublikanın Xalq artisti, Dövlət mükafatı  laureatı, professor Ramiz Quliyevdir. Əlamətdar haldır ki, görkəmli tarzən ifaçılıq fəaliyyətilə yanaşı, pedaqoji sahəyə də öz yaradıcılığında geniş yer ayırır.

Artıq neçə illərdir ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışan ustad yetişməkdə olan gənc nəslə tar sənətinin incəliklərini  həvəslə öyrədir. Onun xarici və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işləyib hazırladığı bir çox olduqca dəyərli əsəri geniş musiqi ictimaiyyətinə təqdim edilmişdir.  Bir sıra dərslik və proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifi olan professor Ramiz Quliyevin bu günlərdə 70 yaşı  tamam olur.

Ad günü keçmişi xatırlamaqdır. Biz də bu ənənəyə sadiq qalaraq, ustad tarzənin keçdiyi çoxşaxəli həyat və yaradıcılıq yolundan, bu sahədə qazanılan uğurlardan söz açmağa çalışacağıq.

Ramiz Əyyub oğlu Quliyev 1947-ci il aprelin 30-da Ağdam şəhərinfə qulluqçu ailəsində dünyaya göz açıb. Uşaqkən tar sənətinə maraq göstərib. Elə bu səbəbdən də atası onu 1954-cü ildə Ağdam şəhər 5 nömrəli orta məktəblə yanaşı,
7 nömrəli musiqi məktəbində də tar ixtisası üzrə təhsil almağa qoyur. İlk gündən uşağın yüksək qavrama qabiliyyəti, ritmi dəqiq tutmaq bacarığı, ən başlıcası isə tara olan sonsuz məhəbbəti müəllimlərin nəzərindən yayınmır. 1960-cı ildə musiqi məktəbini əla qiymətlərlə bitirərək sənədlərini Üzeyir Hacıbəyov adına Ağdam şəhər orta-ixtisas musiqi məktəbinə verib.

Tələbə ikən o, özünün ifaçılıq məziyyətləri ilə seçilib. Həmyaşıdlarından fərqli olaraq, təkcə muğam və xalq mahnı ifaçılığına deyil, eyni zamanda, Avropa və Qərb bəstəkarlarının əsərlərini də səylə öyrənməyə çalışıb. Tədris  yekununa həsr olunmuş konsertdə Ramizin çaldığı “Mahur” muğamı və V.Montinin “Çardaş” əsəri imtahan komissiya üzvləri tərəfindən çox bəyənilir. Gənc tarzənin bu uğurunu görən Xosrov Fərəcov onu özünün rəhbərlik etdiyi “Şur” Xalq Çalğı Alətləri Ansamblına dəvət edib. Bu ansamblın həm yaşca, həm də boyca ən kiçik üzvü olan Ramiz tez bir zamanda kollektivə isinişir. Ansambl üzvlərindən Cəlal Əliyev (tar), Vaqif Əbdülqasımov (tar), xanəndə Barat Fərhadov və bir çox digər sənətçilərlə dost olur.

Ansambldakı  fəaliyyəti gənc tarzənin həyatında çox mühüm rol oynayır.  Respublikada kifayət qədər tanınan “Şur” ansamblı şəhər və rayon müsabiqə və festivallarının qalibi kimi uğurlu çıxışları ilə yadda qalmışdır. Məhz bu uğurların nəticəsi idi ki, 1962-ci ildə Moskvada keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmək üçün respublikamızı təmsil etmək məhz “Şur”a tapşırılıb. Ansamblın ifasında səslənən “Cahargah” kompozisiyası və Ramiz Quliyevin ifa etdiyi “Rast” muğam dəstgahı moskvalılar və qonaqlar tərəfindən sürəkli alqışlarla qarşılanır. Kollektiv sərgidə medal və fəxri fərmanlarla təltif olunaraq Vətənə qayıdır. Moskva səfəri 15 yaşlı gənc tarzənin həyatında  sənət uğuru olmaqla yanaşı, gələcək həyat və yaradıcılıq yolunda da çox mühüm rol oynadı. Gələcəkdə tar sənətini daha mükəmməl öyrənmək, ali təhsil almaq, tarı dünya səviyyəsində tanıtmaq həvəsini artırdı.

Elə bu səbəbdən də 1964-cü ildə sənədlərini Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasına verib ( indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası) 1969-cu ildə buranı fərqlənmə diplomu ilə tar və dirijorluq ixtisası üzrə bitirdi.

– Tələbə ikən bir çox musiqi kollektivlərinə dəvət alsam da, Xalq artisti Əliağa Quliyevin rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansablının üstündə dayandım. Düz 10 il bu ansamblla təkcə Azərbaycanda yox, onun hüdudlarından çox-çox uzaqlarda belə qastrol səfərlərində oldum, –deyə Ramiz müəllim sözünə davam etdi. – Payız aylarında rayonlarda keçirilən məhsul bayramlarında, kənd əməkçiləri üçün tarla düşərgələrində tez-tez konsertlər verərdik.

1974-cü il tarzənin həyatında xüsusilə əlamətdar olmuşdur. Belə ki həmin ilin oktyabr ayında  musiqiçilərin Zaqafqaziya festivalında o, birinci mükafata, oktyabr ayında isə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində laureat adına layiq görülmüşdür.

Ramiz Quliyev deyir:

Moskvada bütün dövrlərdə müsabiqələrə çox ciddi yanaşıblar. Repertuarın zəngin, ifanın təmiz və qüsursuz olmalıydı. Xüsusi olaraq, proqramda həm klassik, həm də Avropa bəstəkarlarının irihəcmli əsərlərinə yer verilməliydi. Təbii ki, Azərbaycan bəstəkarlarının əsərləri də proqramın əsasını təşkil edirdi. Müsabiqədən bir il öncə görkəmli bəstəkar Səid Rüstəmov Azərbaycanda nüsabiqəyə qatılacaq iştirakçılar arasında seçim turu keçirdi. Bu turdan keçənlərin biri də mən idim. Digərləri Ağasəlim Abdullayev (tar), Rafiq Musazadə (tar), Ədalət Vəzirov (kamança) və Məmmədağa Kərimov (tar) oldu.

– Müsabiqədə hansı əsərlə çıxış etdiniz?

– İlk növbədə Hacı Xan-məmmədovun 1 saylı tar konsertini, daha sonra S.Raxmaninovun “Polka”sını çaldım. Onu da xüsusi olaraq qeyd edim ki,  bu əsər ifaçıdan yüksək texnika tələb edir. Üçüncü ifam isə C. Cahangirovun “Ana” mahnısı oldu. Bu lirik və həzin əsərin arasında kiçicik bir muğam da çaldım.  Hərçənd ki, proqramda  muğam ifası yox idi. Ən qəribəsi bu idi ki, mahnı və muğam  sona yetən kimi tamaşaçılar digər ifalardan fərqli olaraq, məni daha sürəkli alqışlarla qarşıladılar. Müsabiqədən qalib kimi çıxmağım sənətdə yeni bir mərhələnin təməlini qoydu. Ümumittifaq və ya beynəlxalq müsabiqə qalibləri mütləq keçmiş SSRİ-nin böyük şəhərlərində xüsusi turne ilə çıxış etməli idilər.

Hazırda Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın virtuoz ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə yaxından tanış olmasın. O, görkəmli ifaçı kimi filormoniya, konservatoriya, radio və televiziyada tez-tez solo konsertlərlə çıxış edir. Onun xarici ölkələrə qastrol səfərləri də uğurla keçərək, əks-səda doğurur. Ramiz Quliyevin tarı Türkiyə, Əfqanıstan, Qvineya-Bisau, Hollandiya, Tunis, Almaniya,  Əlcəzair, Hindistan, Yaponiya, Polşa, Kanada, Fransa, İngiltərə, ABŞ və digər ölkələrdə heyranlıqla qarşılanmışdır. O, Azərbaycan incəsənətini, mədəniyyətini uca zirvələrə yüksəldə bilmişdir.

Xarici ölkələrə qastrol səfər-lərindən yaddaqalan konsertlərdən biri də 1988-ci ildə UNESCO-nun xətti ilə ABŞ-da keçirilən Beynəlxalq Folklor Festivalındakı uğurlu çıxışı olmuşdur. Bu ifa sırf  yüksək ifaçılıq məharətinə görə xüsusi diploma layiq görülmüşdür. 1989-cu ildə isə R. Quliyev ənənəvi Böyük İpək yolu festivalına dəvət olunaraq, 40 gün ərzində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlər vermişdir.

1997-ci ildə dünya şöhrətli musiqiçi M. L. Rostropoviç Ramiz Quliyev və oğlu Əyyub Quliyevlə birlikdə ifalarını yüksək qiymətləndirərək onları aprel ayında Bakıda, may ayında isə Moskvada keçirilən 70 illik yubiley tədbirlərində çıxış etmək üçün dəvət etmişdir. Bununla yanaşı, tarzənin  SSRİ Xalq artisti M.Maqomayevin 55 və sevimli bəstəkarımız, Xalq artisti T. Quliyevin 80 illik yubiley tədbirlərində  müvəffəqiyyətli çıxışlarını da qeyd etməmək olmaz.

Ramiz Quliyev dünya şöhrətli Niyazi, S. Rüstəmov, R. Abdullayev, N. Rzayev, R. Məlik-Aslanov,
R. Kərimov, Y. Adıgözəlov, Ə.Quliyev, N. Əzimov, T. Göyçayev, A. Paşayev, N. Nekrasov, (Rusiya), Daniel Klayner (Almaniya), Georgi Mustu (Rumıniya), V. Hagnəzərov (Özbəkistan) və digər dirijorların rəhbərlik etdikləri orkestrlərin müşayiəti ilə Azərbaycan və dünya klassiklərinin əsərlərini ifa etmişdir. Sənət uğurlarına görə Ramiz Quliyev 1993-cü ildə “Humay” Beynəlxalq Milli Mükafatına, 2001-ci ildə isə “Simurq” Milli Mükafat Fondunun təsis etdiyi “XXI əsrin ilk laureatları” ali dərəcəli mükafata, “İlin fədakar sənətçisi” fəxri adına layiq görülmüşdür.

Görkəmli tarzən yorulmaz ifaçılıq fəaliyyətilə yanaşı, pedaqoji sahəyə də diqqət ayırır. Artıq illərdir ki, professor Ramiz Quliyev tar ifaçılarının böyük bir ordusunu yetişdirib. O, hazırda böyük uğurla  Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirir. Professor Ramiz Quliyevin sinfini bitirmiş tələbələr Azərbaycanın ali və orta ixtisas tədris müəssisələrində, orkestr və ansambllarda, eləcə də xarici ölkələrdə fəaliyyətlərini davam etdirirlər.

Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı oğlu Əyyub Quliyevin Polşanın Belastok Şəhər Filarmoniyasında Podlaziya Opera və Filarmonik Orkesri ilə çıxışları “İlin konserti” nominasiyasında qalib elan edilmişdir.  Dünyanın 30-dan artıq ölkəsində, həmçinin Azərbaycanda ustad sənətkarın ifasında muğamlar, xalq musiqi nümunələri, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri müxtəlif orkestrlərin müşayiəti ilə lentə alınaraq, DVD, CD, videokasset, kompakt-disk və audio kasset formasında kütləvi tirajla yayımlanır. O, 1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi Rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir.  Ramiz Quliyev 26 iyul 2002 və 5 iyul 2003-cü illərdə Prezident mükafatı ilə təltif olunmuşdur.

2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkənin “Şöhrət” ordeni və 2014-ci ilin may ayında isə Azərbaycan  Respublikasının Dövlət Mükafatı ilə təltif olunmuşdur.

Mənim bu kiçik yazıda məqsədim heç də şöhrətli sənətçinin qazandığı uğurların hamısını qeyd etmək deyil. Sadəcə bir sənətkar ömrünün həyatında önəmli olan xoş anları bir daha yada salmaqdır. Hər bir uğurun arxasında gərgin əmək və böyük zəhmət durur. Zəhmətin sevinci isə daha şirin olur. Bax, beləcə daha bir sənətkar ömrünün acılı-şirinli xatirələrdən qazandığı nailiyyətlərdən söz açmağa çalışdıq. Ustad sənətkarın ifasında hər dəfə tarın ecazkar səsini eşitdikcə, məşhur bir mahnıda deyildiyi kimi, bir söz keçir ürəyimdən: “Necə heyran olmayım, mən səni dinləyincə...”

Rafiq SALMANOV,
Əməkdar mədəniyyət işçisi
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında