“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri elan edilib

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin növbəti iclası keçirilib.  AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclasın gündəliyi barədə məlumat verib.

Sonra cari ildə AMEA-nın ümumi yığıncaqlarının keçirilməsi məsələlərinə baxılıb. Akademiyanın 2016-cı ildəki fəaliyyətinə həsr olunacaq tədbirin bu il aprelin 28-də, AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlərə, vitse-prezidenti, İctimai, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibləri vəzifələrinə seçkilərin keçirilməsinə dair ümumi yığıncağın isə mayın 2-də keçirilməsi qərara alınıb, gündəliklər təsdiqlənib.

İclasda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri elan edilib. Rəyasət heyətinin qərarına əsasən, müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, həmçinin Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsinə verdiyi xüsusi dəstəyə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüblər.

Tədbirdə AMEA-nın görkəmli alimlərinin adlarını daşıyan mükafatların sahiblərinin də adları açıqlanıb. Fizika-riyaziyyat elmləri doktoru Kərim Allahverdiyevin AMEA-nın Nəsrəddin Tusi adına, akademik Məhərrəm Babayevin AMEA-nın Həsən bəy Zərdabi adına, professor Tofiq  Bakıxanovun AMEA-nın akademik Üzeyir Hacıbəyli adına və AMEA-nın müxbir üzvü Zakir Qarayevin AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatları ilə təltif olunması haqqında qərar qəbul edilib. Bundan başqa, akademik Vaqif Fərzəliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı, akademik Vasif Babazadə AMEA-nın akademik Musa Əliyev adına mükafatı, tarix elmləri doktoru Əli Rəcəbli isə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüblər.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın professoru elmi adını almaq üçün müsabiqənin elan edilməsi haqqında olub. Akademik A.Əlizadə bildirib ki, “Azərbaycan Milli Elmlər Akademiyasının professoru” elmi adı rəyasət heyətinin 2017-ci il 18 yanvar tarixli qərarı ilə təsis olunub.

Bütün bunları nəzərə alaraq, rəyasət heyəti müsabiqənin keçirilməsi, bununla bağlı mətbuatda elanın dərc olunması və digər məsələlərlə bağlı müvafiq qərar qəbul edib.

İclasda “Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi  metodikası” təsdiqlənib, bununla bağlı AMEA-nın elmi müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Rəyasət heyəti akademik Akif Hacıyevin 80 illik yubileyi münasibətilə bu il dekabrın 6-8-də “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfransın keçirilməsi, həmçinin Neft-Kimya Prosesləri İnstitutunda beynəlxalq əlaqələr, Ədəbiyyat İnstitutunda erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbələrinin yaradılması, Geologiya və Geofizika İnstitutunun yeni strukturunun təsdiqi, Neft və Qaz İnstitutunun strukturunda qismən dəyişiklik olunması haqqında qərarlar qəbul edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında