Xalqımız onu dünyada tanıdan və ucaldan zəkalı, təmkinli, müdrik oğul və qızları, görkəmli alim və mütəxəssisləri ilə daim fəxr edib. Azərbaycana belə fəxarət və başucalığı gətirən övladlarından biri də özünün vüqarı və qüruru, peşə xidməti və gündəlik fəaliyyəti, dərin elmi biliyi və fitri istedadı ilə fərqlənərək, dünya şöhrəti qazanan, əbədiyaşarlıq rəmzinə çevrilən, akademik Zərifə Əziz qızı Əliyevadır. Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 94, əbədiyyətə qovuşmasının 32-ci ildönümüdür. Lakin görkəmli alimin 62 illik parlaq ömür yolu bu təqvim çərçivəsinə sığmayaraq xeyirxah əməlləri sayəsində ölməzlik qazanmışdır.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gələndə, hələ erməni vandalizminin onun ailəsinin başına hansı məhrumiyyətləri gətirdiyindən xəbərsiz idi. Lakin Zərifə xanımın dünyaya gəlişi ailə üçün düşərli oldu. Belə ki, həmin ilin may ayında atası – görkəmli dövlət və elm xadimi, Azərbaycan Respublikasının Əməkdar həkimi, professor Əziz Məmmədkərim oğlu Əliyev ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçdü. Bundan sonra son dərəcə zəhmətsevər, alicənab və kübarlığı ilə seçilən bu ailənin xalq, vətən üçün yaşanan zəngin ömür yolu, xatirələrlə dolu Bakı həyatı başlandı.
Bununla da gələcəyin görkəmli alimi, məşhur həkim-oftalmoloqu Zərifə xanım Əliyeva parlaq yaradıcılığının əsas hissəsini Bakıda keçirmiş, müəyyən bir hissəsini isə Moskvada yaşayıb-yaratmışdır. Orta məktəbi 1942-ci ildə Bakıda əla qiymətlərlə bitirən Z.Əliyeva atasının yolu ilə gedərək, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1947-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək tibbin ən maraqlı, eyni zamanda, ən çətin sahələrindən sayılan həkim-oftalmoloq ixtisasını seçən Zərifə xanım Əliyeva diplomdansonrakı təhsilini davam etdirmək məqsədilə Moskvadakı Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ikiillik ixtisaslaşma kursu keçib. Bundan sonra yetkin mütəxəssis kimi Vətənə qayıdan gənc mütəxəssis ilk əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində ilk əmək fəaliyyətinə başlayıb.
Onun ölkə səhiyyəsində nəzər-diqqətini ən çox cəlb edən sahələrdən biri traxoma xəstəliyinə düçar olmuş xəstələrin gözlərinə nur vermək istəyi olub. Traxoma xəstəliyi müharibədən sonrakı illərdə ölkədə ən çox yayılmış ağır infeksion göz xəstəliklərindən hesab edilirdi. Çünki bu üzücü xəstəlikdən əziyyət çəkən xəstələr tədricən görmə qabiliyyətini itirir, əlilliyə düçar olur, uzunmüddətli yataq xəstələrinə çevrilir, faydalı əməkdən kənarda qalırdılar. Böyük həvəslə, daxildən gələn entuziazmla həkimlik fəaliyyətinə başlayan Zərifə Əliyeva istedadının gücünə, daxili aləminin səliqə-sahmanına arxalanaraq, bu yolda mövcud olan heç bir çətinlikdən çəkinmədi, cəsarətlə Azərbaycanın traxoma xəstəliyi ocaqları aşkar edilən bütün rayonlarına gedərək, bu dəhşətli göz xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə geniş tədbirlər planı hazırladı. Onun ölkə daxilində ardıcıl olaraq planlı şəkildə apardığı uzunmüddətli müalicə-profilaktika tədbirləri, traxoma əleyhinə tətbiq etdiyi orijinal üsullar sonda öz bəhrəsini verdi. Bununla da fədakar mütəxəssisin həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər sayəsində Azərbaycanda traxoma kimi ağır xəstəliyin epidemiya şəklində yayılmasının qarşısı alındı.
Şəfqətli həkimin ölkə əhalisinin sağlamlığının etibarlı şəkildə qorunması naminə həyata keçirdiyi genişmiqyaslı diaqnostika, müalicə-profilaktika, reabilitasiya işləri onun namizədlik dissertasiyasının elmi istiqamətini və əsas məzmununu təşkil etdi. Nəhayət, Zərifə xanım Əliyeva yerinə yetirdiyi elmi-tədqiqat işlərini yekunlaşdıraraq, 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda dissertasiya müdafiə etdi və tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görüldü. Gənc alim bu yolla hələ müharibədən əvvəl atasının traxoma və digər infeksion xəstəliklərin ləğvi istiqamətində başladığı xeyirxah işləridə tamamladı. Bununla da o, Azərbaycanda traxoma xəstəliyi epidemiyasının qarşısının alınması məsələsini birdəfəlik həll etmiş oldu. Bu, alim, həkim və mütəxəssis üçün öz xalqı qarşısında mükəmməl olaraq yerinə yetirilən ən böyük şərəf işi idi.
Zərifə xanım Əliyeva 1960-1967-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb və elmi-tədqiqat işlərini yeni istiqamətdə davam etdirib. Gənc mütəxəssis, eyni zamanda, həmin institutda oftalmologiya elminin bütün sahələrinin inkişafına yaxından kömək göstərir, gənc kadrların hazırlanmasına qayğı ilə yanaşırdı.
1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında işə qəbul edilən Zərifə xanım burada həmin vaxtdan etibarən elmi-tədqiqat aparmaqla yanaşı, pedaqoji işlə də yaxından məşğul olmağa başladı.
Onun elmi və pedaqoji fəaliyyəti bir-birinə paralel istiqamətdə gedir, biri-digərini tamamlayırdı. Görkəmli alim rəsmi sənədlərə görə tədris işləri ilə 1967-ci ildən etibarən məşğul olmağa başlasa da, o, həmin tarixə qədər də bir pedaqoq kimi püxtələşmişdi. Pedaqoqluq məharəti, təlim-tərbiyə məsələləri, maariflənmə, eləcə də maarifləndirəbilmə məfkurələri, yüksək və dolğun potensiala malikolma xəzinəsi Zərifə Əliyeva kimi alimin yaradıcılığının daimi müşayiətçiləri olubdur. Bununla belə, Zərifə xanım Əliyevanın Əziz Əliyev adına ADHTİ-nin göz xəstəlikləri kafedrasında işə başlaması onun qarşısında yeni üfüqlər açdı və o, çeşidli planlar diapazonu spektrlərini daha da genişləndirdi.
Bir tərəfdən, uzun illər atasının rəhbərliyi ilə fəaliyyət göstərən, sonra isə onun adını daşıyan institutda işləmək məsuliyyəti, digər tərəfdən, 20 il öncə onun özünün ilk addımlarını atdığı Moskvadakı Elmi-Tədqiqat Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna bənzər bir institutda – Bakıdakı Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ilk addımlarını atmağa başlayan gənclərin diplomdansonrakı təhsili ilə məşğul olması tükənməz enerjiyə malik alimdən ikiqat güc və qüvvə, ən başlıcası da böyük məsuliyyət tələb edirdi. Təbii ki, həddən artıq dərəcədə məsuliyyətli olmaq duyğusu, təşkilatçılıq bacarığı da Zərifə xanım Əliyevada kifayət qədər yüksək idi. Ona görə də o, yeni işinin də öhdəsindən bacarıqla gələ bildi. Onun ADHTİ-nin göz xəstəlikləri kafedrasında keçən hər mühazirəsi, hər təcrübə dərsi böyük maraqla dinlənilirdi.
Keçən əsrin 60-cı illəri mənimlə bir qrupda təhsil alan tələbələrin yaddaşına əbədi həkk olunub. O vaxtlar biz akademik Zərifə Əliyeva fenomeninin, virtuoz həkimlik sənətinin canlı şahidləri olmuşduq. O dövrün yaddaşımda daimi yer tutan ən kədərli hadisələrindən biri 1962-ci ilin iyul ayında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin qəflətən dünyasını dəyişməsi xəbəri olmuşdusa, digər hadisə nikbinliklə xatırlanan və xoş əhval-ruhiyyə ilə yada düşən bir müəllim-tələbə ünsiyyəti vasitəsi idi ki, bu da böyük səhiyyə təşkilatçısı və qurucusu, Əməkdar həkim, professor Əziz Məmmədkərim oğlu Əliyevin göz həkimi peşəsini seçmiş övladları ilə bizim qrupun tələbələrinin arasında yaranan tanışlıq ünsiyyəti idi.
1964-1965-ci tədris ilində qrupumuzda göz xəstəlikləri üzrə təcrübə dərslərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının dosenti, tibb elmləri namizədi Ləzifə Əziz qızı Əliyeva aparırdı. O vaxtlar ATİ-nin göz xəstəlikləri kafedrasının məşğələləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun bazasında aparılırdı və bu baza indiki İncəsənət Muzeyinin və Dövlət Filarmoniyasının yaxınlığında yerləşirdi. Ləzifə xanım dərs deməklə yanaşı, həm də bizimlə çox mehriban rəftarı ilə seçilirdi. O, bizi tez-tez palatalara aparır, əyani olaraq xəstələri nümayiş etdirirdi.
Bizim ən çox təcrübə məşğələsi keçdiyimiz palatalardan biri həmin institutda böyük elmi işçi vəzifəsində çalışan Zərifə xanım Əliyevanın palatası olurdu və bizi tez-tez o palataya aparan təbii ki, Ləzifə xanım Əliyeva idi. Elə o vaxtlar öyrəndik ki, Zərifə xanımla Ləzifə xanım bacıdırlar və məşhur alim, dövlət və elm xadimi Əziz Əliyevin övladlarıdırlar. Tələbəlik illərimizin həmin dövrlərini xatırlayaraq, bu günlərimizdə də Ləzifə xanımın ruhu qarşısında baş əyirəm. O, bizə əsl müəllimin nə demək olduğunu anlatmaqla yanaşı, həm də dünya şöhrətli alim Zərifə xanım Əliyevanın xəstələri müayinə və müalicə etmə üsullarının müəyyən ştrixlərini, xəstələrdən anamnez toplama anlarını, xəstəliklərin diferensial diaqnostikasının şərhi və təhlilini görməyimizə, eşitməyimizə, dərk etməyimizə münasib imkanlar yaratmışdı. Biz sonralar başa düşdük ki, Ləzifə xanımın köməyi və vasitəçiliyi ilə o vaxtlar dünyanın ən məşhur oftalmoloqlarından birini – akademik Zərifə xanım Əliyevanı lap yaxından görmüş, onun səsini eşitmiş, onunla tələbə-müəllim ünsiyyətində ola bilmişik. Tələbə üçün bu böyük xoşbəxtlikdir və belə xoşbəxtliyin əsl duyumu, təbii ki, dərhal yox, illər ötdükdən, yaşa dolduqdan sonra daha aydın şəkildə dərk olunur.
Mən hesab edirəm ki, 60-cı illərin xatirimdə qalan müqəddəs izləri bu gün dahi alimin möhtəşəm həyat və yaradıcılığı haqqında saf duyğularımı bildirmək riskinə imkan verdi. Həkim-oftalmoloq olmasam da, bizim qrupun bütün tələbələri kimi, mən də özümü dünya şöhrətli alimin mənəvi tələbəsi hesab edirəm. Onun həkimlik deontologiyasına həsr etdiyi “Yüksək etimad” kitabının təsiri altında boy atıb böyümüş minlərlə tibb işçisi kimi biz də həmin kitabın deontoloji təsir qüvvəsini öz mənəvi aləmimizdə dərindən hiss etmişdik və bu kitabın ecazkar məziyyətləri indi də əlimizdən tutur, bizə həkimliyin düzgün, rəvan yollarını göstərir.
Akademik Z. Əliyeva irsinin, onun alim böyüklüyünün, müəllim qayğıkeşliyinin, həkimliyin etik normaları təcəssümçülüyünün pərəstişkarlarının sırasının XXI əsrdə daha da artması hamımızda səmimi məmnunluq hissləri oyadır.
Zərifə xanım Əliyeva çoxsahəli və çoxşaxəli göz xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasını ölkə miqyasında yüksək səviyyədə düzgün təşkil etməklə bərabər, həm də müasir tipli laboratoriyalar yaradılmasına, insanların sağlam həyat tərzinin mühafizə olunmasına xüsusi diqqət yetirirdi. Görkəmli alim təkcə Bakı şəhərində deyil, eləcə də ölkəmizin digər şəhərlərində və rayon mərkəzlərində insan orqanizmi üçün zərərli olan bir sıra peşələrin təsirindən yaranan göz xəstəliklərini üzə çıxarır, onların müalicə və profilaktika üsullarını göstərirdi. Akademik Z.Əliyevanın bu istiqamətdə göstərdiyi ən mühüm xidmətlərdən biri də ondan ibarət idi ki, alim peşə amillərinin təsiri nəticəsində törənən göz xəstəliklərini müayinə və müalicə etməklə kifayətlənmirdi. O, orqanizmi tam halda, vahid şəkildə qəbul edərək, peşə patologiyalarının təkcə göz xəstəlikləri ilə məhdudlaşmadığını, onun digər orqanlarda da ciddi dəyişikliklər törətdiyini aşkar edərək, ayrı-ayrı orqanı yox, bütöv orqanizmi müalicə etməyə diqqət yetirir, buna üstünlük verirdi.
Görkəmli alimin bu istiqamətdə yerinə yetirdiyi doktorluq dissertasiyası işi müvəffəqiyyətlə başa çatdıqdan sonra, o, 1976-cı il may ayının 27-də M.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görüldü.
Keçmiş SSRİ-nin paytaxtı Moskva şəhəri də daxil olmaqla, onun ayrı-ayrı respublikalarının oftalmoloq alimləri arasında görmə orqanının peşə patologiyasının öyrənilməsinə dair əsərlər içərisində ən yüksək qiymət, ən böyük dəyər akademik Z.Əliyevanın uzun illər boyunca apardığı sanballı və dərin məzmunlu elmi-tədqiqat işinin nəticələrinə əsaslanan fundamental və orijinal dissertasiya əsərinə verilmişdi. SSRİ miqyasında bu tərtibdə və diapazonda ikinci bir əsər tapmaq mümkün deyildi. Bundan sonra alim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru vəzifəsinə seçildi və onun professor elmi adı təsdiq olundu.
1977-ci ildə görkəmli alim, bacarıqlı təşkilatçı, professor Z.Əliyevanın təşəbbüsü və səyi nəticəsində Bakıda ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyəti plenumunun keçirilməsi ölkəmizdə, yaxşı mənada, geniş rezonansa səbəb oldu və plenum xoş əhval-ruhiyyə ilə öz işini davam etdirdi. Bakıda oftalmologiya sahəsi üzrə ilk dəfə təşkil edilən ümumittifaq miqyaslı belə bir elmi forum Azərbaycanda oftalmologiya elminin inkişafına və alimlər arasında inteqrativ elmi əlaqələrin möhkəmləndirilməsinə əlverişli zəmin yaratdı. Plenumda, həmçinin Zərifə xanım Əliyeva Azərbaycanda gözün peşə patologiyasının tədqiqi üzrə elmi-tədqiqat laboratoriyasının yaradılması təklifini irəli sürdü və plenumun bütün iştirakçıları bu təklifə tərəfdar oldular. Akademik Z.Əliyeva 1979-cu ildə Bakı məişət kondisionerləri zavodu nəzdində Azərbaycan Elmlər Akademiyasının Elmi-Tədqiqat Fiziologiya İnstitutu nəzdindəki “Görmə orqanının fiziologiyası və peşə patologiyası” adlı laboratoriyanın həm təşkilatçısı, həm də rəhbəri oldu.
Alimin görmə orqanının peşə patologiyaları ilə əlaqədar apardığı tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiayası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” adlı monoqrafiyalarda ətraflı şərh olunubdur.
Azərbaycanın dünya şöhrətli alimi, akademik Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası üzrə yerinə yetirdiyi qlobal işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ. Averbax mükafatına layiq görülmüşdür. Azərbaycan aliminin keçmiş Sovet İttifaqında akademik M.İ. Averbax mükafatına layiq görülən ilk qadın oftalmoloq-alim olması Azərbaycan elmini şərəfləndirən və ona ucalıq gətirən ən dəyərli hadisələrdən olmuşdur.
Zərifə xanım Əliyevanın 1982-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri vəzifəsinə seçilməsi göz xəstəlikləri fənninin diplomdansonrakı tədrisinin yeni layihələr əsasında beynəlxalq standartlara müvafiq səviyyədə aparılmasına geniş imkanlar yaratdı. O vaxtlar keçmiş SSRİ-nin əksər respublikalarından gənc həkimlər bu kafedrada təkmilləşmə kursu keçməyə gəlir və burada əldə etdikləri təcrübi vərdişlərdən məmnun qaldıqlarını minnətdarlıq və təşəkkür hissləri ilə söyləyirdilər.
Zərifə xanım Əliyeva oftalmologiya sahəsi üzrə dünya elminə verdiyi dəyərli töhfələrə, yüksəkixtisaslı tibb kadrlarının yetişdirilməsi yolunda göstərdiyi misilsiz xidmətlərinə görə 1983-cü ildə ölkəmizdə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk oftalmoloq-alim olmuşdur.
İnamla demək olar ki, akademik Z.Əliyevanın elmi-tədqiqat işləri oftalmologiyanın bütün sahələrini əhatə edir. Alimin “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Gözün əlaqədar dəyişiklikləri və görmə-sinir yolları”, “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi”, “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” və digər kitabları onun geniş spektrli yaradıcılığının rəngarənglik çalarlarını təsdiqləyir. Bu kitablar bütün dövrlər üçün yazılmış kitablardır və onlar öz aktuallığını heç vaxt itirmir.
Akademik Zərifə Əliyeva görkəmli ictimai xadim kimi keçmiş Sovet İttifaqının Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini vəzifələrini böyük məsuliyyətlə yerinə yetirmişdir. O, beynəlxalq aləmdə Azərbaycanın sülhsevər ölkə kimi tanıdılmasında mühüm rol oynayır, tərəqqipərvər insanları Yer kürəsinin bütün nöqtələrində sülhün bərqərar olmasına səsləyirdi. Görkəmli alim, Azərbaycan Respublikası “Bilik” Cəmiyyətinin, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çap olunan “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub.
Akademik Z.Əliyevanın yerinə yetirdiyi elmi-tədqiqat işləri, yazdığı fundamental əsərləri, yetişdirdiyi çoxsaylı elmlər doktoru və elmlər namizədləri, yüksəkixtisaslı tibb kadrları onun əbədiyaşarlığının təminatçılarıdırlar.
Alim haqqında cild-cild əsərlərin, məqalə və xatirələrin, müxtəlif aspektli kitabların yazılması ona olan el məhəbbətinin sevgi dolu təcəssümünün nümunələrindəndir. Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin nümayəndələri də bu baxımdan akademik Zərifə Əliyeva haqqında çoxsaylı xatirələr söyləyib, məqalələr çap etdiriblər. Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının əməkdaşları özlərini akademik Z.Əliyeva elmi məktəbinin yetirmələri və davamçıları hesab edirlər. Azərbaycan Tibb Universitetinin rəhbərliyi bu ali tibb təhsili ocağının unudulmaz məzunu, akademik Z.Əliyevanın yubileylərini daim yüksək səviyyədə qeyd edir, onun xatirəsinə həsr olunmuş elmi-praktik konfranslar keçirir və onun materiallarını nəfis şəkildə çap etdirir. Ölkəmizin akademik Zərifə Əliyevanın adı ilə bağlı olan digər səhiyyə müəssisələrində olduğu kimi, ATU-nun da tədris binalarında, kitabxanasında alimin həyat və yaradıcılığını əks etdirən foto-stendlər, foto-guşələr yaradılmışdır.
2016-cı il aprel ayının 26-da Azərbaycan Tibb Universitetinin inzibati binasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü geniş qeyd edilmişdi və Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli akademik Z.Əliyevanın zəngin yaradıcılıq irsinin və mənalı ömür yolunun ayrı-ayrı mərhələlərindən danışaraq, görkəmli oftalmoloq, Azərbaycan Tibb Universitetinin dünya şöhrətli məzunu haqqında səmimi ürək sözlərini söyləmişdi. Cari il aprel ayının sonlarına yaxın Azərbaycan Tibb Universitetində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş yubileyönü tədbir keçiriləcəyi planlaşdırılıb.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1985-ci il aprelin 15-də yayılan acı xəbər hamını sarsıtdı. Lakin bu gündə hamı nikbinliklə deyir ki, Zərifə xanım Əliyeva qələmə aldığı öz orijinal monoqrafiyalarında, monumental kitablarında, çoxsaylı elmi və elmi-kütləvi əsərlərində, ən əsası da hələ sağlığında el məhəbbəti qazandığı, özünün heykəlini ucaltdığı insanların qəlbində daim yaşayır və yaşayacaqdır. Akademik Zərifə Əliyeva irsi həm bu günümüz, həm də gələcəyimiz üçün tükənməz, təkrarsız bir örnəkdir.
Mübariz ALLAHVERDİYEV, ATU-nun insan anatomiyası kafedrasının professoru,
Əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.