İslami dəyərlər mədəni həyatımızın ayrılmaz hissəsidir

Azərbaycan Avropa ilə Asiyanın qovuşağında yerləşdiyi üçün onun mədəniyyəti də həm Qərbin, həm də Şərqin elementlərini özündə ehtiva edir. Müxtəlif dövrlərdəki qadağalara baxmayaraq, ölkəmizdə İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanılıb və bu gün də həmin dəyərlər inkişaf etdirilir, gələcək nəsillərə çatdırılır.

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. Dövlətimiz  İslam  dəyərlərinə və irsinə həmişə həssas münasibət bəsləmişdir. Son illərdə Azərbaycan İslam aləmi ilə qarşılıqlı münasibətlər qurur, qlobal əhəmiyyətli bir sıra mühüm forumların təşkilatçısı kimi çıxış edir.

Qloballaşma dövründə Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunur. Eyni zamanda,  müstəqil Azərbaycan dövləti öz mədəniyyət siyasətində milli- mənəvi dəyərləri qoruyub saxlamaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir  və bu tədbirlər sırasında  İslam mədəniyyəti ilə bağlı məsələlərə xüsusi önəm verilir. Bir  fakta  diqqət yönəltmək istərdik. 2009-cu ildə  Bakı  “İslam mədəniyyətinin paytaxtı” elan olundu. Məlumat üçün  bildirək ki, 2004-cü ildə Əlcəzairdə keçirilən  mədəniyyət nazirlərinin IV İslam konfransında 2005-2014-cü illəri əhatə edən “İslam mədəniyyətinin paytaxtları ” proqramı təsdiq edilmişdir.

Bu proqram çərçivəsində həyata keçirilən layihədə Şərq regionundan hər il bir müsəlman ölkəsinin şəhəri  “İslam mədəniyyətinin paytaxtı” elan olunur və  həmin şəhərin İslam sivilizasiyasındakı rolu geniş və hərtərəfli təbliğ edilir.  “İslam mədəniyyətinin paytaxtı” statusunu alan şəhərin həm İslam, həm də dünya mədəniyyətində, elm, ədəbiyyat və incəsənət sahəsindəki töhfələrinə görə xüsusilə fərqlənməli, zəngin və qədim əlyazmalar qorunan kitabxanalara, eyni zamanda , beynəlxalq mədəni tədbirlərin keçirilməsi üçün müvafiq mədəniyyət potensialına və zəngin tarixi keçmişə malik olmalıdır. Bakı  həmin tələblərə  tam  cavab verdiyindən bu missiya ona da həvalə ­olunmuşdur.

Açılış tədbirində İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri qeyd edib ki, şəhərimiz mədəniyyətlər və sivilizasiyalar arasında dialoq, birgə yaşayış və həmrəylik şəhərinə, eləcə də incəsənət, elm və mədəniyyət qovşağına çevrilib.  Bununla bağlı ilboyu Bakıda keçirilən tədbirlər Azərbaycan mədəniyyətinin İslam ölkələrinə tanıdılması baxımından  çox əhəmiyyətlidir.

Azərbaycan tarixən İslama bağlı olan şairlər, elm xadimləri, filosoflar, mütəfəkkirlər, sənətkarlar yetişdirib. Bundan başqa, Azərbaycan müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi ilə seçilib. Bu, Azərbaycanı mədəniyyətlərin, sivilizasiyaların, sənətlərin və çoxmilli ədəbiyyat ənənələrinin birləşmə nöqtəsinə, sözün həqiqi mənasında, yanaşı yaşama və mədəniyyətlərarası dialoq mərkəzinə çevirib.

Azərbaycan zəngin mədəniyyəti, mənəvi dəyərləri, şanlı tarixi olan müstəqil dövlətdir.  Dövlətimiz  İslami  dəyərlərə hər zaman yüksək əhəmiyyət verir.

Məlumdur ki, bəşər mədəniyyətinə əhəmiyyətli töhfələr bəxş edən İslam mədəniyyəti getdikcə inkişaf edir, təkmilləşir. İSESCO üzvü olan İslam ölkələri bu gün öz mədəniyyətlərinin bir-birinə yaxınlaşması, inkişafı üçün əhəmiyyətli layihələr  reallaşdırır.

Azərbaycan  İslam sivilizasiyasının keçmişi, bu günü və sabahını bir ahəngdə birləşdirir, xalqlar və insanlar arasında  anlaşma və birgəyaşamanın əsasını təşkil edən qarşılıqlı əlaqə və zənginləşməni  təmin edir.

Ölkəmizdə  tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir. İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu dövlətlərin həmrəyliyini aktual məsələyə çevirir. ­Prezident İlham Əliyevin  2017-ci  ilin Azərbaycanda “İslam Həmrəyliyi  ili”  elan  olunması  ilə bağlı sərəncamı da ölkəmizin  İslam həmrəyliyinə töhfə vermək əzmini nümayiş etdirir.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında